525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda) 

Sədr - Nizamnamənin üçüncü qiraəti barəsində kim danışmaq istər?

Şəfi bəy - (yerindən) Etiraz yoxdur.

Səslər - Etiraz yoxdur.

Sədr - Komisyon tərəfindən də məruzəçi doktor Qarabəyov təklif edir ki, Nizamnamə maddəbəmaddə oxunmasın, ümumən qəbul edilsin, etiraz yoxsa səsə qoyuram (rusca). Onu da bilirsiniz ki, keçən iclasda cüzi təshihlər olmuşdur. Hər kəs Nizamnaməni haman cüzi təshihlər ilə qəbul edirsə rica edirəm əlini qaldırsın (Əllər qalxır). Deməli, əksəriyyət ilə Nizamnamə qəbul olunur.

Məhəmməd Əmin - (yerindən) Bən bu barədə bir söz deyərdim.

Sədr - Buyurunuz.

Məhəmməd Əmin - Nizamnaməni qəbul etdiniz. Lakin türkcə istilahının təshihata ehtiyacı vardır. Ona görə təklif edərdim ki, Nizamnamə təshih üçün təshih komisyonuna verilsin.

Sədr - Növbədəki məsələ hökumət məmurlarına bayram münasibətilə bir dəfəlik olaraq fevral maaşının 75 faizini əlavəsi ilə müavinəti-nəqliyyə verilməsi həqqində layihədir. Söz məruzəçi Mustafa Vəkilovundur.

Vəkilov Mustafa - Hökumət məmurlarına bayram münasibətilə bir dəfəlik 75 faiz müavinəti-nəqdiyyə verilməsi üçün hökumət maliyyə və büdcə komissiyasına bir layihə təqdim eləmişdir. Maliyyə komissiyası haman layihəyə baxıb böylə qərar verdi: əvvəla, bu müavinəti-nəqdiyyə nə üçün təklif olunur? Hökumət öz bəyannaməsində səbəb olmaq üzrə göstəriyor ki, hamıya məlumdur, bahalıq gündən-günə artır, maaş çatmıyor. Hökumət bu barədə lazım bilir ki, bütün idarələr qulluqçularının məvaciblərini artırsın. Ona da beynəlidarə bir komisyon təşkil eləyib bu komissiyaya da 15 nəzarətinin vəkilləri daxil olubdur. Bu komissiya məkulatın bahalanması dəvamını nəzərə almayıb müzakiratında dəvamla işini bitirə bilmiyor. Yalnız bir proje hazır edibdir. Ona görə hökumət təklif edir ki, fevral ayının məvacibindən başqa müavinəti-nəqdiyyə olmaq üzrə haman məvacibin 100-də 75 faizi də bir dəfəlik verilsin və bu müavinəti-nəqdiyyəyi Novruz bayramı münasibətilə verməgi təklif edir. Büdcə və maliyyə komissiyası layihəyə baxıb bir qədər təbdil etdikdən sonra parlamana təqdim ediyor.

Hökumət təklif edir ki, bütün idarə məmurlarına 75 faiz müavinəti-nəqdiyyə verilsin. Amma komisyon isə təklif edir ki, bütün qulluqçuları 3 qismə bölək. Birinci qism 1400 manatadək maaş alana 70 faiz, 1400-dən 2 minədək alana 60 faiz, 2 mindən artıq alana 40 faiz verilsin. Bu təbəddülatdan başqa bütün layihə qəbul edilmişdir. Və layihə də böylədir (oxuyur).

Hökumət idarələri qulluqçularına Novruz bayramı münasibətilə bir dəfəlik müavinəti-nəqdiyyə verilməsi həqqində qanun layihəsi.

A - 1) Novruz bayramı münasibətilə bütün hökumət idarələrinin heyəti və gərək qeyri-heyəti qulluqçularına bu sənə fevral maaşının 75 faz miqdarında bir dəfəlik müavinəti-nəqdiyyə verməli.

