525.Az

Doktor Alper Demirutku: "Baytar olmaq üçün heyvan sevgisi ilkin şərtdir"


 

Doktor Alper Demirutku: "Baytar olmaq üçün heyvan sevgisi ilkin şərtdir"<b style="color:red"></b>

İtimiz Darçının qulaq ağrısı səbəbiylə İstanbul Universiteti Baytarlıq fakültəsi Cərrahiyyə şöbəsinin binasına girəndə özümüzü fərqli aləmdə hiss etdik. Bir neçə xəstə it və pişik sanki xəstəliyinin fərqindəymiş kimi səs çıxarmadan sahibinin ayağı altında sakit oturaraq ətrafa göz qoyur, səbirlə gözləyirdi...

Çəkinərək girdiyimiz cərrahiyyə şöbəsinin tədris-təcrübə zalında Darçının da ürək döyüntülərinin bizimki kimi sürətləndiyini hiss etdik.

Həkim Alper Demirutku Darçını müayinə edərkən tələbələr diqqətlə heyvana, qızım, həyat yoldaşım və mən isə Alper həkimə baxırdıq. O, xəstəliyin səbəblərini sadaladıqdan sonra lövhəyə qulağın şəklini çəkərək tətbiq edəcəyi müalicə üsulunu izah etdi və sağalmağın uzun çəkəcəyini bildirdi.

"Pişik və itlərdə Qulaq Xəstəliklərinin Klinik araşdırılması" adlı doktorluq dissertasiyasının müəllifi Alper Demirutkunun işinə hakim, yaxşı baytar olduğu dərhal anlaşılırdı.

Tətbiq etdiyi müalicə üsuluyla itimiz sağlığına qovuşdu, biz də sahibi kimi iti yoxlatmağa gedəndə həkimdən maraqlı bilgilər aldıq. Doktor Alper Demirutku həm müəllim, həm baytar, həm də apardığı araşdırmalarla elmə öz töhfələrini verən insanlardandır.

- Baytarlıq fərqli sənətdir. Gərək əvvəlcə heyvanları sevib, onların psixologiyasını anlayasan. Baytar olmağa necə qərar verdiniz?

- Uşaqlığımdan bəri heyvanlara sevgiylə, qayğıyla yanaşmışam. Sizinlə bir xatirəmi bölüşüm. Hələ ibtidai məktəbə də getmirdim. Atamla gəzintiyə çıxmışdıq. Atam o günü təsvir edərək deyir: "Bir də ayıldım ki, yanımda yoxsan. Elə bil başımdan qaynar su tökdülər. Nə görsəm yaxşıdır? On beş-iyirmi addım o tərəfdə bir itin dilindən tutub çəkirsən. İt də ağzını açıq saxlamışdı, çünki ağzını yumsa əlini dişləyə bilərdi. Nə qışqıra, nə də yanına gələ bilir, it məndən qorxub səni tutar deyə çəkinirdim. Gözləməkdən başqa heç nə edə bilmirdim. "Oğlum" deyə astadan çağırdım. Yalnız onda yanıma gəldin".

Heyvanları həmişə sevmişəm və bu, baytar olmaq üçün ilkin şərtdir. Əslində isə müəllim olmaq istəyirdim. Zaman keçdikcə müəllim olmaq istəyimə həkimlik də əlavə olundu. Sonra "necə həm müəllim, həm həkim olmaq mümkündür" deyə düşündüm və həkim olub universitetdə akademik təhsil almaq qərarına gəldim. İmtahanlar ərəfəsində tibb, stomatoloq və baytarlıq seçimləri arasında qaldım, üçü də mənim üçün eyni dəyərə sahib idi. Baytarlıq fakültəsinə daxil oldum. İndiki fikrimi öyrənmək istəsəniz, sənətimdən məmnun olduğumu deyə bilərəm. Çünki dərdini anlada bilməyən heyvanların həkimi olmaq bir az pediatriyaya bənzəyir. Bizdə başqa nələrsə də var. Əslində dərdini anlatmayan deyil, dərdini danışmadan başa salan heyvanlarla münasibət qururuq. İstənilən işin çətinliyi var, bizdə də belədir. Elə gün olur, çox əsəbiləşirəm. Amma işimin üstündə olanda geri çəkilmərəm.

