525.Az

Yolların ən doğrusu və ya nəhəng görünməz


 

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN “HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI” KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

Yolların ən doğrusu və ya nəhəng görünməz<b style="color:red"></b>

Hüseyn Kürdoğlu sözə qulluq edən yox, sözün sahibi olan sənətkar idi. Böyük söz sevgisi və mərdanə sənət eşqinin doğma övladı idi, həqiqi ilham və istedadın vəhdətindən yaranmışdı onun poeziyası.

Bu poeziya haqqında Dədə Şəmşir, Bəxtiyar Vahabzadə kimi ustad sənətkarlar, Yaşar Qarayev, Tofiq Hacıyev kimi böyük alimlər vaxtında söz deyib; lakin şəxsən mənə həmişə elə gəlib ki, Hüseyn Kürdoğlu poeziyasının halal haqqı sağlığında, hətta hələ indi də tam şəkildə verilməyib.

Neçə il əvvəldə qalan görüşlərimizi, Azərbaycan Televiziyasının “Ədəbi-dram verilişləri” baş redaksiyasında poeziya haqqında söhbətlərimizi, yeni kitablarını avtoqrafla mənə bağışladığı günləri xatırlayıram. O kitabları oxuyub, o şeir dolu söhbətlərə qulaq asıb heyrətlənmişdim; necə olub ki, belə görünən, yüksək səviyyəli, işıqlı, dumduru şeirlər müəllifi illər boyu görünməyib, kölgədə qalıb, layiq olduğu ucalıqda məşhurlaşmayıb, xalqın dillər əzbəri olmayıb, müasir poeziyanın, çağdaş ədəbi prosesin ön sıra etirafına, qəbul edilmiş zirvə faktına çevrilməyib?!

Sözə son dərəcə ehtiyat və ehtiramla yanaşması, hədsiz dərəcədə təvazökarlığı, qeyri-adi inam bəslədiyi poeziyasının taleyini zamanın ümidinə buraxması, şöhrət hissindən uzaqlığı, özünəməxsus şeir hücrəsində qəribə arxayınlığı... Bütün bunlar onu populyarlığa, məşhurluğa aparacaq yolların qabağını kəsmişdi. Oğlu İlham danışır ki, hətta ən yaxın alim dostları da nüfuzlu ədəbi toplantılarda, Yazıçılar İttifaqı qurultaylarının uyğun hesabat məruzələrində onun adını çəkmirdilər, səbəbini soruşanda deyirdilər: “Sən onsuz da böyük şairsən, sənin qurultay məruzələrindəki siyahılara düşməyə nə ehtiyacın?..”

Beləcə, şan-şöhrət soraqlı ənənəvi siyahılardan, gurultulu alqışlardan uzaqda, öz poeziya adasında aram-arxayın yaşayırdı, bütün ruhu-qanıyla SÖZÜN XOŞBƏXTLİYİNƏ işıq tuturdu, sözü bəxtəvərlik taxtında murada qovuşdururdu şair Hüseyn Kürdoğlu. Şeirlərində, xüsusilə, poeziyamızda yeni bir yol açan bayatılarında, təcnislərində, dördlüklərində poetik ruhun təzə ahəngləri, sözün min bir naxışı, söz sənətkarlığının sirli-sehrli son sahilləri oxucunu heyrətləndirirdi; qəfil, dumduru duyğu selləri kükrəyib qabarır, misra-kəşflərin işığı gözü-könlü qamaşdırır, ruhu bədəndən baş qaldırıb havalanmağa məcbur edirdi. Və 1500 illik poeziyamız yeni uğur səhifələriylə zənginləşir, QƏLƏBƏ sevinclərini yaşayırdı...

Görkəmli alimimiz, fədakar ziyalımız, çağdaş ədəbiyyatşünaslığımızın canlı klassiki Qəzənfər Paşayevin “Hüseyn Kürdoğlunun poetik dünyası” kitabı məhz belə uğur, qələbə sevinclərinə üz tutan, vaxtında yazılan, bu günün milli ədəbi-kulturoloji sözünü deyən, müəyyən mənada boşluğu dolduran ciddi monoqrafik tədqiqatdır. Bu, artıq qəlibləşən klassik modeldən, standart elmi-nəzəri yanaşmalardan imtina edən, Hüseyn Kürdoğlu poeziyasının ruhi-mənəvi anatomiyasını, gizli nüvə enerjisini, sirli daxili işıqlanma mexanizmini görməyə və göstərməyə çalışan və adətən, buna nail olan yaradıcı monoqrafiyadır.