2) Birinci maddədə zikr olunan müavinəti-nəqdiyyə almaq həqqi hərbiyyə idarələri qulluqçularına və həmçinin parlaman izni ilə bu sənə yanvar və fevral aylarında aylıqları artırılmış olan digər idarələr qulluqçularına aid degildir.

3) Bir dəfəlik müavinəti-nəqdiyyə almaq həqqi fəqət fevral ayının 28-nə qədər Azərbaycan hökuməti qulluğunda bulunan xidmətçilərə aiddir.

B) Məzkur müavinəti-nəqdiyyə verilməsi məxarici dövlət xəzinəsi departamentinin 1919-cu sənəsi smetasının xüsusi fəsli ilə fövqəladə məxaric hissəsinə aid etməlidir.

P) Müqtəzi məbləğ aşkar olduqca hər bir müəssisə dövlət müfəttişi ilə əvvəlcə görüşərək hesab açmağını maliyyə nazirinə mühəvvəl etməli.

Bu layihənin bir tərəfinə də diqqət etmişik ki, bütün qulluqçulara müavinəti-nəqdiyyə verilsə, hökumət xəzinəsindən bunun üçün nə qədər para veriləcəgi məlum olsun. Bu barədə komissiya hökumətdən sual edib hökumət böylə cavab vermişdir:

Vəqtin təng olduğunu nəzərə alıb bu barədə nəzarətlərdən məlumat yığmaq mümkün olmadığı üçün hökumət bu barədə heç bir məlumat və bəyanat verə bilmiyor.

Sədr - Bu barədə kim danışmaq istiyor? Söz Əhməd bəy Pepinovundur.

Əhməd bəy Pepinov - Əfəndilər! Sosialistlər fraksiyası əsas etibarilə bu layihənin əleyhinədir. Bu barədə hökumətin göstərdigi dəlildən anlaşılır ki, həqiqətən hökumət qulluqçuları aldıqları məvacib ilə çətin keçinirlər. Bu müşkül vəziyyətdən onları qurtarmaq üçün yalnız bir dəfəyə məxsus olmaq üzrə bayram münasibətilə 75 faiz müavinəti-nəqdiyyə verilsin, böyləlik ilə bəlkə bu bayram əyyamını bir dərəcə yaxşı keçirə bilsinlər. Bu çətin əhvallarda bir az məmurlara kömək olsun. Biz isə deyiriz ki, hər bir qulluqçuya və hər bir zəhmətkeşə öz işlədiginə, xidmətinə, zəhmətinə görə para verilsin. Tainki o qulluqçuya aldığı maaş ilə özünü dolandırmaq mümkün olsun, nəinki onlara bəxşeş verilsin. Bu yol bəxşeşdir, bunu biz rədd edirik. Bu bəxşeşin məmurlara verilməsinə tərəfdar olmayırız. 2-ci məsələ də budur ki, müavinəti-nəqdiyyə hamıya verilmiyor. Əzcümlə dəmiryol qulluqçularına aid degildir. Bu yaxın zamanda onların maaşı artırıldığına görə bəxşeşdən məhrum ediliyorlar. Hökumət özü qulluqçularının aldıqları məvacib ilə özlərini idarə edə bilmədiklərini bilir və bunu nəzərə alaraq məvaciblərin artırılması üçün bir beynəlidarə komisyon təşkil etmişdir. Bu komisyon məvacibləri artıracaq və bu surətlə qulluqçulara insan kibi yaşamaq imkanı verəcəkdir. Amma o komissiya öz fəaliyyətindən hənuz bir nəticə göstərməmişdir. Heç olmazsa bu bir ay zərfində deyə bilərdi ki, hökumət qulluqçularına nə qədər verməlidir və bir də bu müavinəti-nəqdiyyə niyə 60-75 faiz olub 100, ya 50, ya qeyri miqdarda verilmiyor. Bunun da səbəbi bizə məlum degildir. Əlimizdə bir şey yoxdur ki, bu faizlərin miqdarını təyin edək və yaxud müəyyən bir qaidə yox ki, qiyas edək, ölçək. Yenə bir məsələ var ki, məlum olmayır hökumət xəzinəsindən bu barədə nə qədər para veriləcəkdir 5-10-100 milyon, ya nə qədər. Bu pul bəlkə bayramın axırınadək qulluqçulara çatmayacaq və bugünki sualda görəcəksiniz ki, əmələlər və fəhlələr hələ fevral məvacibini almamışlardır. Buna görə də tətillər başlanıb, hətta Nobel əmələləri tətil etmişlərdir.

