525.Az

Tanrılarla baş-başa - Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj


 

Tanrılarla baş-başa - <b style="color:red">Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj</b>

(Əvvəli ötən şənbə sayımızda)

ÜÇÜNCÜ GÜN: “Vallah, “Zorbas” türk sözüdü” 

Hotelimizin barmeni Orestislə mənimki elə ilk gündən tutdu. Rusca bildiyi beş-on kəlmə ünsiyyətimizə körpü saldı. Rus olmadığımı kəsdirsə də, məni hardansa “uruset” tərəfdən gələn bilirdi.

Söhbətimiz çəlləkdən süzdüyü “Zorbas” pivəsinın adından başladı. Nə illah elədim, inandıra bilmədim ki, “zorbas” türk sözüdü. Əvvəl-əvvəl ürəyinə yatmırdım, mənə şübhəylə baxırdı. Elə ki, “Yunan Zorba” (“Zorba the Greek”) adlı köhnə yunan filmindən danışdım, qırışığı açıldı, münasibəti tamam dəyişdi, isinişdik. Sonrakı günlərdə türklərlə yunanların adətlərində, məişət və mədəni həyatlarında oxşarlıqlardan danışanda bu filmdən yenə misallar çəkəcəkdim.

Bir adətim var, səfər etdiyim ölkə haqda bilgi toplamaq mənim üçün səfərqabağı hazırlıqların ən vacibidi. O filmi seyr etmək də səfərqabağı hazırlıqlardan biriydi. Baxmağı sizə də məsləhət görürəm, əsl yunan xarakterini usta sənətkar Entoni Kuinn məharətlə yaradıb.

Beləcə, hər dəfə bara girəndə Orestislə elə uzaqdan bir-birimizə əl edib salamlaşırdıq. Bir səhər menyusundakı  “Greek coffee”ni görüb dedim, iki fincan qəhvə dəmləsin. Gətirəndə yenə dilimi dinc tutmadım: “Bu ki, türk kofesidi”. Elə bil ona söyüş söydün. “Nə türk? Yunan kofesidi”, dilxor oldu. “Axşam danışarıq”, deyib qəhvə dolu fincanları otağa apardım.

Əlbəttə, axşam “Zorbas” bizi barışdırdı. Orestis məni çəlləyə yaxın ayaqüstü masaya çəkdi, bir yekə bakal pivə süzüb gətirdi. Dirsəklənib üzümə baxmağından anladım ki, səhərki söhbətin davamını eşitmək istəyir. İzah elədim ki, qəhvəni Həbəşistandan gətirib Avropaya çıxaran türklərdi.

Bir həbəş çoban sürüsündən bir keçinin neçə gecədi yatmadığını görüb maraqlanır. Güdüb görür ki, keçi bir ağacın qəribə meyvələrini yeyir, sonra da dəliliyi tutur, gecəni yatmır. Qəhvə ağacı belə kəşf olunur. Osmanlılar da qəhvəni öz mətbəxlərində Avropaya daşıyır.

Onunla bu söhbət bizim ermənilərlə “dolma”, “Sarı gəlin” davamızı xatırladırdı. Məğlubiyyət kompleksidi, tanış hissdi! Ta dərinə getmədim.

Yeri gəlmişkən deyim ki, 400 il əsarətdə saxlasalar da, olduğum yerlərdə türklərin sən deyən o qədər də izinə rast gəlmədim. Tək Nafplio şəhərində ağzıqıfıllı yumru tikili vardı, deyirdilər əvvəl məscid olub. Öyrəndim ki, Ağapaşa camisiymiş. Minarələrini də türklər gedəndən sonra söküblər.

Mnemosina qoymaz yalan deyəm, yadıma salır ki, bir dəfə Britaniyanın Vestminister fondunun şotlandiyalı bir nümayəndəsiylə ingilislərin bir işğalçı kimi şotland mədəniyyətinə təsirindən danışırdıq. Həmsöhbətim yunanlardan da misal çəkərək deyirdi ki, başqa balkan xalqlarından fərqli olaraq, yunanlar antik dövrdən qalan mədəniyyətləri hesabına türklərin gətirdiyi türk-islam mədəniyyətində “ərimə”dilər. Yəni, məsələ silah gücündə deyil, oturuşmuş mədəniyyətləri “əritmək” olmur.

Onun dediklərinə kilsə və yerli özünüidarəetmə institutunu da əlavə edərdim. Yunanlar öz milli kimliklərini qoruyub saxlaya bilmələri üçün bu iki instituta borcludular. Əvvəla osmanlı sultanlarının yunan xristian ruhaniliyinə verdiyi azadlıq o dövr katolik ölkələrinin protestantlarında belə yox idi. Həm də türklər mövcud yerli idarəetmə sistemini dəyişmədilər. Gərək ondan yaxşını təklif edəydilər. Bu seçkili özünüidarəetmə institutu işğalın sonunacan yaşadı.

Yunan milli şüurunun saxlanmasında yerli məktəblərin rolu əvəzolunmazdı. Osmanlıların toxunmadığı bu məktəblərdə təhsilin keyfiyyəti türk dərsxanələrindən bir neçə baş yüksək idi. Elə sonralar “Fənərli Rumlar” adıyla məşhurlaşan yunanlar Osmanlıda elit təbəqəyə çevrilərək dövlət işlərində mühüm vəzifələr tutdular, imperiyanın Avropada danışan dili oldular, onun Avropa siyasətində yönləndirici rol oynadılar.

