525.Az

Azərbaycan istehsal etdiyi əl pulemyotunu ilk dəfə beynəlxalq müdafiə sərgisində nümayiş etdirəcək


 

Azərbaycan istehsal etdiyi əl pulemyotunu ilk dəfə beynəlxalq müdafiə sərgisində nümayiş etdirəcək<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyi (MSN) mayın 7-dən 10-dək İstanbulda keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində yerli müəssisələrdə istehsal edilmiş müxtəlif silahlarla yanaşı, iki fərqli modeldə əl pulemyotunu nümayiş etdirəcək.

MSN-dən APA-ya verilən məlumata görə, bunlardan biri hazırda Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alan UP-7.62, digəri isə yerli mühəndislər tərəfindən ötən il yaradılmış, hazırda test mərhələsində olan HP-7.62 pulemyotlarıdır. UP-7.62 pulemyotu ilk dəfə 2011-ci ilin may ayında İDEF sərgisində nümayiş etdirilib. HP-7.62 pulemyotu isə beynəlxalq hərbi sərgiyə ilk dəfə çıxarılır.
 
7.62x54 mm çaplı UP-7.62 (Universal Pulemyot) ümumqoşun istifadəsi üçün hazırlanıb. Keçmiş SSRİ istehsalı olan «Kalaşnikov» pulemyotunun (PK) müasirləşdirilmiş formasıdır. Bu pulemyot 100 və 200 patron tutumlu sandıqçaya malikdir, optik görüş sistemləri yerləşdirmək üçün xüsusi relslə təchiz olunub. Dəqiqədə 650 atış imkanına malik UP-nin çəkisi 7,5 kq-dır. Optik nişangahın köməyi ilə 1500 metr məsafədə hədəfləri məhv etmək mümkündür.
 
Yerli mühəndislər tərəfindən yaradılmış 7,62x54 mm çaplı HP (Hücum Pulemyotu) xüsusi təyinatlı qüvvələr və kəşfiyyatçılar üçün nəzərdə tutulur. Xarici dizaynına görə ordunun silahlanmasındakı mövcud «Kalaşnikov» pulemyotlarından tamamilə fərqlənir. Pulemyotun lüləsi nisbətən qısadır. Lülə qutusu qapağında və yanlardakı Piccatini relsi silahın üzərinə kollimator, lazer tuşlayıcı və digər aksessuarlar əlavə etməyə imkan verir. HP-nin atış məsafəsi 1000 metr, çəkisi 7-kq, uzunluğu 1080 mm-dir.
 
Qeyd edək ki, sərgidə MSN 7.62 mm çaplı “Yalquzaq” snayper tüfəngini də ilk dəfə nümayiş etdirəcək.

 





29.04.2013    çap et  çap et