Sədr - Təvəqqe edirəm sualınızın məzmununa keçəsiniz. Mətləbdən danışasınız, çünki müzakireyi-yövmiyyə sırasında sualınız axıra buraxılmışdır.

Pepinov - Zənn edirəm mətləbə gəlirəm.

Sədr - Rica edirəm mənim ilə bəhsə girişməyəsiniz.

Əhməd bəy - (nitqinə davamla) Bu barədə hökumət deməlidir ki, bu pul bayrama qədər xidmətkarlara veriləcək, ya yox, şayəd biz bu qanunu qəbul olunmuş fərz etsək belə, yuxarıdakı ərz etdigim səbəblərə görə hökumət bu məbləği bayramadək verə bilmiyəcəkdir. Biz təklif edirik bütün hökumət qulluqçularının məvacibini daimi surətdə artırmaq üzrə tezlik ilə bir layihə tənzim və parlamana təqdim edilsin. Bir də hökumət bizi məcbur edir bu müavinəti-nəqdiyyənin verilməsini qəbul edək. Əgər qəbul etməsək, o vəqt qulluqçuların düşmüş olacağı müşkül vəziyyətin müsəbbibi biz olacağız. Deməli, istər-istəməz bu layihəyi qəbul etmək məcburiyyətindəyiz. Əsas etibarilə bu qanuna zidd isək də, lakin əleyhinə rəy verməməgə məcburuz.

“Azərbaycan”, 19 mart 1919, № 140

Mücəddədən - yenidən
Məhəll - yer, məqam
Təşri - şərh etmə
Beynəlidarə - idarəarası
Müqtəzi - qanun və ya fərmana əsasən yazan, lazımlı edən
Müsəbbib - səbəbkar 

Yeni kabinə təşkilinə dair

Fətəli xan Xoyski həzrətlərinin istefası həqqında yazmış olduğumuz “Yeni böhran” sərlövhəli məqaləmizdə Xan həzrətlərinin bu qədər zəhmət və məşəqqətlər bədində istirahətə ehtiyacı olduğunu iqrar və etiraf etdik və yeni Rəisi-Vüzəra seçkisində lazım olan şərtlər riayətindən bəhs açıb, bu şərtlərdən - ümdələri olmaq üzrə ikisini göstərdik və dedik ki, yeni rəis əvvəla fəal, bacarıqlı və saniyən sahibi-təçrübə olmalıdır.

Görünür, parlaman sədri Həsən bəy həzrətləri dəxi bu nəzərə şərik imiş ki, kabinə təşkili üçün rəis ararkən bir taqım xüsusi şərtlərdən əlavə bu iki şərti dəxi nəzərə alıb kabinə təşkili işinə sabiq kabinə əzalarından məarif naziri Nəsib bəy Yusifbəyli həzrətlərinə həvalə edibdir.

Nəsib bəy həzrətlərinin fəal və son dərəcə çalışqan bir zat olduğu bizə məlum olan kimi onun keçmişdə gördükləri işlərdən xəbərdar olanlara dəxi məlumdur.

Karkünlikdən əlavə xüsusi təbiətində Hafiz əleyhirrəhmənin “badustan mürüvvət, badüşmanan mədara”. Kəlami-hikmətamizi məfadinə müvafiqət edən və bununla bərabər həqqı nahəqqə verməməkdə sahibi-səbat olan bir mizacə malik olduğu da o zatı yaxından tanıyanlara məlumdur.

