525.Az

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: keçmişə, bu günə və gələcəyə bir baxış


 

Riyaziyyat və Mexanika İnstitutunun tarixi: <b style="color:red">keçmişə, bu günə və gələcəyə bir baxış</b>

(əvvəli ötən şənbə saylarımızda)

Hörmətli oxucular, diqqətinizə çatdırım ki, tarixən bu institutda iki elmi jurnal buraxılıb.

Bunlardan birincisi 1946-cı ildən nəşr olunan “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, onun ilk baş redaktoru akademik Zahid Xəlilov, ikincisi 1992-ci ildən nəşr olunan “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri (riyaziyyat buraxılışı)” jurnalı, onun ilk baş redaktoru akademik Fəraməz Maqsudov olub. 2011-ci ildən institutda “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” jurnalı nəşr olunmağa başlayıb. Mən instituta direktor təyin olunana qədər hər üç jurnalın baş redaktoru akademik Akif Hacıyev idi. Son üç ildə yuxarıda adları çəkilən jurnallardan birincisinə mən, ikincisinə institutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, üçüncü jurnala isə AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov rəhbərlik edir. Jurnalların baş redaktorlarının dəyişməsi ilə iş bitmədi. Biz birinci iki jurnalın redaksiya heyyətinin tərkibində ciddi dəyişikliklər edib, həmin heyyətə Azərbaycanın və dünyanın tanınmış riyaziyyatçı alimlərini, əlbəttə onların razılığı ilə daxil etdik. Bu illər ərzində məni daha çox düşündürən məsələlərdən biri də ondan ibarət olub ki, biz işimizi necə qurmalıyıq ki, institutda nəşr olunan jurnallar dünyanın tanınmış nəşrlərinin bazalarına daxil olsun. Müəyyən araşdırmalar apardıqdan sonra məlum oldu ki, ilk növbədə jurnalların müasir tələbləri ödəyən

“Veb saytı” olmalıdır. İnstitutda çalışan, İKT sahəsində biliyi və bacarığı olan gəncləri dəvət etdim, onların köməyi ilə həm “Riyaziyyat və Mexanika institutunun əsərləri”, həm də “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri (riyaziyyat buraxılışı)” jurnallarının müasir tələblərə cavab verən “Veb saytını” yaratdıq. Birinci jurnalın məsul katibi vəzifəsinə ingilis dilini yaxşı bilən və gənc elmlər doktoru, Vüqar İsmayılovu təyin etdim. İngilis dilində çap olunan jurnal üçün bu, çox vacib məsələdir. Jurnala məqalə qəbulunu internet vasitəsi ilə həyata keçirməyə başladıq. Çap olunacaq hər bir məqalə həmin sahədə çalışan alimlərə internet vasitəsi ilə rəyə göndərilir. Jurnalın dizaynını və formasını müasir tələblər səviyyəsində qurmağa çalışdıq. Hazırda hər ildə nəzərdə tutulan vaxtlarda yuxarıda adı çəkilən jurnalların iki nömrəsi çap olunur. Apardığımız bu işlər qısa müddətdə öz nəticələrini verməyə başladı.

Jurnallar dünyanın tanınmış elmi informasiya bazaları olan Mathematikal Revies, Zentralblatt MATH və Rusiya Elmlər Akademiyasının Referativ jurnalında referatlaşdırılmağa başladı.

Sevindirici haldır ki, 08 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimində “Yeni veb elmi jurnal” nominasiyası üzrə isə Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azerbaijan Journal of Mathematics” jurnalı mükafatlandırılıb.

22 dekabr 2015-ci il tarixində Azərbaycan Riyaziyyat Cəmiyyətinin Riyaziyyat və Mexanika İnstitutunda çap olunan “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” jurnalı Thomson Reuters agentliyinin “Emerging Sources Citation İndex” (ESCİ) ilkin bazasına, 01 iyun 2016-cı il tarixində isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Əsərləri” jurnalı Thomson Reuters agentliyinin “Emerging Sources Citation İndex” (ESCİ) ilkin bazasına daxil edilib. Bu AMEA-nın 70 illik tarixində həmin bazaya daxil olan ilk jurnaldır.

Aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində AMEA Riyaziyyat və Mexanika İnstitutu 25 yanvar 2016-cı il tarixində Elsevier Scopus agentliyinin keçirdiyi “Ən yüksək elmi tədqiqatlara” (Research Excellence Award Winner) görə, 08 noyabr 2016-cı il tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Thomson Reuters agentliyinin birgə keçirdiyi “İnstitutda aparılan elmi tədqiqatların səviyyəsi” (Outstanding Research İnstitute) müsabiqələrinin qalibi olub.

İndi bizim əsas hədəfimiz hər iki jurnalın nüfuzunu daha da artırmaq və yaxın gələcəkdə onun İmpakt Faktoru qazanaraq Thomson Reuters agentliyinin növbəti bazasına, üçüncü jurnalın isə ilkin bazaya daxil olmasına nail olmaqdır. Onu da qeyd edim ki, Thomson Reuters agentliyi dünyada çap olunan elmi jurnalları qiymətləndirən ən nüfuzlu bazadır.

2015-ci ildən institutda ingilis dilində dördüncü jurnal - “AMEA-nın Xəbərləri Mexanika” buraxılışı çap olunur. Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Qeylani Pənahovdur.