Tələbəykən fakültəyə ilk gələndə cərrahiyyəni istəyirdim. Tənəffüslərdə, tətillərdə buralara gəlib-gedərək vaxtımı poliklinikada keçirirdim. "Sabah-birisigün həkimliyə başlayanda nə edəcəm" deyə yalnız uzaqdan izləyirdim. Bir gün mən bu düşüncələrdə olarkən müəllimimiz poliklinikada qulaq təmizləyirdi. Qulağının içinin çox pis olduğunu gördüm. O an öz-özümə dedim ki, cərrah olacaqsan, amma qulaq çirki təmizləyəcəksən. Heç ağlım kəsən iş deyildi. "Böyük tikə ye, böyük danışma" deyiblər, öz yolumu özüm seçdim, buna kimsə məni məcbur etmədi. Əksinə, ilk doktorluq məruzəçim göz xəstəlikləri mütəxəssisi idi. Mənə də bunu məsləhət gördü. Amma qulaqla işləmək istədiyimi anladı və sağ olsun, onda mənə dəstək verdi. O vaxtlar bizdə qulaqla əlaqəli bir mütəxəssis yox idi və gördüm ki, burada elmi boşluq var. Bu boşluğu doldurmaq, əskiyi tamamlamaq üçün qulaq xəstəlikləri sahəsi üzrə ixtisaslaşdım.

2002-ci ilin oktyabr ayından 2007-ci ilin mart ayına kimi qulaq ağrıları səbəbiylə Cərrahiyyə Elm şöbəsi Klinikasına gətirilən 279 it və 35 pişik üzərində həkimlik edərkən əsasən Sent Bernard, Dalmation ve Labradorla bağlı mənbələrə baxdıq, çünki ilk itimiz Sent Bernard idi. Qardaşımın Dalmationu və indi sizinlə tanışlığımızın vasitəçisi olan Labrador cinsindən Darçınımız vardı.

- Qulaq iltihabının yaşla əlaqəsi varmı? Yaş ötdükcə yaxşılaşma çətinləşirmi?

- Qulaq iltihabının ağır və ya xroniki olması yaşa görə fəqlənir. Bir az yaşlı itlərdə rast gəldiyimiz xronik iltihablar problemini dərmanlarla müəlicə edə bilmirik. Belə hallarda operativ müalicə tətbiq etməli oluruq.

İtlərdə qulaq tiplərinə görə, dik və salxaq qulaq, tüklü və tüksüz qulaq, böyük və kiçik qulaq kimi fərqli qulaq şəkillərinin anatomik quruluşu eynidir. Amma qulaqda yaranan infeksiyalar mövzusunda uzun qulaqlıların - Labrador, Qolden Retriver kimi cinslərin qulaq iltihabına daha həssas olduğu məlumdur. Qulaq iltihabı olan uzunqulaq itlə kiçik qulaq itin müalicə müddətində keçdiyi mərhələlər eynidirmi?

