525.Az

Komitə sədrindən Avroparlamentə qarşı sərt sözlər


 

Komitə sədrindən  Avroparlamentə qarşı sərt sözlər<b style="color:red"></b>

“Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edildiyi, ərazi bütövlüyümüzün pozuldğu vaxtdan bəri  artıq neçənci dəfə müşahidə etdiyimiz hadisə keçən həftə bir daha baş verdi. Söhbət hər dəfə Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrə demokratiya “dərsi” keçən, keçən ilin bu vaxtı ölkəmiz haqda qətnamə də qəbul edən avropalı parlamentarilərin Dağlıq Qarabağa səfərindən, qondarma rejimin  “prezidenti” Bako Saakyanla görüşməsindən gedir”.
 
Bu fikirləri  525.az-a açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dilə gətirib. Millət vəkilinin bildirdiyinə görə,  Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, demokratiya, insan hüquqlarının təmin olunması müxtəlif ölkələrin yaxud siyasi qrupların maraqlarına xidmət edən şüar, geosiyasi təzyiq vasitəsi deyil, universal dəyərlərdir:

 “Bunun  bu cür dərk edildiyini isə konkret qurumların, beynəlxalq təşkilat olan Avropa Parlamentinin həmin dəyərlərə sözlə deyil, əməli fəaliyyətlə həyata keçirməsinin nümunəsi ola bilərdi.Təsəvvür edin ki, sözdə başqa ölkələrə demokratik dəyərləri və beynəlxalq hüququn “tərəfdarı” olan beynəlxalq təşkilatın nümayəndə heyəti Dağlıq Qarabağa səfər edir. İşğalçı dövlətin mediasında bu səfər gen-bol işıqlandırılır. “DQR” ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərin müzakirə edildiyi, Avropa İttifaqı ilə  münasibətlərin inkişafının, Avropanın müxtəlif qurumları ilə, o cümlədən Avropa Parlamenti ilə əlaqələrin dərinləşdirilməsinin qondarma qurumun “xarici siyasəti”ndə əhəmiyyətli istiqamətlərdən biri olduğu və sairədən bəhs edilir.

Nə beynəlxaql hüquq, nə də siyasi münasibət və etika çərçivələrinə sığmayan bu səfərin sağlam məntiqlə rasional heç bir izahı yoxdur. Dünyanın demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatları Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Aİ, Avropa Şurası, İslam Konfransı Təşkilatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bəyan edib. Dünyada sülh və sabitliyin qorunması üçün əsas qurum hesab olunan BMT-nin Təhlükəsizlik Şuranının dörd qətnaməsi münaqişədə kimin haqlı olduğunu açıq şəkildə ortaya qoyur.

 Özlərini beynəlxalq hüququn “tərəfdarı” kimi təqdim edən avropalılar, ümumilikdə Qərb yaxşı yaxşı başa düşür ki, separatçılarla istənilən görüş benəlxaql hüququn pozulması, onların dolayısı ilə dəstəklənməsi deməkdir. Təasadüfi deyil ki, Dağlıq Qarabağdakı seperatçı rejim də bu kimi nümayəndə heyətlərinin işğal olunmuş bölgəyə səfərlərindən istifadə edir və “müstəqil ölkə” görüntüsünü yaratmağa çalışırlar. Avropa Parlamenti özünün bəzi üzvlərinin işğal altındakı Dağlıq Qarabağa səfərinə rəsmi  münasibət bildirərək qeyd edir ki, “Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Avropa Parlamentinin rəsmi nümayəndə heyəti deyil, bu səfər həmin deputatların şəxsi təşəbbüsü olub. Bu səfər həmin deputatların şəxsi təşəbbüsü olduğu üçün bu mövzuda bütün  sualları da onlara ünvanlamaq lazımdır”.

R.Aslanova qeyd edib ki, bu qanunsuz səfərdə iştirak edən 5 deputat Avropanın  4 ölkəsini təmsil edir və həmin ölkələrin rəhbərləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar:

“Ümumiyyətlə, bütün bunlara siyasi-hüquqi qiymət verilməlidir. Beynəlxalq təşkilat olan Avropa Parlamenti fəaliyyətini hansı hüquqi və etik prinsiplər əsasında aparmasını özü üçün  aydınlaşdırmalıdır. Yoxsa keçən il də həmin bu vaxtda   Avropa Parlamentinin Azərbaycanla bağlı "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə qəbul etmişdi və bu  ölkəmizdə ciddi narazılığa səbəb olmuşdu.  O zaman da dedilər ki, bu qətnamə Avropa Parlamentinin  754 deputatından cəmi 56 üzvünün  iştirakı ilə, cəmi 30 dəqiqəyə qəbul edilmişdi. Artıq  səhv addımların, qüsurlu siyasi praktikanın, beynəlxalq hüququn pozulması hallarının sayı azalmaqda deyil, artmaqdadır.

İşğalçı və yaxud da separatçı  ölkələrlə “dostluq qrupları” yaratmaq, səfərlər etmək hansı məqsədə xidmət edir? Sualın cavabı belədir: birmənalı  və avtomatik olaraq bu cür davranış-beynəlxalq hüquqa və torpaqları işğal edilmiş ölkələrə  düşmənçilik mövqeyi tutmaq deməkdir! Bunun başqa izahı yoxdur! Hələ biz demirik ki, separatçı rejimin dostları kimi səfər edənlərin sırasında keçən il Fransa senatına təqdim edilən “qondarma soyqırımı inkar qanununun müəllifi olan” məlum isimlər də var. Bu səfərlərin həqiqi mahiyyəti üzdə görünənlərdən daha dərindir.

