525.Az

Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişdirilir


 

Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişdirilir<b style="color:red"></b>

Bu tarix həm oktyabrın 15-dən əvvəlki bir neçə günə, həm də oktyabrın 16-dan sonrakı yaxın tarixə təsadüf edə bilər

Azərbaycanda səsvermə günü bayram gününə düşərsə, səsvermə gününün vaxtı dəyişəcək.

525.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Seçki Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə Əmək Məcəlləsinə görə, iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

Layihəni təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişiklik vətəndaşların istirahət hüququn tənzimlənməsinə xidmət edir.

Həmçinin Məcəlləyə əlavə edilən yeni 211.5 maddəsində deyilir ki, "Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır".

Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.

Qeyd edək ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri Qurban Bayramı ilə eyni günə düşür.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabineti 2013-cü ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar qəbul etdiyi qərarına əsasən Azərbaycanda 2013-cü ilin prezident seçkiləri Qurban bayramına təsadüf edir. Qurban bayramının oktyabrın 15-16-sına düşdüyünü nəzərə alsaq, məcəlləyə nəzərdə tutulan dəyişiklik edildikdən sonra prezident seçkisinin hansı günə təyin ediləcəyini söyləmək çətindir.

Maraq üçün deyək ki, 15-16 oktyabr tarixi həftənin ikinci və üçüncü günlərinə düşür. Prezident seçkiləri həm oktyabrın 15-dən əvvəlki bir neçə günə, həm də oktyabrın 16-dan sonrakı yaxın tarixə təsadüf edə bilər.

Bu arada onu da qeyd edək ki, oktyabrın 18-i də Azərbaycanda iş günü olsa da, rəsmi bayram hesab olunur. Belə şəraitdə prezident seçkilərinin ən optimal tarix kimi 17 oktyabr təyin ediləcəyini gözləmək olar. Hər halda bunu MSK müəyyənləşdirəcək.

 





30.04.2013    çap et  çap et