525.Az

Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçirilib


 

Bakıda “Gənc şairələrin beynəlxalq Forumu” keçirilib<b style="color:red"></b>

Aprelin 27-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Muğam Mərkəzində “Gənc şairələrin beynəlxalq Forumu” gerçəkləşdi. Forumda Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şairə iştirak edirdi. Bir sıra ziyalılar, tanınmış şairlər, yazıçılar və mədəniyyət xadimləri bu tədbirə qatılmışdılar. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Forumdan əsas məqsəd müxtəlif ölkələrdə yaşayan istedadlı gənclərin görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdı. Tədbir “Yallı” rəqsi ilə başladı. Daha sonra isə rəsmi çıxışlara yer verildi. İlk öncə yazıçı Günel Anarqızı qonaqları salamladı: “İlk dəfədir ki, Odlar yurdu Azərbaycanda, onun tarixi paytaxtı Bakıda gənc şairələrin beynəlxalq forumu keçirilir. Biz ədəbiyyatçılar üçün bu, çox əlamətdar bir hadisədir. Azərbaycan sürətlə inkişaf edən dövlətlərdən biridir. Burada demək olar ki, hər ay dünyanın ən mötəbər toplantıları, tədbirləri, forumları keçirilir. Təqdirəlayiqdir ki, bu forum da bizim ölkəmizdə təşkil olunub. Azərbaycan xalqı şairqəlbli xalqdır. Hamımız şair olmasaq da, sözə, ədəbiyyata həmişə hörmətimiz və rəğbətimiz var. Ölkəmizin hər yerində böyük sənətkarlarımıza, dahi şair və yazıçılarımıza ucaldılan abidələr dediklərimin ən vacib nümunəsi və göstəricisidir”. Günel Anarqızı çıxışını nənəsi, unudulmaz şairə Nigar Rəfibəylinin şeiri ilə tamamladı.

Daha sonra Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayev Forum haqqında fikirlərini bölüşdü: “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı gənc bir qurumdur. Lakin bir neçə ay ərzində həm Azərbaycanda, həm də digər ölkələrdə bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdı. Gənc şairələrin beynəlxalq forumu bahar ayında baş verən gözəl bir layihədir. Düşünürəm ki, müxtəlif ölkələrdən bu tədbirə qatılan insanlar Azərbaycandan böyük məhəbbətlə öz Vətənlərinə dönəcəklər. Ola bilsin ki, bu layihə təkcə Azərbaycanda yox, həmçinin digər ölkələrdə də mütəmadi olaraq keçirilsin”.

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet” baş redaktoru Rəşad Məcid çıxışında dedi: “Azərbaycan xalqını şair xalq adlandırırlar. Bizim gözəl şairələrimiz olub. Bir neçə aydan sonra Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyini keçirəcəyik. Şeirləri ilə o da bizim sıralarımızdadır. Sonrakı dövrlərdə də Azərbaycanın çoxlu gözəl şairələri olub. Yəqin ki, siz burda olduğunuz vaxtda o şairələrin adlarını eşidəcəksiniz, onların yaradıcılıqları ilə tanış olacaqsınız. Poeziya ruh məsələsidir. Yazmaq ilahi bir işlə məşğul olmaqdır. Bir fransız yazıçısının övladı atasının nəçi olması barədə suala “yazıçıdır” deyə cavab verir. Müəllim isə deyir ki, yalan danışırsan, bütün yazıçılar çoxdan ölüblər. Amma bizim ölməyən yazıçılarımız, klassiklərimiz var. Bu gün gənclərlə birlikdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, canlı klassik Anar iştirak edir. Anar müəllimin bu yaxınlarda yetmiş beş yaşı tamam olub, bu münasibətlə onu təbrik edirəm. O, gənclər üçün bir örnəkdir və yazıçının ölmədiyinə, yazıçının həmişə yaşadığına bir sübutdur. İnanıram ki, bizim gənc şairələrimizin də uzun və məhsuldar yaradıcılıq yolu olacaq. Onlar təkcə öz ölkələrində deyil, başqa ölkələrdə də öz şeirləri ilə uğur qazanacaqlar. Sözümü bizim böyük bir  şairimizin misrası ilə bitirmək istəyirəm: “Yer üzünün son şairi öləndə, Göydən yerə ölü Allah düşəcək”.

Gənclər Fondunun direktoru Fərhad Hacıyev mədəniyyəti hər bir xalqın ən böyük xəzinəsi hesab etdiyini və bu cür mədəni layihələrin davamlı olacağını, Gənclər Fondunun bu işdə yaradıcı gənclərə həmişə dəstək verəcəyini vurğuladı.

Millət vəkili Fuad Muradov Forumun əhəmiyyətindən danışdı: “Beynəlxalq Gənclər İttifaqı bir ilə yaxındır ki, yaranıb. Bizim əsas məqsədimiz həm Azərbaycanı tanıtmaq, həm də Çindən Portuqaliyaya qədər ölkələri burada tanımaqdır. Bu ölkələrdə həyata keçirilən mədəniyyət, idman, sosial və digər məzmunda tədbirlərə dəstək olmaqdır. Bilirsiniz ki, gənc şairələrin beynəlxalq forumu ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Bu gün burda İordaniyanın səfiri, Yunanıstan səfirliyinin nümayəndələri, Yazıçılar Birliyinin sədri Anar, Xalq artisti Fəxrəddin Manafov və digər dəyərli şəxslər iştirak edirlər. Bu işdə bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.

Rəsmi çıxışlardan sonra sənətçi Mehriban Zəkinin ifasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gecə” şeiri əsasında kompozisiya təqdim olundu. Daha sonra Misir, Yunanıstan, Türkiyə, Ukranya, Banqladeş, Qırğızıstan və digər ölkələrin gənc şairələri öz ana dillərində şeirlərini oxudular. İştirakçıların şeirləri həm Azərbaycan dilində, həm də ingiliscə ekranda işıqlandırıldı. Tədbirin ikinci hissəsində Günel Anarqızının, Nigar Həsənzadənin, Solmaz Süleymanlının moderatorluğu ilə “Özünüifadənin müasir vasitələri”, “Gənc şairələrin mədəniyyətlərarası dialoqda rolu”, “Ədəbiyyatda feminizm” kimi mövzularla bağlı müzakirələr təşkil olundu.



 





30.04.2013    çap et  çap et