525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

1502-ci ildə Kalikutdakı üsyan vaxtı orada yaşayan portuqaliyalılar öldürüldükdən sonra Vasko da Qama yenidən Hindistana göndərildi.

Onun əmri ilə Kalikut dağıdıldı, Portuqaliya qəsəbəsi isə bərpa edildi. 1524-cü ildə Vasko da Qama Portuqaliya Hindistanının vitse-kralı təyin edildi. Elə həmin ilin sonunda özünün Hindistana üçüncü səyahəti vaxtı Vasko da Qama öldü.

Hindistana dəniz yolu açıldıqdan sonra Portuqaliya Hind okeanında aparıcı rol oynamağa başladı. Hindistanın qərb sahili boyu ticarət qəsəbələri meydana gəldi, onlar həm də Portuqaliya donanmasının hərbi bazaları rolunu oynayırdı. Portuqaliyalıların karavellaları ərəb gəmilərindən daha yaxşı təchiz olunmuş və silahlanmışdılar. Ədviyyat ticarəti və dəniz quldurluğu ilə yanaşı, ərəblər üzərinə hücum gəlirin faydalı maddəsi oldu. Hindistan və Portuqaliya arasında yük daşınması üçün 3-4 göyərtəli gəmilərdən istifadə olunurdu, onların yük qaldırması 2.000 tona çatırdı. Onların heyətləri tez-tez yenidən yığılırdı (gəmidə 800-ə qədər adam olurdu), belə ki, uzun yol vaxtı dənizçilər epidemiyadan qırılırdılar. 1519-1522-ci illərdə isə dünya ətrafına üzməklə ilk dəfə səyahət baş verdi. Portuqaliya səyyahı və dəniz səyahətçisi Fernan Magellan bu ekspedisiyanın təşəbbüsçüsü olmaqla, ona başçılıq etmişdi. Bu vaxt İspaniyada xidmət edən Magellanın planını kral V Karl bəyənmiş və o, beş gəmidən ibarət ekspedisiya təşkil etmişdi. 1519-cu ilin dekabrında kiçik donanma Argentina sahillərinə çatdı, az qala bir il sonra isə Magellan Atlantik və Sakit okeanları birləşdirən 600 km-lik boğazı kəşf etdi və sonralar boğaz onun adı ilə adlandı. Sakit okeanı üzüb keçdikdən sonra 1521-ci ildə ekspedisiya Filippin adalarına çatdı. Maktan adasının əhalisi ispanların gəlməsinə düşməncəsinə yanaşdı və yerli sakinlərlə toqquşmaların birində Magellan həlak oldu.

O, 1480-ci ildə anadan olmuşdu. 1517-ci ildə vətənini tərk edib, İspaniyaya yollanmışdı. Orada o, yaxşı dəniz səyahəti məktəbi keçmişdi. Naviqasiya və coğrafiyanı əsaslı qaydada öyrənib,  o, qərb istiqamətində, Amerika dövrəsinə üzməyi qərara almışdı. Çünki Afrika dövrəsində yol artıq portuqaliyalılar tərəfindən istifadə olunurdu.

Ekspedisiyanın başlanmasından 18 ay sonra məqsədi Yer kürəsinə dövrə vurmaq olan ekspedisiya donanmasının yalnız bir gəmisi - “Viktoriya” Xuan Sebastyan Elkanonun komandanlığı altında İspaniya sahillərinə qayıtdı. Bu üzmək nəticəsində, səfər isə tam sınaqlarla və təhlükələrlə dolu idi, qəti olaraq sübut edildi ki, bizim planetimiz şar formasındadır. Fernan Magellan tarixdə ilk dəfə dünya ətrafına səyahətə çıxmaqla, öz inqilabi addımı ilə Kolumbun və Vasko da Qamanın dahiyanə işlərini davam etdirib, coğrafi kəşflər, yeni torpaqların açılması işinə ölçüyə sığmayan töhfələr verdi. Təkcə bir boğaz onun adını daşımır, Yer kürəsinin ən böyük okeanı da onun ilk dəfə dilinə gətirdiyi Sakit okean adını pozulmayan möhür kimi indiyə qədər daşıyır. Dünyanın bütöv şəkildə dərk edilməsində həmin dəniz səyyahlarının xidməti ölçüyə sığmazdır və bəşəriyyət onları daim böyük minnətdarlıq hissləri ilə yad edir.