Qulaq iltihabı uzun və salxaq, eləcə də dik qulaqlılarda ola bilər. Məsələn, alman çoban itlərində qulaqlar böyük olsa da, dikdir. Xüsusilə Saint Bernard, Golden Retriver kimi salxaq qulaqlı heyvanlarda və bu mövzuda mübahisəsiz ədəbiyyata düşmüş Cocker Spaniel cinsində qulaq həm salxaqdır, həm də üzərində çoxlu tük var. Bu cinsdə qulaqlar hədsiz dərəcədə və çox uzun tüklə örtülüb, qulaq qanadının ağırlığına görə də aşağı doğru meyllidir. Bu səbəbdən həmin cinsin sahibləri qulaqları şana ilə yuxarıda birləşdirilər ki, hava ala bilsin. Salxaqlıq qulaq kanalına hava girməsinin qarşısını alır. Yetərincə hava almayan qulaq isə rütubətli havalarda mikroorqanizmlərin hücumuna məruz qalır. Uzun və salxaq qulaqlı heyvanların dik qulaqlı heyvanlara nisbətən qulaq iltihabına tutulmaq ehtimalı daha yüksəkdir, müalicə müddəti isə əlbəttə ki,  bir az çətin keçir.

- İtlərin üzməkdən çox xoşu gəldiyini bilirik. Məsələn, dəniz sahilindəki Labradoru sahildə saxlamaq çətindir. Lap əla da üzür. Üzməyin iltihabı şiddətləndirdiyini söyləyə bilərikmi?

- Biz üzməyi müxtəlif cür öyrənirik. İdmandan danışanda da dünyada ən yaxşı gimnastika üzgüçülükdür. Bədənin bütün üzvləri işləyir, bədən ağırlığı yerə vermir. Bu işi suda edir və suyun qaldırma gücündən yararlanır. Buna bənzər hidroterapiya üsulları da var: isti su, soyuq su, buz müalicəsi. Kimsə məndən soruşsa ki, tətildə olarkən itimizə üzməyə imkan verəkmi, cavab verərəm, əlbəttə. Amma burada bir həqiqət də var ki, əgər üzmək diqqətsiz tərzdə baş verərsə, qulaq ağrılarının şiddətlənməsinə səbəb ola bilər. Bu da dənizlərimizin bəzi yerlərinin tam təmiz olmaması ilə əlaqəlidir, xüsusilə çirkli sular çox risklidir. İkincisi, qulaq quyu kimi qapalı qutudur və çöl qulaq kanalı əslində həmişə yerin cazibə qüvvəsiylə mübarizə aparır, yəni, iltihabı cazibə qüvvəsinin köməyilə ifraz edə bilmir. Qulaq xaricdən toplanmış şeyləri epitelyar ifraz sistemilə çölə atır. Üzərkən çöl qulaq kanalına daxil olan su tərkibindəki mikroorqanizmləri ora yerləşdirir və asanlıqla iltihaba səbəb ola bilir. Bu halda nə edə bilərik? Dənizdən çıxandan sonra itin qulağını qurulamaq gərəkdir. Üzmədən qabaq qulağına pambıq tıxa bilərikmi? Olar əlbəttə, amma it bundan narahat olacaq və başını aşağı əyib pambığı çölə atacaq. Alternatv kimi qulaq çubuğunu da istifadə edə bilərik, çox da dərinə salmada qulağın içini təmizləmək yaxşı olardı.

- İtin çəmənlikdə oynaması qulaqları üçün hansısa təhlükə yaradarmı?

- Xeyr, itin çəmənlikdə oynamasında bir müşkülümüz yoxdur, amma otlaq ərazilər bir az problem yarada bilər. Çəmənlik adatən baxımlı və yumşaq olur, otlar çox uzun olmur, bu da qulaqlara hansısa təhlükə yarada bilmir. Amma otlaq ərazilərdə xalq arasında pişpişə dediyimiz otun üçkünc sünbülləri olur, onlar asanlıqla bir-birindən ayrılıb qulağa və ya bədənin başqa yerinə girə bilir. Bu otların bir xüsusiyyəti var: üçkünc olduğuna görə kanalın içinə elə girər ki, çıxa bilməz. Ona görə də otlaq ərazidə bir az diqqətli olmaq lazımdır.

