525.Az

Almaniya beynəlxalq aləmin qınaq hədəfində


 

NİYAMƏDDİN ORDUXANLI: “ALMANİYA ÖNCƏ ÖZ DAXİLİNDƏ İNSAN HÜQUQLARININ TAPDANMASININ QARŞISINI ALSIN”

Almaniya beynəlxalq aləmin qınaq hədəfində<b style="color:red"></b>

Almaniyanın Azərbaycanı qınaq hədəfinə çevirməsi, burada insan hüquqlarının vəziyyətinin heç də ürəkaçan olmadığını qeyd etməsi tez-tez müşahidə edilir. Lakin son zamanlar bu dövlətin özünün bu sahədə ciddi qınaq hədəfinə çevirilməsi müxtəlif suallara yol açır. Belə ki, öz ölkəsində insan hüquqlarını təmin edə bilməyən bir dövlət bu sahədə digər dövlətləri necə qınayır?

Məlum olduğu kimi, Cenevrədə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə universal Dövri İcmal Qrupunun işçi iclası keçirilir. Mayın 3-dək davam edəcək iclasda ayrı-ayrı ölkələrin, o cümlədən İnsan Haqları üzrə Şuranın 16/1 qətnaməsinin 5-ci bəndinə uyğun olaraq, Almaniyanın milli hesabatı dinlənilib. Aprelin 25-də Almaniya nümayəndə heyəti ölkədəki insan hüquqları ilə bağlı çıxış edib.

İnsan Haqları üzrə Almaniya Liqasının Köln bölməsinin rəhbəri Harri Murey aprelin 25-i Cenevrədə baş tutan BMT-ın insan haqları üzrə Şurasının iclasında Almaniya ilə bağlı səsləndirilən ittihamlardan yazıb. BMT üzvü olan 100-ə yaxın ölkənin nümayəndələri qarşısında çıxış edən Almaniya hökumətinin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Markus Lyoninq bütün sahələrdə uğur əldə edən AFR hökumətinin öz ölkəsində insan haqlarına necə riayiət etməsindən danışıb: “Alman nümayəndələri üçün apelin 25-i həqiqətən də “qara cümə axşamı” oldu. 97 ölkənin nümayəndələri alman nümayəndələrini nəinki narahat olmağa, eyni zamanda həyatlarının ən pis 3,5 saatını yaşamağa məcbur etdilər. Lakin BMT Şurasının iclasında Almaniyada insan haqlarının həqiqi döyüşçüsü kimi özünü Türkiyə təmsilçisi Oğuz Dəmiralp göstərdi. O, çıxışında bildirib ki, əcnəbilərə qarşı düşmənçilik münasibətinin artması Almaniyada yaşayan 3 milyon türk üçün ciddi təhlükə yaradır. Türkiyə respublikası gözləyir ki, AFR sağ ekstremist qruplaşmalarla mübarizəni kardinal şəkildə gücləndirəcək”.

Markus Lyoninq isə Türkiyə təmsilçisinin çıxışına münasibət bildirərək qeyd edib ki, Almaniya əlindən gələn hər şeyi edəcək ki, nasistlər tərəfindən təşkil edilən qətllər bir daha heç vaxt təkrarlanmasın. Alman hüquq müdafiəçisi sonda alman müstəntiqlərinin səhvlərini etiraf edir və ölkəsi adından Türkiyə və BMT-dən üzr istəyir.

Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev də Almaniya hökumətini açıq şəkildə “rasizmdə” qınayıb. Onun fikrincə Almaniya təhlükəsizlik xidmətinin əməkdaşları “səlahiyyət aşma” kimi faktların araşdırılmasına daha diqqətli yanaşmalıdır. Qoltyayev həmçinin qeyd edib ki, Moskva Almaniyada yaşayan və dövlətin yürütdüyü diskriminasiyanın qurbanları olan milli azlıqların vəziyyətindən narahatdır.

Növbəti həftəyə qədər qeyri-hökumət hüquq müdafiə təşkilatları tərəfindən səsləndirilən bütün iddialar əsasında BMT-nin insan haqları Şurası Almaniyaya öz tövsiyələrini hazırlayacaq. Merkel hökuməti isə çətin seçim qarşısındadır BMT-nin insan haqları Şurasının məsləhətinə əməl etsin yoxsa öz mövqeyində qalsın?