Bu nəyi göstərir? Bu onu göstərir ki, “ikili standartlar” Qarabağ münaqişəsinin həllində ən böyük maneə olaraq qalır. Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə beynəlxalq təşkilatları Qarabağ münaqişəsilə bağlı ikili standartlarla işləməkdə ittiham edib. Sitat:" 20 ildir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi dörd qətnamə icra edilmir.. Nəyə görə? Ona görə ki, ikili standartlar var."

Bu qətnamələr deyil, Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı “qətnamələr” uydurulur və əldə bayraq edilir. İkili standartların həyata keçirilməsi beynəlxalq aləmdə yaşanan ədalətsizliyin, beynəlxalq hüquqdakı çatışmazlıq və problemlərin hələ davam etdiyini göstərir”.

Komitə sədrinin eyni zamanda dediyinə  görə, məsələyə daha geniş kontekstdən də yanaşmaq olar:

 “Biz  yaxşı bilirik ki, Avropa Birliyində olduğu kimi, Avropa  Parlamentində də böhran yaşanır və buna görə siyasi etikaya sığmayan əməllər ortaya çıxır. Avropa  Parlamentində 27 ölkədən  748 deputat, 8 partiya və fraksiyanı təmsil edir. Ən çox deputat sayı Almaniyadan, İtaliya və Böyük Britaniyadandır. Qondarma respublikaya səfər edənlər arasında bu 3 dövləti təmsil edən deputatlar yoxdur.

Avroparlamentin sədri Martin Şults keçən ilin məhz bu günündə Avropa parlamentinin deputatlarına, bütün üzv ölkələrə müraciət edərək, Avropa Birliyinin dağılma təhlükəsi ilə üz-üzə qaldığını bəyan edərək və demişdi: “Avropa Birliyi  mövcud olduğu tarixdə ilk dəfə dağılmaq təhlükəsi real ssenariyə çevrilib. Hakimiyyət rıçaqları demokratik  seçilmiş Avroparlamentdən və ictimai institutlardan milli səviyyəli qurumlara keçir. Qərarlar bağlı qapı arxasında qəbul edilir. Bu meyllər və dəyişikliklər müstəsna dərəcədə təhlükəlidir. Bu Avropa Birliyinin təməllərinə qəsd kimi dəyərləndirilməlidir”.

 Bu səfər isə bir daha göstərir ki,  AP deputatları özlərinin problemlərini ya  artıq həll ediblər, ya da onları həmin problemlər maraqlandırmır. Onlar seperatçı rejimə səfər etməyi Avropanın dağılma təhlükəsindən, böhranı həll etmək məsələlərindən  daha vacib sayırlar. Bütün bunlar da haqlı olaraq Avropa Parlamentində demokratiya ilə bağlı səslənən bəyanatlar və qətnamələrin universal dəyərlər adı altında geosiyasi maraqlara tabe edilməsinin bariz nümunəsi kimi dünya ictimaiyyətində hər gün həm heyrət, həm də şübhə yaradır. Demokratiyanın  və insan  hüquqlarının getdikcə imitasiyaya çevrilməsinə, beynəlxalq hüququn iflasa uğramasına   dəlalət edir.

Doğrudur,  qeyd etdiyim kimi, səfərdə  iştirak edən deputatlar AP-də əksəriyyət təşkil edən  aparıcı ölkələrin təmsilçiləri deyil. Lakin bu beynəlxalq təşkilatın  rəhbərləri unutmamalıdır ki, Avropa Parlamenti kimi beynəlxalq  bir təşkilatda bu cür destruktiv qüvvələrin əl-qol açması, onun çətiri altında hüquqa zidd fəaliyyət ortaya qoyması dərin təəssüf hissi doğurur. Onların davranışına qiymət verməlidirlər. Bütövlükdə isə  Azərbaycanı hədəfə alan bu cür hallar bizi öz yolumuzdan döndərə bilməz. Ərazi bütövlüyümüzü bərpa edəcəyimizə inamımızı sarsıda bilməz. Beynəlxalq hüquqda demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə inamımızın davam etməsi üçün isə Avropa Parlamenti adekvat davranış və münasibət ortaya qoymalıdır”.

R.Aslanova onu da bildirib ki, demokratiya ikili  standartlara, ayrı-seçkiliyə deyil, onun aradan qaldırılmasına  xidmət etməlidir: “Azərbaycan heç vaxt demokratiya və insan haqlarının geosiyasi təzyiq alətinə çevrilməsinə, manipulyasiyaya    yol verməyəcək!  İşğal altında olan torpaqlar azad edilməyincə,  1 milyon  qaçqının haqqı təmin edilməyincə beynəlxalq birliyin demokratiyadan danışması “ikili standartlar” olaraq qalacaq! Qondarma “Dağlıq Qarabağ Respublikasına” avropalı deputatların səfərini yalnız bu cür başa düşmək mümkündür”.

Kamil Həmzəoğlu

 





30.04.2013    çap et  çap et