XVI əsrin əvvəllərində Cənubi Amerika sahillərinə gedən bir neçə ispan və Portuqaliya ekspedisiyalarında Florensiyadan olan Ameriqo Vesspuçi də var idi. 1504-cü ildə o, ilk dəfə belə bir fikir söylədi ki, bu torpaqlar Asiyanın bir hissəsi deyil, yeni materikdir, onları o, “Yeni Dünya” adlandırmağı təklif etdi. Vesspuççinin şərəfinə alman kartoqrafı Martin Valdzemyuller 1507-ci ildə tərtib etdiyi öz dünya xəritəsində bu materiki Amerika adlandırdı.

 İlk dəfə dünya ətrafına üzməyi 1519-1522-ci ildə həyata keçirən, ispan xidmətində olan Portuqaliya dvoryanı Fernan Magellan Ameriqo Vesspuççinin ideyasını təsdiq etdi. Cənubi Amerikanı dövrə vurub keçən Magellan bu qitə ilə Odlu torpaq arxipelaqı arasındakı boğazı gördü, bu boğaz indi onun adını daşıyır və boğaz dəniz səyahətlərini Atlantik okeanından Sakit okeana keçirdi. Axırıncıya bu adı Magellan vermişdi, çünki Asiyanın sahillərinə gedən yolda onun ekspedisiyası bir dəfə də olsun qasırğaya düşməmişdi. Magellanın özü başladığı səfəri başa çatdıra bilmədi, 1521-ci ildə Filippin adalarında o, tuzemlilərlə toqquşmada öldürüldü. Bir ildən sonra kapitan Xuan Sebastyan Elkano Magellanın səfərə çıxdığı gəmilərin birində Sevilyaya döndü.

İspanların Mərkəzi və Cənubi Amerikadakı işğalları 

Böyük səyyah Xristofor Kolumb Yeni Dünyanı açdıqda o, Haitidə ilk ispan koloniyası yaratdı. Bundan sonra ispan konkistadorları Mərkəzi və Cənubi Amerikaya əslində birbaşa işğallara səbəb olan səfərlər etdilər. İspan konkistadoru Ernan Kortes 1509-cu ildə atsteklərin dövlətini tutmaq üçün Meksika sahillərinə ayaq basdı. O, burada bir yaşayış məskəninin əsasını qoydu. Beş ay sonra isə sentyabrda ispan dəstəsi atstek dövlətinin paytaxtı Tenoçtitlana girdi. Bu şəhərin böyüklüyü və var-dövləti ispanlara əfsanəvi qızıl ölkəsi Eldoradoya çatdıqlarını düşünməyə əsas verdi.

Kortes 1514-cü ildə Espanyolaya (Haitiyə) sadə sakin kimi gəlmişdi. Lakin Kubaya gəlib çıxdıqdan və orada plantasiya ələ keçirdikdən sonra çox tez varlandı və öz vəsaitləri hesabına Meksikada ekspedisiya təşkil etməyi bacardı.

Kortesin komandası muşketlərlə və yüngül artilleriya ilə silahlanmış 6000 nəfər adamdan ibarət idi. Atsteklərin paytaxtına doğru irəliləyərkən o, bir sıra hindu tayfalarını fəth etdi, onlar daxili çəkişmələrə və onları tabe etmiş atsteklərlə düşmənçiliklərinə görə işğalçılara ciddi müqavimət göstərmədilər. İspan dəstəsinin sahilə çıxması barədə atsteklərin hökmdarı Montesumaya xəbər verdilər. O, allah Ketsalkoatolun qayıdacağı barədə qədim peyğəmbərliyin həyata keçməsini güman etdiyindən, ispanları qarşılamağa varlı hədiyyələrlə elçilər göndərdi. O, ümid edirdi ki, sərt allahı sakitləşdirsin, çünki onun gəlməsi atsteklərə məhrumiyyətlər və ağır sınaqlar gətirəcəkdi.

Lakin ispanlar hökmdar II Montesumanın sadəlövhlüyündən xaincəsinə sui-istifadə edib, onu əsir götürdülər. Montesuma əsirlikdə də öldü.