Artıq dediyim kimi, Hüseyn Kürdoğlu ilə neçə dəfə görüşmüşəm, mənə kitablarını yazıb verib, xeyli söhbətlər etmişik; lakin mən bu kitabı oxuduqca xeyli təzə elmi bilik, yeni informasiya aldım; Hüseyn Kürdoğlu poeziyasına daha çox yaxınlaşa bilməyin yollarını göstərdi bu kitab. Açığı deyim ki, mən hörmətli Qəzənfər müəllimin yeni kitabını ağır, akademik üslublu klassik ədəbiyyatşünaslıq əsəri kimi yox, gözəl bir ədəbi mətn kimi ləzzətlə, birnəfəsə oxudum və oxuduqca rəhmətlik Hüseyn Kürdoğlunun ruhunun sevindiyinə şahid oldum.

“Hüseyn Kürdoğlunun poetik dünyası” əsərini oxuduqca, bir neçə məqamda “JZL” (“Görkəmli adamların həyatı”) seriyasından çap olunan məşhur kitabları xatırladım. Xüsusilə, H. Kürdoğlunun ömür yolunu, ilk sevgi macərasını təqdim edən hissələrdə (“Mühiti, həyatı və yaradıcılığının ilk illəri”, “Sağalmaz yarası ilk məhəbbətin”, “Şairin əbədi məhəbbəti”) klassik ədəbiyyatşünaslıq yanaşması ilə bədii-yaradıcı mətnin qovuşuğu, mükəmməl sintezi monoqrafiyanı oxunaqlı edir, əsərə özünəməxsus plastika, cazibədar estetik ovqat verir; nəticədə, dediyim kimi, kitab birnəfəsə oxunur, oxucunu yormur, bezdirmir və söz SÖZÜNÜ DEYİR, öz işini görür, düşüncələri üfüqlərdən üfüqlərə çağırıb aparır, duyğuları murada qovuşdurur. Etiraf edək ki, bizim ənənəvi milli ədəbiyyatşünaslığımızın oxu, mütaliə dairəsi, adətən, çox da geniş olmayıb; ədəbiyyatşünaslıq əsərlərini, adətən, ədəbiyyatşünaslar oxuyub... Haqqında danışılan monoqrafiyanı ənənəvi milli ədəbiyyatşünaslıq kompleksini dağıdan BİR İLK kimi də qiymətləndirmək olar. Bu kitabın ümumi oxu, kütləvi mütaliə üçün qapıları taybatay açıqdır; ən əsası da odur ki, o qapılardan içəri girən oxucular bezmir, geri qayıtmağa tələsmir, canlı ədəbi sözün sehr-sirr dolu cazibəsində cilovsuz duyğu dolaylarına üz tutur, əsərin bədii-estetik yaşantılar dünyasında yolunu davam etdirir...

O sevgi və intizar, arzu və ümid dolu yollarda oxucu Hüseyn Kürdoğlunun ata-baba yurdundan - Cənubi Azərbaycanın Qaradağ mahalının Şıxəhmədli obasından, qan düşmənçiliyi üzündən doğma yurdlarını tərk edib, Şimali Azərbaycana - Qarabağa, Laçın bölgəsinə pənah gətirən əmisi və atasının - İsa və Musa qardaşlarının məskunlaşdığı Mollaəhmədli kəndindən keçir, 14 yaşı tamam olan gün Məcnun bulağının sirri-xuda suyundan içib, tilsimlənmiş kimi qəfil poeziya alovuna bürünən gənc şairin qaynar poetik dünyasına düşür. Beləcə, kitab az qala əfsanə-əsatir pıçıltıları, nağıl-dastan ləngəri ilə başlayır, təzə poetik nəfəsin hansı bulaqlardan su içib gözgörəsi qəfil poeziya alovuna bürünən gənc şairin qaynar poetik dünyasına düşür. Beləcə, kitab az qala əfsanə-əsatir pıçılıtıları, nağıl-dastan ləngəri ilə başlayır, təzə poetik nəfəsin hansı bulaqlardan su içib, hansı köklərdən pöhrələndiyini nişan verir.