Bu sərbəstliklər hesabına salamat qalan milli şüur işğalçılara qarşı nifrəti də ölməyə qoymadı. Osmanlının güclü vaxtı içdə bəslənən nifrət imperiya zəifləyəndə zahirə çıxdı və 1821-ci ildə başlayan yunan üsyanı on il sonra qələbəylə sonuclandı.

Bütün bunlar indi gülərüz Oresteslə söhbətdə də özünü göstərirdi. Amma içi barmen qarışıq yunanlar etiraf etməsələr də, türklərin təsiri danılmazdı. Bu təsir xüsusən də musiqidə, rəqsdə, mətbəxdə, məşiətdə aydın görünür.

Şərab tanrısı Dionislə qədəh toqquşdurmaq 

Qaldığımız “Sofia” hotelinin Egey suları yuyan restoran məhəccərinə söykənib dənizin qürub rəngini seyr edirdim. “All inclusive” (“nə qədər istəyirsən” - hərfi tərcüməni özünüz də bilirsiniz, mən qavradığım kimi çevirdim) xidmətindən yararlanıb bir qədəh də çaxır süzmüşdüm. “Santorini” çaxırı dəniz yaşılı rəngiylə qürubun yeddi çalarında əsl fotoluq fon verirdi.

Adamlar əllərində çaxır, pivə, viski dənizə tamaşa edir, söhbətləşirdi - hamı sərgilənəcək tamaşanı gözləyirdi. Bu axşam konsert olacaqdı.

“Santorini” xoşuma gəldi, içdikcə adamı yaxşıca məst edirdi. Elə bu məstlikdən idi, ya nə oldusa, bir də gördüm şərab tanrısı Dionis böyrümü kəsdirib. Elə hey öz çaxırlarını tərifləyirdi. Mənim də vətənpərvər damarım tutdu, başladım bir vaxtlar şəhərimin adını SSRİ yekəlikdə ölkədə məşhuri-cahan eləyən “Ağdam”dan danışmağa.

Dionis sözümü kəsmədi, axıracan qulaq asdı, sonra bunları dedi:

“Deyir, 2 milyon ton üzüm becərirmişsiniz, şərabınız dörd bir yanda satılırmış. Nə qədər gec deyil, qayıdın şərabçılığa, kənd təsərrüfatına. O dediyin “Ağdam”dan da içmişəm, adamı tez tutsa da, yaxşı çaxır idi”.

Sözünü bitirdi, gedib barmen Orestesdən iki qədəh şərab süzüb gətirdi. “Bunu biz ambrosiya yeməyiylə içirik, dirilik suyudu”, - birini mənə uzatdı. “Şərəfə” deyib toqquşdurduq. Sonra qədəhini məhəccərin üstünə qoydu, sağollaşıb getdi.

Demis Russosun səsi və ləpələrin pıçıltısı 

Konsert başladı. Oxuyan Dimitros adlı qoca bir müğənniydi. İlk zümzüməsiyləcə hamını sehirlədi. Şirin, yanıqlı səsi vardı, elə bilirdin əfsanəvi Demis Russosun özüdü oxuyan. Az keçmədi məclisi ələ aldı, dünyanın dörd bir tərəfindən gəlmiş turistlər ona qoşulub şaqraq yunan mahnılarını oxumağa başladı.

Dimitros mahnılarına ara verəndə aralığa rəqqaslar girdi. Sirtaki rəqsinin bir adı da Zorbadı. Gənc rəqqasların oyunu, rəqsin havası hamımızı tilsimlədi - çaxır da bir yandan işini görürdü - ayaq üstə ritmə uyğun əl çalır, dingildəyirdik.

Növbəti rəqsə könüllülər dəvət edildi. Mən də qabağa çıxanlardan oldum. Əvvəl-əvvəl ayaqlarım dolaşır, səhvlər edirdim, amma yavaş-yavaş öyrəşdim.

Bizim yallıya bənzəyir Sirtaki.

Sonra növbəylə hamı turist-rəqqasların dövrə qurduğu dairədə tək-tək oynamağa başladı. Türklərin Zeybək rəqsinin tam oxşarıdı yunanların Zorbası. Vallah, özümə bir əl qatmışdım ki. “Son Balo” filmində Atatürk rəqs edir ey, bax, heylə. Bir süzürdüm ki, gəl görəsən.

Sən demə, rəqsimi xanım telefonla çəkirmiş. Masaya qayıdanda tərifləməyə başladı: “Əla oynadın”. “Oynayan mən deyildim ki, çaxır idi, lap düzü çaxır tanrısı Dionis idi, mənim cildimdə oynayırdı”.

Konsert gecə yarıyadək davam elədi. Dimitrosun səsi, ansambl ifaçılarının buzuki, kanonaki alətlərində çaldıqları musiqi Egey ləpələri fonunda bizə fantastik ovqat yaşatdı.

Payız 2016
Tolo, Yunanıstan - Karlskrona, İsveç

(Ardı var)

 





10.04.2017    çap et  çap et