İdareyi-məmləkət işindəki təcrübəyə gəlincə Azərbaycan istiqlalı elanı günündən bəri bir nazir məqamında qalaraq, təbiidir ki, bu mühüm işdə tam bir vüquf sahibi olub, işin nərədən başlandığından, nə yerdə qaldığından və nə yolda davam etdirmək lüzumundan kəmalincə müxbirdir.

Məsləki-siyasisinə gəlincə əsl demokrat və geniş nəzərli səmimi bir millətpərəst olduğu, “Müsavat” partiyasına mənsubluğuna görə degil, bəlkə özünün tərzi-məişətindən, qövl və felindən görünən aşkara bir həqiqətdir.

Bu üzdən, idareyi-ümur məmləkətdə məqami-riyasətin karkün kardan və sahibi-təcrübə olan sınanmış bir millətpərəst əlinə tapşırılmasından naşi məmnun olub da gələcəgə xoş nəzərlə baxırıq.

Nəsib bəyin birinci ağır və müşkül vəzifəsi, özunə tapşırılmış olan kabinə təşkili məsələsinin həllidir. Bu məsələnin o sayaq, bu sayaq həll edilməsi, təbiidir ki, Nəsib bəyin özünə məxsus olan gələcək fəaliyyətinə böyük təsir edəcəkdir. Müəyyən bir işə girişən həmkarların, əvvəl-əvvəl həmfikir olmaları birinci şərtdir. Arada bu şərt olmazsa Krılovun “Ördək, balıq və xərçəng” hekayəsi doğru olub “araba yerində qalar” və iş yeriməz.

Həmfikir kabinə təşkili əmrində işi çətinləşən kabinənin koalisiyon (müştərək) olmaq şərtidir. Yəni kabinə əzaları hər fraksiyaya mənsub adamlardan seçilməlidirlər. Halbuki hər bir fraksiyanın özünəməxsus siyasi məsləki və xüsusi proqramı olduğundan ümuri-idarəcə bütün ümumi və xüsusi işlərdə həmfıkir olan bir kabinə təşkil etmək həqiqət çətin bir əmrdir. Nəsib bəy gərək bu çətinlikdən çıxsın və kənari-təzyiqata qarşı durub da özünə yoldaş olmaq üzrə öz bəyəndiklərini, yəni hər bir cəhətə etimad və etibar etdigi adamları seçsin. Ümumi və xüsusi idarə işləri arasında əvvəl-əvvəl əsası bir məsələ var ki, o məsələ üstündə kabinənin bütün əzaları - hansı fraksiyadan olur-olsun, biduni-şərt və şrut mütləqən həmfikir olmalıdırlar. O əsasi məsələ - istiqlal məsələsidir ki, qeyd və haşiyə qəbul etməz bir əsasdır. Bu əsası zahirən və batinən qəbul etmiş olan əzalar xüsusiyyat cəhətlərincə də mədara ilə iş görmək istedadına malik olarlarsa, “həmfikir bir kabinə əmələ gəldi, inşaallah, araba yerində qalmaz” deyib, ümidvar ola bilərik, bu şərtlə ki, bir də bu əzalar fəal və çalışqan və iş bacaran olalar.

Biz umidvarıq ki, Nəsib bəy həzrətləri hər bir barədə layiqli bir kabinə əmələ gətirmək işində məharət göstərib bu çətin əmrin öhdəsindən gələrlər və tezlik ilə kabinə təşkil edib də məmləkəti böhrandan xilas edərlər. Bu xüsusda müvəffəqiyyətlərini kəmali-dil ilə arzu edənlər cümləsindənik.

Hacıbəyli Üzeyir
“Azərbaycan”, 19 mart 1919, № 140

Mədar - mərkəz, təməl

(Ardı var)

 





10.04.2017    çap et  çap et