Müəyyən mübarək günlərdə köpüklənib qaynayan bulaqların cavanlara qeyri-adi güc-qüvvət, ruhi qüdrət, fenomenal VERGİ verməsi folklorumuzda ən çox rast gəlinən obraz-detallardan, ənənəvi epizodlardandır. Bu folklor detalının, dastan-nağıl epizodunun H.Kürdoğlu bioqrafiyasında praktik, real şəkildə özünü göstərməsi heyrətamiz bir faktdır və professor Q.Paşayev bu möcüzəli faktdan, qeyri-adi bağdan məharətlə istifadə edərək, ciddi monoqrafik tədqiqata ilk səhifələrdən cazibəli bir dastan düzəni gətirib. Böyük ədəbiyyatşünas alim Yaşar Qarayevdən gətirilən sitat bu məqamda lap yerinə düşür, dastan düzəninin struktural miqyaslarını bir qədər də dəqiqləşdirir, əfsanəvi-əsatiri başlanğıcın milli-mənəvi köklərini, dayaqlarını tam həyati mənzərə ilə açıqlayır: “...Hüseyn auditoriyada, kabinetdə şair olmayıb. Hələ körpə ikən Fizzə ananın alaçıq çubuğundan asıb yırğaladığı poeziya beşiyinə üç meh eyni vaxtda əsib: İşıqlı dağından, Ələsgər sazından, Füzuli sözündən. Təbiət, folklor və klassik şeir üç zirvədən tökülən üç şəlalə kimi bu gün də bu şeirin su içdiyi üç dirilik çeşməsi olaraq qalır”. 

Elə buradaca monoqrafiyadan başqa bir sitat da gətirmək istəyirəm...

“Akademik Teymur Bünyadov çox yaxın münasibətdə olduğu şair haqqında xatirələrində yazır: “Hüseyn Kürdoğlu əsilli, nəsilli, köklü-köməcli, qollu-budaqlı bir türk tayfasının layiqli övladıdı. Gün kimi aydındır ki, ətraf kəndlərdən fərqli olaraq, Mollaəhmədli türk kəndidi. Şairin “Kürdoğlu” təxəllüsünə gəlincə, bu, bir xoş təsadüfün nəticəsidir”.

Bu da şairin qardaşı, görkəmli ədəbiyyatşünas alim, professor Şirindil Alışanovun dediklərindən: “Babalarımız Həsən və Alışan türk mənşəli olublar”.

Bütün bunlar öz yerində.

Əsas məsələ odur ki, Hüseyn Kürdoğlu təbin, ilhamın, fitri istedadın, el-obaya, vətənə sonsuz məhəbbətin sayəsində əsl poeziya nümunələri yaradan, Azərbaycan poeziya bağçasında məxsusi yeri olan şairdir. Bu laləzar bağçada şairin kimliyi soruşulmur.

“Hüseyn Kürdoğlunun poetik dünyası” kitabına “Ədəbiyyatşünaslıqda faydalı örnək” adlı yüksək elmi-nəzəri səviyyəli, səmimi bir ön söz yazan akademik İsa Həbibbəyli xüsusi olaraq vurğulayır ki, “Ədəbiyyat tarixçiliyi ilə nəzəriyyə biri digərini tamamlayanda daha mükəmməl, uzunömürlü əsərlər meydana çıxa bilər. Ədəbiyyatşünaslıq elmimiz bu istiqamətdə düşünüb-daşınmalı, addımlar atmalıdır.

Bu mənada professor Qəzənfər Paşayevin təqdim olunan monoqrafiyası müasir Azərbaycan ədəbiyyatşünaslıq elmi üçün düşündürücü və faydalı bir örnək kimi də əhəmiyyətlidir”.

lll

“Hüseyn Kürdoğlunun poetik dünyası” kitabında şairin folklorla yaradıcı əlaqələrinə xüsusi fəsillər həsr edilməsi, bu istiqamətin geniş elmi-publisistik tədqiqata cəlb olunması təqdirəlayiq haldır. Çünki H.Kürdoğlu ilk növbədə Azərbaycan folklorunun ana bətnində yetişmiş, bütövlükdə qədim və qüdrətli türk şifahi söz sənətinin döşlərindən süd əmmiş, bütün yaradıcılığı boyu o QƏDİM və QÜDRƏTLİ YOLU davam və inkişaf etdirmiş, o möhtəşəm sənət karvanının zirvə dolaylarına parlaq, pozulmaz uğurlu səhifələr yazmışdır.

O, haradan gəldiyini, hansı köklərdən şirə çəkib pöhrələndiyini, hansı bulaqların əbədiyyət suyundan içdiyini bilir və bildiyini ehtiramla, iftixarla car çəkir, sədaqətlə, cəsarətlə bəyan edir, hamının diqqətinə çatdırırdı:

Orxon qayaları - əzəl kitabım,
Ulu Qorqud dədə - gözəl kitabım.
Nizami dirilik bulağım mənim,
Füzuli öz eşqim, qəzəl kitabım. 

Oğuz əri mənəm, hün əri mənəm,
Göy oğlu, yer oğlu, gün əri mənəm.
Zərdüşt də məndədir, Qorqud da məndə,
O qoç Koroğlunun hünəri mənəm.