Atsteklər, ümumiyyətlə, çox dindar olduqlarından, inanırdılar ki, bəlalardan və fəlakətlərdən müdafiə olunmaq üçün allahlara qurban vermək lazımdır. Onlar əsasən qulları və əsirləri qurban verirdilər və insan qurbanı fəxri və müqəddəs iş sayılırdı. Atstek heykəltəraşları rəhmsiz və qana susayan allahları təsvir edirdilər. Atsteklərin dövlətinin başında hökmdar, kahinlər, hərbi xadimlər və yüksək rütbəli məmurlar dururdu. Yalnız onlar özəl mülkiyyət hüququna malik idilər. Zümrə fərqlərinə ciddi surətdə əməl edilirdi. Öz möhtəşəmliyi ilə adamları heyran edən paytaxt Tenoçtitlanın 250.000 nəfərdən çox əhalisi tabe edilmiş xalqların verdikləri bac hesabına yaşayırdı.

Atsteklər ispan qəsbkarlarını paytaxtdan qova bildilər. Lakin 1521-ci ildə yenidən şəhəri tutdular və onu viran qoydular. Bir il sonra Tenoçtitlanın xarabalıqları üzərində onlar yeni şəhərin tikintisinə başladılar və onu Mexiko adlandırdılar. Mexikonun mərkəzi qədim atstek məbədinin ərazisi oldu.

1533-cü ildə isə ispan konkistadoru Fransisko Pisarronun başçılıq etdiyi kiçik ekspedisiya cənubi Amerika Andlarında olan inklər imperiyasını dağıtdı. İnklərin hökmdarı Ataualpa nəhəng məbləğdə girov pulu verməsinə baxmayaraq, Pisarro onu edam etməyi əmr etdi və inklərin paytaxtı Kuskonu tutdu. 1529-cu ildə Pisarro İspaniya kralı imperator Karldan Peru torpaqlarının (Yeni Kastiliyanın) general-qubernator rütbəsini aldı, bununla onları ispan taxt-tacına tabe etmək istəyirdi. 1531-ci ildə Cənubi Amerika sahillərinə ayaq basan ispanlar məhrumiyyətlərlə dolu olan keçiddən sonra And dağlarındakı Ataualpa qoşunlarının düşərgəsinə çatdı. Gözlənilməyən hücumun nəticəsində Pisarro inklərin hökmdarını tutmağa müvəffəq oldu.

İnklərin imperiyası ilk (mifik) ink hökmdarı Manko Kapakanın işğal yürüşlərindən sonra ən yüksək inkişafına çatmışdı. İnk hökumətinin qəsbkar siyasəti hər şeydən əvvəl möhkəm dövlətə və hərbi təşkilatlanmaya əsaslanırdı. Yollar şəbəkəsi paytaxt Kuskonu əyalətlərlə birləşdirirdi. İnklərin dövləti siyasi cəhətdən piramida şəklində təşkil olunmuşdu. Onun zirvəsini qeyri-məhdud hakimiyyətə yiyələnən kral - allah İnka tuturdu. Ona Günəşin oğlu kimi sitayiş edilirdi,  imperiyanın dörd hissəsini idarə edən dörd vali ona tabe idi. Dövlətin sərvəti və qüdrəti “aylyu” adlanan kənd və əmək icmaları tərəfindən yaradılırdı.

Ümumiyyətlə, Amerika qitəsinin tədqiq edilməsi və işğalı özlərini konkistador adlandırdıqları ispan macəraçılarının işinə çevrildi. Onların arasında mənşəyinə və xarakterinə görə müxtəlif adamlar var idi. Lakin onları bircə şey - var-dövlət və hakimiyyət yanğısı birləşdirirdi.

Vasko Nunyes de Balbao Amerikaya yollandı, qərbdə böyük dənizin mövcud olduğunu bildikdən sonra 1613-cü ildə Panama boynunu keçib, Sakit okean sahillərinə çıxdı. Kortes Meksikanın bir hissəsini tutmaqla şöhrətə malik olsa da, hakimiyyət qazana bilmədi. Ümidləri puça çıxan Kortes İspaniyaya qayıdıb, 1547-ci ildə orada öldü.

Fransisko Pisarro inklərin dövlətini qarət edib dağıtdı. Lakin Yeni Dünya ona nə sərvət, nə də hakimiyyət verdi. Öz tabeliyində olanlarla davada o, 1541-ci ildə Limada öldürüldü.

Ernando de Sato Perunun işğalında iştirak etmiş, qızıl və gümüş axtarmaq məqsədilə 1539-cu ildə Floridanı tədqiq etmişdi. Arzuladığı qiymətli metalları o, heç də tapa bilmədi. Qızıl əldə etmək uğrundakı fəaliyyət işğal edilmiş torpaqların qarət edilməsinə gətirib çıxardı.

