525.Az

Hayd parka bir də mənim gözlərimlə baxın...


 

Hayd parka bir də mənim gözlərimlə baxın...<b style="color:red"></b>

Atamın xatirəsinə
 
Hayd park... Kensinqton bağı.... Çöl ördəklərinin, qazların, göyərçinlərin səs-səsə, qanad-qanada verdikləri gözəl bir göl mənzərəsi.. Məhz buradan başlamışdı mənim London macəram. Ötən ilin ilk həftəsonuna təsadüf etmişdi bu şəhərdəki ilk günüm, ilk gəzintim. İndi nə az, nə çox - bir ildən sonra yenə eyni məkandayam. Bu müddət ərzində çox gəlmişəm buraya. Amma bir başqa səbəb vardır bugünkü ziyarətimdə. Bugün gəldiyim yer dünyaca məşhur Hayd park deyil, bugün mən öz əllərimlə hər gün bir daşını hördüyüm xatirələr qəsrimdə ayrıca otağı, qapısı, pəncərəsi olan məkana gəlmişəm.

Mənim bu şəhərdə ilk şəklim burada çəkilib, ilk təəssüratım burada yaranıb. Hayd parkın ənginliyini seyr edincə anlamışam necə ucsuz bir yolda tək yolculuğa çıxacağımı. İndi gölün kənarında əyləşib, bu mənzərəni seyr edə-edə atamın çəkdiyi o ilk London şəklimə baxıram. Üzümdə sanki bir zəfərin təntənəsi, ürəyimə sığmayıb, gözlərimdə parlayan bir sevinc, bir əda. Şəklə baxıram, mənzərəni seyr edirəm... Zaman Hayd parkdan heç nə almayıb, məndənsə... Artıq Everesti belə fəth etsəm, şəklimi çəkəcək atam olmayacaq yanımda...

Bu şəklin bir gün mənim üçün bu qədər dəyər qazanacağına inanmazdım. O kinolarda görüb, arzusunda olduğum, atamın səyahət hekayələrində eşidib bildiyim, kitablardan, romanlardan oxuyub, təsəvvürümdə canlandırdığım Hayd parkın mənim həyatımda bu cür yer tutacağı xəyalıma belə gəlməzdi.

Alışdığım London nəmi var havada, xəfif küləklə torpağın təmizlik, təravət, bahar qoxusu dolur nəfəsə. Xatirələri işıq surəti ilə canlandıracaq qoxudan daha güclü nə var ki?! Gözlərimi yumuram, qulağımda atamın bir  il öncəki hekayələri səslənir. O, bu şəhəri mənə anladır, onun havasını, insanını, yollarını,  baharını, qışını, suyunu, çörəyini təsvir edir.

Atamı xatırlamağın hüznündənmi, ya parkda balaca qızların əlindən tutub, gəzməyə gətirmiş ataları seyr etdiyimdənmi bilmirəm, sanki köhnə kinolent effekti var hər görüntüdə. Eynilə uşaqlıq şəkillərim kimi. Tək qayğımın həftəsonu atamın məni gəzməyə aparıb-aparmayacağı olduğu günlərdəki kimi.  Xoşbəxtliyin Fəvvarələr meydanında "maşın" sürməyə bərabər olduğu çağlardakı kimi!  Dondurmanı icazə ilə yediyim vaxtlardakı kimi...

Həyat çox sadə imiş. Hayd parkı təsəvvür etməyəcək qədər sadə... Bir hədəfə can atmayacaq qədər sadə... Yalnızca adi gəzintidən, "maşın"dan, dondurmadan ibarət xoşbəxtlik! Elə ki böyüyürsən, oyuncaq maşınlar maraqsız gəlir, dondurmanı özün alıb yeyirsən və artıq onda başlayır "Hayd park" xəyalları, onda başlayır məqsədlər , hədəflər.... Başlayır bir göz qırpımında gəlib keçən həyat mübarizəsi, məslək davası..
Şəkildəki sevincimə baxıram, əlbəttə, bu arzularıma bir addım daha yaxınlaşmaq şansının verdiyi sevinc idi. Hayd park isə "ticarət"in kiçik bir ziyarəti idi sadəcə. London arzum gerçəkləşdi. Gerçəkləşdi və bu dünyada ən çox sevdiyim insanın ömrünün son ilində onunla birgə olmaq imkanından məhrum etdi məni...
Peşmanammı? Əsla. Anladım ki, bir il bundan qabaq Kensinqton bağında gölə çörək qırıntıları ataraq quşlar arasındakı davanı böyük şövqlə seyr edib, qəhqəhə çəkən gənc qızın Fəvvarələr meydanında bitməməsini arzulaya-arzulaya dondurma yeyən dörd yaşlı qızcığazdan fərqi yox imiş. Onda bələdçim atam idi, bugün isə onun arzuları. Hayd park isə şıltaq günlərimə şahidlik edən son park, son oyun meydançam, "ata, yoruldum bir az skamyada əyləşək, susuzladım, mənə su al" dediyim son cənnətdir! Xoşbəxtlik böyük uğurlar qazanmaqda deyil, xoşbəxtlik hər kiçik uğurda belə sizinlə fərəhlənəcək yaxınlarınızın yanınızda olmasıdır. Xoşbəxtliyin məkan anlayışı yoxdur. Harada olmanızdan asılı olmayaraq, sevdiklərinizin nəfəsidir xoşbəxtlik!
 
Turan Qarayeva
(London Biznes və Maliyyə Məktəbi)
                                                                        
Böyük Britaniyada nəşr olunan "Birlik" ictimai-mədəni gənclik qəzeti
www.birlik.co.uk  


 

 





01.05.2013    çap et  çap et