Dünya şöhrətli türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Tofiq Hacıyev “Hüseynin dərdi, yaxud qəm şeiri” adlı sanballı məqaləsini bu sözlərlə bitirir: “Hüseyn müasir türkcəmizin ustadıdır... Hüseynin dili şəffaf, səlis, məzmun aydınlığı ilə duyğuları dolğunlaşdıran dildir. Özü deyən kimidir: sözlərin görünməyən rəngini, dilin təlatümünü, cəngini, qədim sözün içində yenini görən ustaddır”.

Professor Qəzənfər Paşayev o yeni sözün, təzə yolun elmi-nəzəri, bədii-estetik strukturunu, miqyaslarını təhlil və təqdim edir, haralardan gəlib haralara getdiyini açıqlayır, onu özünəməxsus şəhd-şirəli bir dildə, sanballı elmi-intellektual səviyyə, həm də rasional-praktik bir təfəkkürlə qiymətləndirir; nəticə etibarə ilə vurğulanır ki, Hüseyn Kürdoğlu poeziyası öz mükəmməl uğurları, novator bədii-estetik keyfiyyətləri ilə çağdaş Azərbaycan ədəbiyyatında ciddi bir sənət hadisəsidir. Professor haqlı olaraq qətiyyətlə yazır: “Çəkinmədən deyə bilərik ki, Kürdoğlu xalq dili ilə ədəbi dilin qovşağında poeziyada sözdən heyrətamiz bir abidə ucaltmışdır”.

Onun poeziyası çox az bir hissəsi görünən, tanınan nəhəng aysberqə bənzəyir və bu NƏHƏNG GÖRÜNMƏZİN, nəhayət ki, görünmək məqamıdır - istər ümumi ədəbi-elmi ictimaiyyətimiz, istər çoxmilyonlu oxucu auditoriyası, istər əlaqədar elmi, ədəbi, mədəni qurumlar miqyasında...

Dünyanın qabaqcıl söz bazarında artıq vaxtını, ömrünü yaşayıb qurtarmaqda olan çoxsaylı sənət cərəyanlarının, müxtəlif İZM-lərin köhnə, boyat şirəsinə təzədən göz dikən çağdaş ədəbi milli prosesin həmin yoluxucu xəstəlikdən sağalması, yad-yabançı düşüncə epidemiyasından xilası naminə Azərbaycanın özünəməxsus poetik modelinin saf, sağlam kök və qaynaqlarına qayıdış zamanıdır; necə ki, bunu Hüseyn Kürdoğlu qaynar söz eşqi, külçə istedadı, fədakar alim-sənətkar dirənişiylə etdi və reklamçı hay-küy salmadan, etdiklərini dünyaya car çəkmədən öz tənha, balaca adasında BÖYÜK ƏDƏBİ UĞURLARINI qazandı; bu, Orxon-Yenisey bəngüdaşlarının sinəsinə qazılan ilkin poetik düşüncələrdən, Oğuz çöllərini əbədi bahar çiçəkləri kimi bəzəyən Dədə Qorqud şeirlərindən baş alıb gələn, çoxsaylı dahiləri ilə seçilən mükəmməl, bənzərsiz Azərbaycan poeziyasına müasir dövrdə əsl övladlıq xidmətidir. “Hüseyn Kürdoğlunun poetik dünyası” kitabı məhz belə miqyaslı ədəbi düşüncələrə, təmkinli təəssüratlara meydan açır, xeyirxah iş görür, son dövr poeziyamızın görünməz nəhəngini göstərir, haqqı olanın haqqını verir.

Ədəbiyyatşünaslığımızda yeni söz deyən “Hüseyn Kürdoğlunun poetik dünyası” monoqrafiyasının möhtərəm müəllifini ürəkdən təbrik edirəm. Bu kitab itirilən dostlara hələ bu fani dünyadan itkin düşməyənlərin mərdanə salam sevdası, saf, səmimi söz sovqatıdır, QALANLARIN GEDƏNLƏRƏ etibar ərməğanı, ehtiram nümunəsidir. Çağdaş ədəbiyyatımızın canlı klassiki, müdrik patriarxı, professor Qəzənfər Paşayev köhnəlməyən köhnə dostu haqqında yazıb çap etdirdiyi uğurlu kitab-monoqrafiyası ilə hamımıza unudulmaz bir sevgi, etibar dərsi keçdi, YOLLARIN ƏN DOĞRUSUNU GÖSTƏRDİ.

 





15.04.2017    çap et  çap et