2013-2016-cı illərdə riyaziyyata aid bir monoqrafiyam, üç kitabım, 44 elmi əsərim çap edilib. Onlardan 29-u məqalə, 15 konfrans materialıdır. Həmin məqalələrin 11-i Thomson Reuters agentliyinin siyahısında olan jurnallarda çap olunub.

Hazırda aşağıdakı layihələr üzərində işlərimi davam etdirirəm:

1. “Azərbaycanda Riyaziyyatın inkişafı tarixindən” kitabı-bu kitabla əlaqədar 400-ə yaxın azərbaycanlı riyaziyyatçı haqqında ensiklopedik məlumat toplamışam və düşünürəm ki, ilin sonuna qədər həmin kitab üzərində işimi başa çatdıraram.

2. Azərbaycanın görkəmli riyaziyyatçılarından biri olan professor Qoşqar Əhmədovun 100 illiyi ilə bağlı kitab üzərində işlərimi də yaxın zamanlarda başa çatdıracağam.

3. Bakı Dövlət Universitetinin qeyri riyaziyyat fakültələrinin tələbələri üçün Azərbaycan dilində ali riyaziyyat kitabının hazırlanmasına başlamışıq.

4. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun nəzdində “Gənc riyaziyyatçılar məktəbi” öz işinə uğurla başlayıb.

5. Hələ Təhsil Naziri olduğum dövrdə üzərində işləməyə başladığım “1920-ci ilə qədər azərbaycanlı ali təhsillilər” haqqında tədqiqatlarımı davam etdirirəm. Düşünürəm ki, həmin tədqiqatın nəticələri yaxın zamanlarda kitab şəklində oxuculara təqdim olunacaqdır.

6. Əvvəllər üzərində işlədiyim, ali təhsil müəssisələrinin reytinqinin hesablanmasının yeni metodikasının hazırlanması ilə bağlı tədqiqatlarımı davam etdirirəm.

7. İnstitutun əməkdaşları, AMEA-nın İqtisadiyyat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları ilə birgə bu gün üçün çox vacib olan “İqtisadçılar üçün riyaziyyat” kitabı üzərində işimizi davam etdiririk.

Düşünürəm ki, bu illər ərzində az iş görülməyib. İnstitutun nəzdindəki müxtəlif şöbələrdə fəaliyyət göstərən elmi işçilərimizin gərgin işi sayəsində bir çox uğurlar əldə etmişik. İnstitut bir sıra xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini davam etdirib. Xarici elmi təşkilatlar və tədqiqat mərkəzləri ilə qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində mühüm işlər görülüb.

Əməkdaşların aldıqları elmi nəticələr, müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, seminarlarda müzakirə edilib, mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilib və əksəriyyəti nüfuzlu jurnallarda çap olunub və sair.

2013-cü ilin mayında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda 10 plenar məruzə və 172 çıxış dinlənilib. Konfransın işində 15 xarici ölkədən (Rusiya, Ukrayna, Misir Ərəb Respublikası, Qazaxıstan, Almaniya, Türkiyə, İsrail, İran, İtaliya, Özbəkistan, Meksika, Belçika, Fransa, Danimarka, Polşa) 30 nəfər alim iştirak edib.

2013-cü ilin noyabr ayında dünya şöhrətli alim, akademik Azad Mizəcanzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş “Neftqaz sahəsində qeyri-Nyuton sistemlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfransda 5 xarici ölkədən (Rusiya, ABŞ, Türkiyə, Qazaxstan, İsrail) 26 nəfər alim iştirak edib, 9 plenar məruzə dinlənilib.

2014-cü ilin may ayında Riyaziyyat və Mexanika İnstitutunun 55 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda üç xarici ölkədən (Rusiya, Türkiyə, İran) beş nəfər alim iştirak etmiş, altı plenar məruzə dinlənilmişdir.

Həmin ilin sentyabr ayında Nəsirəddin Tusinin xatirəsinə həsr olunan “Riyaziyyatın, astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda 9 xarici ölkədən (Rusiya, Türkiyə, İran, İspaniya, Fransa, İsveçrə, Böyük Britaniya, Özbəkistan, Gürcüstan) 24 nəfər alim iştirak edib, 7 plenar məruzə dinlənilib.

2014-cü ilin dekabrında görkəmli riyaziyyatçı, Akademik Mirabbas Qasımovun anadan olmasının 75 illiyinə həsr olunan “Spektral Nəzəriyyə və Diferensial Operatorlar” mövzusunda Beynəlxalq konfrans keçirilmiş, konfransın materialları İnstitutun “Əsərləri” jurnalının xüsusi buraxılışında çap olunmuşdur.

2015-ci ilin sentyabr ayında AMEA-nın 70 illiyinə həsr olunmuş Azərbaycan, Türkiyə və Ukrayna riyaziyyatçılarının “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri” mövzusunda birgə Beynəlxalq konfransı keçirilib. Konfransda 13 xarici ölkədən ( Türkiyə, Ukrayna, Rusiya, Fransa, ABŞ, İndoneziya, Çin, Almaniya, İsrail, Hindistan, Böyük Britaniya, Misir Ərəb Respublikası, İrlandiya) 70 nəfər alim iştirak edib, 12 plenar məruzə dinlənilib.

2016-cı ilim may ayında institutun tarixində ilk dəfə olaraq “Qeyri harmonik analiz və diferensial operatorlar” mövzusunda keçirilən beynəlxalq seminarda 9 plenar məruzə dinlənilib.

(ardı var)

 





10.04.2017    çap et  çap et