525.Az

Azərbaycanı öz vətənindən az sevməyən Düsen Kaseinov


 

Azərbaycanı öz vətənindən az sevməyən Düsen Kaseinov<b style="color:red"></b>

Son illərdə TÜRKSOY türk dilində danışan ölkələrin ortaq mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, dilinin, adət və ənənələrinin təbliğində əhəmiyyətli rol oynamağa başlamışdır.

TÜRKSOY-un türkdilli ölkələrdə həyata keçirməyə başladığı böyük miqyaslı layihələr bu təşkilatın hamı tərəfindən türk dünyasının YUNESKO-su kimi qəbul olunmasına və nəhayət bir neçə il öncə Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitində türkdilli xalqların mədəniyyətinin təbliğindəki əvəzsiz rolu nəzərə alınaraq yüksək səviyyədə tanınmasına səbəb olmuşdur.

Bütün bu nailiyyətlərin əldə olunmasında son 10 il ərzində TÜRKSOY-a uğurla və böyük entuzazmla rəhbərlik edən Düsen bəy Kaseinovun xidmətləri böyükdür. Özü mədəniyyət xadimi olan, hələ gənc yaşlarından türk xalqlarının mənəvi birliyinin bərqərar olması üçün çalışan, ali məqsədi və amalının türk dünyasının mədəni və mənəvi birliyinə nail olmaqdan ibarət olan Düsen bəy bu amal uğrunda yorulmadan çalışmaqdan zövq alan bir mədəniyyət xadimidir. Dahi Üzeyir bəyin "Koroğlu"sunu, "Leyli və Məcnun”unu dünyaya tanıtmaq, Astanada, Bişkekdə, Ankarada, Avstriyada, Amerikada səhnəyə qoymaq, Novruz bayramının Amerikada, Birləşmiş Millətlər Təşkilatında qeyd olunması də Düsen bəyin ideyası və uğurlu layihələrindən idi.

Düsen bəy Azərbaycanı ürəkdən sevən bir insandır və ölkəmizə gəlməkdən, çox sevdiyi Bakını gəzməkdən heç vaxt usanmır. Və məhz buna görədir ki, TÜRKSOY-un ən gözəl və əhəmiyyətli layihələri Bakıda reallaşdırılır, ən maraqlı və uğurlu layihələri Bakıdan start götürür. Ankarada TÜRKSOY-un iqamətgahında da ən çox və sanballı tədbirlər məhz Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatı ilə bağlı olur, tez-tez azərbaycanlı sənətkarların yubileyləri keçirilir, onların sərgiləri, konsertləri təşkil olunur.

Son illərdə Azərbaycan Milli Kitabxanası TÜRKSOY-la birlikdə həm Bakıda və Azərbaycanın digər şəhərlərində və həm də Ankarada və digər türkdilli ölkələrdə ən çox birgə tədbirlər keçirən bir mədəniyyət mərkəzinə çevrilmişdir. Demək olar ki, son 5 ildə hər il TÜRKSOY-la birlikdə həm Bakıda Milli Kitabxanada və həm də Ankarada TÜRKSOY-un iqamətgahında həm Azərbaycanın görkəmli şəxsiyyətlərinin və həm də bütün türk dünyasının ünlü şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar çoxlu sayda kitab sərgiləri, elmi konfranslar, kitab təqdimatları, simpoziumlar keçirilmişdir. Və maraqlı budur ki, bu tədbirlərin əksəriyyətinin təşəbbüskarı məhz Düsen bəy olub və o, həmin tədbirlərin əksəriyyətində şəxsən özü iştirak etmişdir. Ankarada, İstanbulda, Astanada, Bişkekdə, TÜRKSOY-la qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə və ortaq türk mədəniyyətimizin və ədəbiyyatımızın təbliğindəki xidmətlərinə görə Azərbaycanın görkəmli alimləri və mütəfəkkirləri və Milli Kitabxananın bir sıra əməkdaşları dəfələrlə "TÜRKSOY-un 20 illiyi" medalı və digər medalları ilə təltif olunmuşlar və bu mükafatları Düsen bəy Kaseinov şəxsən təqdim etmişdir.

