525.Az

AMEA Ədəbiyyat İnstitutu: “Xalidə Xalidi İrana institut göndərməyib”


 

AMEA Ədəbiyyat İnstitutu: “Xalidə Xalidi İrana institut göndərməyib”<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutu institutun kiçik elmi işçisi Xalidə Xalidin İranda həbs olunmasına münasibət bildirib.

Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı APA-ya açıqlamasında bildirib ki, Xalidə Xalid İrana təmsil etdiyi qurum tərəfindən elmi ezamiyyətə göndərilməyib: “Xalidə Xalid Ədəbiyyat İnstitutunun xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr” şöbəsinin kiçik elmi işçisidir. O İrana instituta heç bir məlumat vermədən gedib. Hazırda onun işdə hansı gündən icazəsiz olduğu və İrana nə vaxt getdiyi dəqiqləşdirilir”.
 
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib.
 
APA-nın “Oyannews”a istinadən məlumatına görə, X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
 
Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin yardımçısı, adının isə Şamax olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
 
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar – Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.

 





01.05.2013    çap et  çap et