Harri Murey sonda Azərbaycanın Böyük Vətən Müharibəsi illərində 60 min vətəndaşını itirdiyini xatırladır və qeyd edir ki, buna baxmayaraq onlar Almaniya hökuməti tərəfindən heç bir üzrxahlıq, kompensasiya gözləmədilər. Çünki onlar özlərini dövlətin diqqətindən kənarda qalmış kimi hiss etmirlər: “Məlum olduğu kimi Azərbaycan prezidenti bu il Böyük Vətən Müharibəsi iştirakçılarına, müharibədə və ya müharibədən sonra həlak olanların ailələrinə 9 milyon manatdan çox birdəfəlik maddi yardım etdi. Bu məbləğ Almaniya hökuməti üçün fantastikdir”.

O, Almaniyadakı vəziyyəti tənqid edənlər arasında Şimali Koreya, Kuba, Belarus, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələrinin olduğunu da bildirib. H.Murreyin sözlərinə görə, bütün iddialar nəzərə alan BMT İnsan Haqları Şurasının Almaniya ilə bağlı növbəti günlərdə tövsiyələr hazırlayacağını söyləyib.

Ekspertlər böyük rezonans doğuracağını düşünür. Sənəddə Almaniyada insan haqlarının pozulması ilə bağlı məlumatlar yer alıb. Sənəddə insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya ciddi tənqid olunur. Müəlliflər qeyd edir ki, Almaniya hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi bazanın yaradılmadığı və buna nəzarət olunmadığı bildirilir. Xüsusilə də yerli qanunverici orqanların bu sahədə heç bir iş görmədiyi qeyd edilərək, bu ölkədə irqi ayrı-seçkiliklə mübarizə strategiyası olmadığı, yerli polisin isə öz işində etnik diskriminasiyaya yol verdiyi və irqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırmadığı vurğulanır.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı “525”ə açıqlamasında Almaniyadakı vəziyyətin həddindən artıq narahatedici olduğunu bildirib. O, bu ölkədə insan hüquqları ilə bağlı vəziyyətin nüfuzlu təşkilatlar tərəfindən qınandığını qeyd edib: “Oradakı vəziyyət o qədər ciddidir ki, artıq Almaniyanın nüfuzlu qeyri-hökumət təşkilatları dövləti ciddi tənqid edir və lazımi tədbirlər görməsini tələb edir. Almaniyada milli-etnik zəmində insan hüquqlarının pozulması faktları qeyd alınır. Orada demək olar ki, bütün əcnəbi vətəndaşların hüquqları ayaqlar altına atılır. Məhz bütün bu faktları Almaniya cəmiyyətinin tanınmış şəxsləri dilə gətirir. Almaniyanın öz daxilində insan hüquqları ilə bağlı bu qədər problem mövcud olduğu halda, bu dövlət hansı haqla başqa ölkələrdə insan hüquqlarının tapdanmasından danışır. Təbii ki, heç bir halda insan hüquqları müdafiə edilə bilməz və buna haqq qazandırmaq olmaz”.

O, Almaniyanın Azərbaycanla bağlı narazılığının sırf enerji məsələlərindən qaynaqlandığını söyləyib. Onun sözlərinə görə, Almaniya rəsmiləri müxtəlif məsələlərdə Azərbaycana təzyiq etməklə özlərinin iqtisadi maraqlarını həyata keçirməyə çalışırlar: “Hesab edirəm ki, onların Azərbaycana təzyiq etməsi yalnız enerji məsələsi ilə bağlıdır. Burada başqa bir səbəb axtarmaq lazım deyil. Azərbaycanda insan hüquqları yüksək səviyyədə təmin edilir. Zənnimcə, Almaniya ən əvvəl öz daxilində insan hüquqlarının tapdanmasının qarşısını alsın, sonra digər ölkələri bu məsələdə qınasın”.

Aqil LƏTİFOV

 





30.04.2013    çap et  çap et