Maraqlısı budur ki, Düsen bəy özü etiraf edir ki, "Mən hər dəfə öz doğma vətənim Qazaxıstana gedəndə necə sevinirəmsə, Bakıya və Azərbaycana gələndə də o cür sevinirəm, mən Bakını öz doğma evim hesab edirəm!" Azərbaycan da Düsen bəyi çox sevir, biz də onunla görüşməkdən, həmsöhbət olmaqdan zövq alırıq, sevinirik! Məncə bu da səbəbsiz deyil, çünki TÜRKSOY-un bu səviyyəyə qalxmasında Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin xüsusi rolu olmuşdur. 1993-cü ilin 12 iyulunda Qazaxıstanın o zamankı paytaxtı Almatıda yaradılması elan olunan TÜRKSOY-un ilk yüksəksəviyyəli iclasının Bakıda keçirilməsinin təşəbbüskarı da Ulu öndər Heydər Əliyev olmuşdur və bu iclas 1993-cü ilin payızında Bakıda keçirilmişdir. Özünün prezidentliyi dövründə Heydər Əliyev daim TÜRKSOY-u diqqət mərkəzində saxlamış və ona hərtərəfli dayaq olmuşdur.

Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən, mənəvi dəyərlərimizin himayədarı olan cənab Prezidentimiz İlham Əliyev də daim TÜRKSOY-un fəaliyyəti ilə maraqlanmış və heç təsadüfi deyildir ki, 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə toplantısında məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi ilə TÜRKSOY-un fəaliyyəti yüksək qiymətləndirərək TÜRKSOY-u daim himayə etmək barədə qərar qəbul olunmuşdur. Məhz buna görə də TÜRKSOY-un həyata keçirdiyi bütün layihələr və irimiqyaslı layihələr Azərbaycan tərəfindən yüksək səviyyədə dəstəklənir, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdə TÜRKSOY fəal iştirak edir.

TÜRKSOY-un və onun Baş katibi Düsen Bəyin fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 mart 2012-ci il tarixli Sərəncamı ilə Düsen Kaseinov Azərbaycan Respublikası ilə türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmuşdur.

Düsen bəyin fəal ictimai xadim kimi fəaliyyəti də diqqətəlayiqdir və son zamanlar onun rəhbərliyi altında TÜRKSOY dünya miqyasında daha çox tanınmağa başlanmış və üzv ölkələrin ictimai və mədəni həyatında daha fəal rol oynamağa başlamışdır. Onun üzv ölkələrin dövlət və hökümət başçıları ilə, mədəniyyət və turizm nazirləri ilə, yaradıcı təşkilatların rəhbərləri ilə tez-tez və yüksəksəviyyəli görüşləri TÜRKSOY-un hamı tərəfindən qəbul olunması ilə nəticələnmişdir.

Düsen bəy həm də yaradıcı insandır və ona görə də TÜRKSOY-un təşkil etdiyi bütün tədbirlərə yaradıcı yanaşır və onların daha canlı və təsirli olmasına çalışır. Özü də görkəmli musiqi xadimidir və yeri gəldikcə məharətli skripka ifası ilə hamını heyran sdir. Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley mərasimində onun skripkada ifa etdiyi gözəl musiqi parçaları indi də çox insanların yaddaşındadır.

Düsen bəy insanlarla çox tez ünsiyyət qurmağı və hamının qəlbini ələ almağı və ürəyinə yol tapmağı bacarır, hamı ilə birgə əylənməyi, birgə vaxt keçirməyi çox sevir. TÜRKSOY-a qonaq gələn hər bir nümayəndə heyəti ilə şəxsən görüşür, onlarla birgə nahar edir və böyük məmnuniyyətlə və böyük fəxrlə onlara TÜRKSOY-un muzeyini, bu təşkilatın keçdiyi 20 illik yolu əks etdirən foto sərgiləri hamıya göstərməyi çox xoşlayır və bununla fəxr edir.

Tükənməz enerjisini və bütün fəaliyyətini türk xalqlarının mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının təbliğinə həsr edən və bu yolda yorulmadan çalışan TÜRKSOY-un genel sekreteri professor Düsen bəy Kaseinova Azərbaycan Milli Kitabxanasının kollektivi adından və şəxsən öz adımdan möhkəm cansağlığı, ürəkdən sevdiyi və bağlandığı işlərində daha böyük uğurlar arzulayıram!

 





11.04.2017    çap et  çap et