525.Az

Cavad Zeynalın şeirləri


 

Cavad Zeynalın <b style="color:red">şeirləri</b>

O mən deyiləm

Dostum Ramazan Əhmədova

Əlim yatmır hər işə,
Hər işin bir dəmi var.
Əl ötürür dən dişə,
Əlimin də kəmi var -
Bu mən o mən deyiləm.

Bir komamdı, bir vədə,
Bu çörəyim, bu suyum.
Gözüm yoxdu heç nədə,
Nə götürüm, nə qoyum -
Bu mən o mən deyiləm.

Şəhər bürkü, istidi,
Çağırır dağlar məni.
Başımdakı tüstüdü,
Kim belə ağlar məni -
Bu mən o mən deyiləm.

Gedirəm, e... gedirəm,
O əvvəlki sayaq yox.
Hara getsəm - bitirəm,
Ürək çəkir, ayaq yox -
Bu mən o mən deyiləm.

Bir gözəl qocalığam,
Gözüm üstə qaş kimi.
Vurun, çıxın - qalığam,
Bitmişəm bir daş kimi -
Bu mən o mən deyiləm.

Şiş qayalar göy sağır,
Bulaq da dərədədi.
Yamaclarda çal-çağır...
Qulaq da dərədədi -
Bu mən o mən deyiləm.

İzim-tozum çöllərin,
Gözə dönüb axıram.
Əsiriyəm illərin,
Elə göyə baxıram,
Bu mən o mən deyiləm.

Əkdiyimdə bəhər çox,
Nübarlar göndərmişəm.
Dost gələndə süfrə yox,
Göy çəməni sərmişəm -
Bu mən o mən deyiləm.

İllər -aşırmaq deyil,
Köləsiyəm, köləsi.
Baxmaq yaşamaq deyil,
Öləsiyəm, öləsi -
Bu mən o mən deyiləm.

12.03.17

Böyük oğul

Bir evin bel sütunu,
Bir evin ürəyidi.
Alnından axan təri
Bir evin çörəyidi
Böyük oğul.

Ucuz sözə qoşulmur,
Az deyir, dərin deyir.
Bir ürəyə toxunmur,
Sözünü sərin deyir
Böyük oğul.

Ağlı kəsməyən işə
Yaxın getmir,yanaşmır.
Nur tökülür üzündən,
Deyirsən bəs danışmır
Böyük oğul.

Çöldən evə  gec  gəlir,
Səhər tezdən oyanır.
Kiçiyə söz deyənin
Qarşısında dayanır
Böyük oğul.

Əlləri qabar-qabar,
Əkdiyini bitirir.
Hara yolu düşürsə
Elə dartır, gətirir
Böyük oğul.

Kişi deyir kiçiyə,
Özündən böyük sayır.
Qonşulara əl tutur,
Qohumlara yarayır
Böyük oğul.

Bir kimsənin malında
Gözü olmaz darıca.
Külfəti çörəkləyib
Yurd qaralar ayrıca
Böyük oğul.

Bir əlsizin qayğısı
Ürəyində yük olur.
Bir evdən pərvazlanıb
Bir elə böyük olur
Böyük oğul.

09.03.17

Çöllərə səpmişəm uşaqlığımı

Seyran Səxavətə

Çöllərə səpmişəm uşaqlığımı,
Həyətə-bacaya sığışmamışam.
Qaynar yaşamışam qaynar çağımı,
Çöllərdən, düzlərdən yığışmamışam.

Dalımca gələnə toz uddurmuşam,
Təpələr qarşımda kiçilibdilər.
Quşlara əlimlə qoz uddurmuşam,
O biri quşlardan seçilibdilər.

Odun daşımışam, ot daşımışam,
Yanımda tay-tuşum qeyrətlənibdir
Uşaq kipriyimdə od daşımışam,
Baxanlar, görənlər heyrətlənibdir.

Çox vədə çöllərdən gəlməmişəm heç,
İtmişəm baharın gül naxışında.
Nə qorxu, nə hürkü bilməmişəm heç,
Kör-kötük yığmışam Ay işığında.

Əliboş qayıtmaq - özümə qınam,
Quzğunlar yanımda qonub qalıbdı.
Belimdə şələmdən qorxubdu anam,
Atam yerindəcə donub qalıbdı.

Dərələr dibindən baxmışam göyə,
Dərə dərinliyi məni sıxıbdı.
Elə darışmışam böyürtkənliyə,
Çörək yeməyim də yaddan çıxıbdı.

Suları axarlı, çəməni bitən,
O çöllər çöl kimi təmizdir mənə.
Mən indi bilirəm o çöllər nədən
Özümdən bu qədər əzizdir mənə.

Qaynar yaşamışam qaynar çağımı,
Haraya yüyürən, yetən olmuşam.
Çöllərə səpmişəm uşaqlığımı,
Çöllərə səpmişəm - Vətən olmuşam.

26.12.2016

Şükür sənə, ilahi!

Yazımı yaxşı yazdın,
Yaxşının naxşı yazdın.
Tanrı baxışı yazdın,
Şükür sənə, ilahi!

Odum var, ocağım var,
Ocaqda bucağım var.
Hamılıq qucağım var,
Şükür sənə, ilahi!

Oğul verdin - od oldu,
Nəvə verdin - dad oldu.
Hər biri də ad oldu,
Şükür sənə, ilahi!

