525.Az

"Discovery Azerbaijan" jurnalının yeni sayı


 

"Discovery Azerbaijan" jurnalının yeni sayı <b style="color:red"></b> “Discovery Azerbaijan” jurnalının yeni bahar buraxılışı işıq üzü görüb.

Yaradıcı heyət bu dəfə yolunu Saatlı rayonundan salıb.
 
Kürlə Arazın qovuşduğu məşhur Suqovuşanda olan redaksiya heyəti iki çayın qovuşduğu o mənzərəni, qovuşduqlarına rəğmən rənglərinin qarışmamasını foto və sözlərin köməyi ilə oxuculara çatdırmağa çalışıblar. 

İllər öncə bu rayona jurnalist kimi gələn, bu gün isə Saatlıdan millət vəkili seçilən Mətbuat Şurasının sədri Əflatun Amaşovla söhbət də elə Saatlı üzərində köklənib.
 
Müsahiblər sırasında yer alan Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovla söhbət də, yəqin ki, oxucuların marağına səbəb olacaq.

“Çox oxuyan çox bilməz, çox gəzən çox bilər” deyiblər. 160 ölkədə olan, dünyanı qarış-qarış gəzən, hətta uzaq Antarktidaya və Arktikaya belə gedib çıxan azərbaycanlı səyyah və iş adamı Mehrac Mahmudovun səyahət təəssüratlarını da "Discovery Azerbaijan"ın bahar buraxılışında oxuya bilərsiniz.

Jurnalın bu sayında bəlkə də dəfələrlə yanından ötüb keçdiyiniz, amma fərqinə varmadığınız paytaxt kilsələri ilə də tanış olacaqsınız.
 
Ruhumuzun "meditasiyası", cismimizin idarə olunması və ruhumuzun gücünü cismimizin imkanları ilə birləşdirib insanı hər şeyə qadir olan ali varlığa çevirən elm – məhz bunları özündə ehtiva etdiyini iddia edən Yoqa, yəqin ki, sizin də diqqətinizi cəlb edir. Elə isə bu buraxılışı oxuyun, bütün bunları siz də bilin.

Jurnalın bu sayında məşhur kinorejissor Rasim Ocaqovun düz 41 il əvvəl ekranlaşdırdığı "Ad günü"nə də qonaq ola, iki insan arasındakı səmimi dostluq münasibətlərinin istisinə sığına bilərsiniz.
 
Təbii ki, bunlar son deyil. İnsanları da təbiəti kimi rəngarəng, maraqlı və isti olan bir ölkədən – uzaq Kubadan sizə xəbərlər var. Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo ilə Amerika qitəsinin əsrarəngiz ölkəsi barədə maraqlı müsahibəni diqqətdən qaçırmayın. Kubanı dünyaya tanıdan ən yaddaqalan onluqla, dünya ekranına gec-gec çıxmasına baxmayaraq, hər zaman özünün xüsusi fikri və ideyası ilə fərqlənən "Kubalı filmlər"lə, bu rəngli və xoşbəxt ölkənin ləziz təamları ilə tanışlıq da jurnalın bahar sayında yer alıb.

"Discovery Azerbaijan" jurnalının yeni sayını şəhərin köşklərindən əldə edə bilərsiniz.
 





10.04.2017    çap et  çap et