- "İtlərdə Aurikulyar hematomun müalicəsinə yeni yanaşma" təqdim etməyinizə görə 2012-ci ildə XIII Beynəlxalq Baytarlıq Cərrahiyyə Konqresində mükafata layiq görüldünüz. Otuz fərqli cins, yaş və cinsiyyətdən olan itlər üzərində etdiyiniz bu işlərdə aurikulyar hematoma yoluxan heyvanları özünəməxsus müəlicə üsulu ilə sağaldarkən baytarlıq klinik təcrübəsinə də töhfələr vermiş oldunuz. Müalicə üsulunuzdan bizi də məlumatlandıra bilərsinizmi?

- Aurikulyar hematomuna qısa şərh verim: bu, qulaq cəbhəsində adi olmayan qan toplanmasıdır; bədənin immunitet sisteminin öz əleyhinə işləyərək qulaq cəbhəsindəki kapilyar damarların partlaması nəticəsində baş verir. Qulaq cəbhəsi hematomuna həm müxtəlif dərman istifadələri, həm də operativ müalicə üsulları illərdir tətbiq edilir. Bir gün qəbul etdiyimiz bir xəstə həddindən artıq vəhşi idi və təəssüf ki, müalicəmizi həyata keçirə bilmədik. Həkim yoldaşımın məsləhətiylə yalnız yüksək dozalı kortizon iynə vura bildik. Klassik məsəl var: elm təsadüflərdən yaranır. Həmin heyvan təxminən bir həftə - on gün sonra yenə gəldi, daha narahatçılığı qalmamışdı. Bu necə oldu? Heyvana əlimizi də vura bilməmişdik, hansısa müalicədən də söhbət gedə bilməzdi, sadəcə bir iynə vurmuşduq. Bu faktı fərziyyə kimi götürüb elmi işə çevirə biləcəyimizi düşündük, çünki təcrübi sübüt əldə etmişdik. Beləliklə, bu metodu ilk olaraq otuz it üzərində həyata keçirdim və əlbəttə ki, bu, xeyli zamanımı aldı. İndiyə bəlkə də yüzdən çox belə təcrübəm olub. İnşallah, bu təcrübəmiz yaxın zamanlarda bir beynəlxalq dərgidə çap olunacaq. Bir həftə məsafəylə immunsupressiv dozada kortizon tətbiq edərək otuz itin hamısında uğur əldə etdik. Baxın, tibdə nəsə 100 faiz deyil, amma otuzun hamısında oldu, cəmi bir məqamda residiv yaşandı, o da ikinci müalicə ilə tamam düzəldi. Beləcə, biz dünyada ilk dəfə dərmanın köməyilə qulaq cəbhəsinin hematomunu müalicə etdik. Mükafatdan çox bu zəhmətimizin dəyərləndirilməsi mənim üçün önəmlidir.

Baytarlıq klinik təcrübəsinə töhfələr vermək... Bunu lap əla dediniz. Biz tətbiq edən bir elm qurumuyuq. Həmişə düşünmüşəm ki, klinik təcrübəyə töhfələr vermək bizim üçün çox önəmlidir. Əldə etdiyimiz elmi nailiyyətlər gərək könül rahatlığı ilə təcrübəçilər tərəfindən istifadə edilə bilsin. Xəbərim var ki, buradan kənarda da çox klinika bu müalicə üsulunu bilərək tətbiq edir və uğur qazanır.

Alper Demirutkunun yalnız baytarlıqla deyil, eyni zamanda, idmanda uğur əldə etdiyini, yaponca danışmaq yarışmasında birinci olub Yaponiyaya dəvət edildiyini, Aykido Tədris Qurumunun üzvü olduğunu öyrəndik.

Ölkəmizin belə dəyərli araşdırmaçı, baytar, idmançı olmasına baxmayaraq, həlim təbiətli, əhatəsinə qayğı və hörmət göstərən, çox zəhmətkeş bir insanla tanışlığımızdan məmnun olduq.

(Çevirən: Cavid Qədir)

 





05.04.2017    çap et  çap et