Yığdığımı göl etdin,
Süfrə açdım, çöl etdin.
Bir yaratdın, el etdin,
Şükür sənə, ilahi!

Əllərim əl tutandı,
Əlim haçan utandı?
Bu ki sənin butandı,
Şükür sənə, ilahi!

Bu didimli zamanda
Bu gedimli zamanda,
Qoymursan əl-amanda,
Şükür sənə, ilahi!

Yaşayıram - bu yazın,
Bu baharın, bu yazın.
Sərvətimdi - ən azın,
Şükür sənə, ilahi!

Dən istədim, dən verdin,
Qədərimə tən verdin.
Nə verdinsə sən verdin,
Şükür sənə, ilahi!

Məhlə saldım-genədi,
Məhlə deyil, binədi.
Şükrüm ancaq sənədi,
Şükür sənə, ilahi!
Şükür sənə, ilahi!

18.02.17

Çarıq

Çarıq geyinərdim uşaqlığımda,
Bilməzdim hara daş, hara tikandı.
Toxunma naxışlar qatma -bağında...
Görənlər deyərdi qızqaytarandı.

Həyətə-bacaya sığışmazdım heç,
Elə yüyürərdim, yortardım elə.
Axşamlar evə də yığışmazdım heç,
Səkərdim quş kimi belədən-belə.

İslağa qoyardım axşam düşəndə,
Köşəsi nəmnazik, zərrin olardı.
Yayın ortasında adam bişəndə
Ayağım kölgədən sərin olardı.

Qızların üzündə çiçək bitərdi,
Üzlərdə güllərdən ağlım çaşardı.
Hərəsi bir cürə dil-dil ötərdi,
Hamısı mənimlə butalaşardı.

...İl ilə bağlanıb su kimi axır,
Özü yıxılanı yıxmayır heç kəs.
Qarşıma çıxanlar başıma baxır,
İndi ayağıma baxmayır heç kəs.

Evimdə çəkmələr gəlməyir saya,
Nə ona, nə buna könlüm yatmayır.
Hansına baxıram sayadan saya,
Birini geyməyə heyim çatmayır.

Dinirəm, dilimə gəlir bir deyim:
Yəqin o qızlar da yaşayır hələ.
Elə istəyirəm bir çarıq geyim,
Qorxuram qarılar tökülüb gələ.

08.03.17

Dönmərik

Yetmişdən adlamış yaşıdlarıma

Gədikdən aşmışıq üzü o yana,
Bir də o gədikdən bəri dönmərik.
Min illik yuxudan dağlar oyana,
Dərələr hayqıra - geri dönmərik.

İbrətdən ibrətdi tanrı görkləri,
Əridər şam kimi görkdə bərkləri.
Hələ açılmayıb tanrı dərkləri,
Hələ açılmayıb sirri - dönmərik.

Ah çəkən namərddi, çəkməsin ahı,
Kim görər, götürər ahlı günahı?
Dünyanı kim tutub qalıbdı axı,
Biz də gedənlərin biri -dönmərik.

Gədikdən o yana başqadı aləm,
Ən dərin sükutdu, coşqudu aləm.
Kiminə toy-büsat, kiminə ələm,
Görünür hərənin yeri - dönmərik.

Ucalar kiçilər, kiçik boy atmaz,
Mürgülər nə şirin - kimsə oyatmaz.
Kişilər bir dəfə gedər, qayıtmaz,
Ölüb qayıdarıq, diri dönmərik.

05.03.17

Sevgi zarafatları

Çoxunun gözünü yolda qoymuşam,
Çoxunun qulağı səsdədi elə.
Açan bənövşəni kolda qoymuşam,
Lalələr, nərgizlər bəhsdədi elə.

Belə doğulmuşam, belə, neyləyim,
Mizrabım tez gəlir telə, neyləyim.
Yad ola bilmirəm gülə, neyləyim,
Olanım beləcə üzdədi elə.

Bir ani baxışdan od alıram mən,
Od alan kimi də odlanıram mən.
Odlanan kimi də ad oluram mən,
Neyləyim, məhəbbət gözdədi elə.

Əlimi atıram, əlim gül dərir,
Dərdimi, ağlardan ağlara sərir.
Qapıdan qovuram, bacadan girir,
Baxıram, yenə də bizdədi elə.

09.02.17

Mənim Vaqif imanım

Vaqif Bəhmənliyə zarafatla

Yemişdən çox yazırsan,
Qarpızdan çox yazırsan.
Göy soğanı unudub
Yarpızdan çox yazırsan,
Bir süfrə aç, inanım.

O süfrəyə düz göyü,
Göy yanında duz da qoy.
Göy xiyarı dilimlə,
Dilimi də duzda qoy;
Qoy duz əmsin sözlərim,
Sınandıqca sınanım.

Qulaq asım şerinə,
Şerində ki nəfim var.
Xərcə salım qoy səni,
Görən desin səhvim var,-
Qınandıqca qınanım.

Yığ başına dostları,
Özgəlikdən çıx məni.
Xətrim sənə əzizdi,
İstəyirsən çox məni,-
Məni mənsiz ananım.

Umudu mən çağırım,
Seyrana sən göz elə.
Mən sənə inanıram,
Neyləyirsən tez elə,
Mənim Vaqif imanım.

06.03.17

 





08.04.2017    çap et  çap et