525.Az

Deputatlardan telekanallara ciddi irad


 

Deputatlardan telekanallara ciddi irad<b style="color:red"></b>

Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva telekanalları tənqid edib.

Millət vəkili tənqidi fikirlərini üzvü olduğu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

O, bildirib ki, telekanalların öz səviyyəsini artırması lazımdır və vacibdir:

"Düzdür, telekanallarımız öz səviyyələrini yüksəltmək, artırmaq üçün müəyyən addımlar atırlar, ancaq bu işlər istənilən və arzuolunan səviyyədə deyil. Çatışmazlıqlar xeyli çoxdur. Onların öz üzərində işləməsi lazımdır. 

Mən xüsusilə, telekanallarda gedən serialların səviyyəsindən çox narazıyam. Çox zaman da  həmin serialların Azərbaycan milli mentalitetinə cavab vermədiyi özünü aydın şəkildə göstərməkdədir. Belə seriallardansa, tarixi şəxsiyyətlərimizə, qəhrəmanlarımıza aid olan filmlər, seriallar çəkilsəydi, daha məqsədəuyğun olardı.Çünki məhz belə filmlərə və seriallara ehtiyacımız var. Məsələn, Ağa Məhəmməd Şah Qacar haqqında filmin və ya serialın çəkilməsi çox gərəkli olardı. Hesab edirəm ki, telekanallarımız bunları- səslənən təklif və iradları öz fəaliyyətlərində  nəzərə almalıdırlar".

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da telekallarla bağlı narazılığını gizlətməyib. O, ilk öncə deyib ki, kabel şəbəkəsi yayımı sahəsində sui-istifadə halları üzə çıxır və ona görə bu sahə qanunla tənzimlənməlidir. Komitə sədri deyib ki, Azərbaycanda internet azaddır, amma bu, o demək deyil ki, burada sui-istifadə hallarına yol verilməlidir.

R.Hüseynovun sözlərinə görə, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi tez bir zamanda qəbul edilməlidir. "Bu qanun layihəsinə ekspertlər müsbət rəy verib. Qanun 4 fəsil, 17 maddədən ibarətdir. Burada reklamın hüdudları da müəyyənləşdirilib"-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri eyni zamanda, Azərbaycan telekallarındakı vəziyyətin, onların səviyyəsinin heç də qaneedici səviyyədə olmadığını deyib. R. Hüseynovun bildirdiyinə görə, telekanallar ailələrə daxil olur və bəzən onların yayımladığı verilişlər, proqramlar maarifləndirmə rolunu oynamaq əvəzinə, həmin ailələrin dağılmasına gətirib çıxarır: "Ona görə hesab edirəm ki, telekanallar öz efir-proqram siyasətlərinə yenidən baxmalı və burada ciddi dəyişikliklər etməlidirlər".

Kamil HƏMZƏOĞLU

 





06.04.2017    çap et  çap et