İspan konkistadoru və səyyahı Fransisko de Orelyano ilk avropalı kimi ispan Visente Pinsonun 1500-cü ildə kəşf etdiyi Amazonkanı tədqiq etdi. Orelyanonun dəstəsi hindu qadınlarından ibarət döyüşçülərin hücumuna məruz qaldıqdan sonra o, çayı Amazonka adlandırdı (səyyah hindu qadın döyüşçülərini yunan mifologiyasında təsvir edilən vuruşan qadınlar - amazonkalar tayfasının üzvlərinə bənzətmişdi). Orelyano Pisarronun ekspedisiyasında iştirak etmişdi, Andın digər tərəfindəki torpaqları tədqiq etməyə yollanmışdı. O, əfsanəvi qızıl mənbəyi olan Eldoradonu tapmağa ümid bəsləyirdi. Lakin o, nə qızılı, nə də həmçinin axtardığı qəhvəyi ağacları tapa bilmədi. Yerli sakinlərlə qanlı toqquşmalardan, silahlı hindu qadınların hücumundan və çayla səkkiz ay davam edən üzməkdən sonra, 1542-ci ildə ispanlar Amazonkanın mənsəbini gördülər.

Orelyano arzularının həyata keçməsinə nail olmasa da, Amerikanın kəşfi tarixində qitənin ən böyük çayını tədqiq etdiyinə görə daim qaldı.

İspan konkistadorları Cənubi Peru Andlarında zəngin gümüş yataqları tapdılar və adada Potosi yaşayış məntəqəsi saldılar. 1547-ci ildə imperator V Karl dəniz səviyyəsindən 4.000 m hündürlüyündə olan bu məntəqəni Villa İmperial de Potosi adlandırmağa göstəriş verdi. Gümüş çıxarılmasından gələn mənfəət hesabına məntəqə tezliklə mədən sənayesinin mərkəzinə çevrildi və İspaniya müstəmləkə imperiyasının ən varlı şəhərlərindən biri oldu. İspan donanması yüksək tələbat olan qiymətli metalı müstəmləkədən Avropaya daşıyırdı. Gümüşün daşınması çətin və uzun müddət davam edən üzməyə səbəb oldu. Qiymətli yük, dəniz quldurlarının ovuna çevrilirdi. Çox xərc tələb edən işlərin görülməsi üçün pula ehtiyac duyulduğundan, gümüşün çıxarılmasından bu çox asılı idi. Gümüş mədənlərində ucuz işçi qüvvəsi Andın kənarlarından gələn hindular idi. İspan müstəmləkəçiləri onları, gümüş istehsalına qoyulan öz kapitalları hesab etdiklərindən mədənlərə satırdılar. Pis əmək şəraiti və qidanın çatışmaması ucbatından hindular çox tez ölürdülər. Peru gümüşü İspaniyaya da rifah gətirmədi. Qızıl və gümüş gətirilməsi İspaniyanın ənənəvi təsərrüfat sistemini dağıdırdı. Bəzi tarixçilər İspaniyanı qızılla, və gümüşlə varlanmağa aludə olmaqla alkoqollu içkidən başı dumanlananlar kimi “sərxoş adama” bənzədirdilər. Bu aludəçilik nəticə etibarı ilə İspaniyanı böyük iqtisadi geriliyə məhkum etdi.

Xristofor Kolumb Amerikanı kəşf etdikdən sonra Avropaya həm də tütün daşınmağa başlandı. Tütünü (hindu dilində bu, “tobako bako”, ispan dilində isə tabako, “tüstülənən qəlyan” demək idi) Amerikanın cənubunda hindular iyləyir və çeynəyirdilər, şimalda isə əsasən qəlyanda çəkirdilər. İspan dənizçiləri tütünü Avropaya gətirdilər və o, burada çox populyar oldu. İlk dəfə tütün ispan kralı II Filippin sarayında meydana çıxdı.

Sonralar fransız səfiri Jan Nikto (buradan “nikotin” sözü əmələ gəlmişdir) onu Parisdə nümayiş etdirdi, burada tütünün iylənməsi dəbə düşmüş məşğuliyyətə çevrildi.

(Ardı var)

 





10.04.2017    çap et  çap et