525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda)

Azərbaycan Məclisi-Məbusanında 17 mart

(keçən nömrədən mabəd) 

Sədr - Söz Ağa Aşurovundur. Söz istəyənlərdən rica edirəm yazıb versinlər.

Aşurov - Mən də bu layihənin qəbul olunmasına bərəksəm. Parlaman gözübağlı bu işə getməməlidir. Hökumət bilmir ki, bu surətdə müavinəti-nəqdiyyə verməklə xəzinədən nə qədər pul çıxaracaqdır. Əgər bu gün hökumət neçə min manat neçə qəpik olduğunu qəti surətdə bilmiyorsa, barı təxminən də deyirlər ki, 5 milyon çıxacaqdır, 10 milyon, yoxsa 100 milyon, ancaq deyirlər ki, bu qanunu qəbul edin. Amma bunu böylə qəbul etmək olmaz. Burada ikinci bir məsələ vardır. Bir neçə hökumət qulluqçuları vardır məsələn: müəllimlər, teleqrafda olanlar və qeyrilər. Bunlar qədim vəqtən az məvacib alırlar. Bunların məvacibləri artırılmayıbdır. Nəzarət qulluqçularının halı nəzərə alınıb məvacibləri artırılmışdır. Amma onlar köhnə qərar ilə məvacib alırlar. Onların maaşları ancaq bir neçə prosent (faiz) artırılmışdır ki, o da bir şey degildir. Onlara da nəzarət qulluqçuları misalında insan kimi baxıb məvaciblərini artırmalıdır. Məsələn, müəllimlər fəna bir haldadırlar. İmdi 75 faiz müavinəti-nəqdiyyə verməklə siz onların səsini kəsirsiniz. Çünki bu 4-5 yüz manat edəcəkdir ki, o da bir köməklik degildir. Bununla onların halı yaxşılaşmaz. Ona görə deyirəm ki, bu layihəyi rədd edək və hökumətdən tələb edək ki, qulluqçuların məvaciblərini artırmaq üçün bir proje tərtib versin. Tainki hamısı bir cür məvacib alsınlar. Mən məruzəçiyə bir sual vermək istiyoram...

Sədr - (natiqi dayandırır) Natiq əfəndi rica edirəm sualınızı məclisə deyəsiniz, məruzəçi sonra cavab verər.

Aşurov - Mən elə bunu demək istiyordum. Mən deyəni başa düşərsiniz. (Kürsüdən düşüb gedir). (Ümumi gülüş).

Sədr - Söz təriq və məabir naziri Xudadad bəy Məlikaslanov cənablarınındır.

Məlikaslanov - Möhtərəm məbuslar! Maliyyə naziri burada olmadığına görə hökumət tərəfindən deyirəm ki, komissiyanın qərarına etiraz yoxdur. Beynəlidarə komisyonu məsələsinə gəlincə, onu deyirəm ki, komisyon çoxdan işləyir. Bahalıq gün-gündən artdığından komisyon bu gün qoyduğu qərarı sabah dəgişdirməgə məcbur olur. Ona görə də işlərini tez bitirmiyor. Komisyon yanvar və fevral aylarını hesab etmiş idi. Sonradan iskələ və dəmiryol qulluqçularının məvacibi artırıldığından işə tazədən baxılması lazım gəldi. Odur ki, iş ləngidi. Ona görə hökumət borclu oldu ki, qanun qəbul olunana qədər bayramqabağı məmurlara kömək eləsin, tainki bayramı bir növ yola versinlər. Beynəlidarə komisyonu işliyor. Bu yaxınlarda öz qətnaməsini təqdim edəcəkdir. Ona görə təvəqqe edərdik ki, bu qanun qəbul edilsin. Ümidvaram ki, məmurlar bu faizi bayramda da almasalar, bayramdan bir neçə gün sonra alarlar.

Sədr - Söz Heybətqulu Məmmədbəyovundur.

Qarabəyov (yerindən) - Onun əvəzinə bənə söz veriniz.

Sədr - Söz Qara bəy Qarabəyovundur.

Qarabəyov (İttihad) - Xatirinizdədir ki, parlaman tazə açıldıqda büdcə məsələsi müzakirə edilərkən bir belə məsələ var idi ki, parlaman qulluqçularına 60 min manat (naqradnoy) peşkəş verilsin. O vəqt firqələrin çoxu, o cümlədən biz də bunu rədd etdik ki, bu bir həqarətdir. Bunu qəbul etmədik. Dedik ki, hökumət qulluqçulara o qədər məvacib versin ki, o məvacib onları təmin etsin və böylə həqarətə də ehtiyac qalmasın. Firqəmiz imdi də bu təklifin tərəfdarıdır. Bayram münasibətilə heç bir peşkəş olmamalıdır. Biz buna etiraz edirik.

Amma az məvacib alanların halları fənadır. Aclıq çəkirlər. Bayramqabağı bir peşkəş verilməsilə bu işlərə əlac olmaz. Ona görə hökumət gərəkdir ki, qanun layihəsi hazırlasın və bu layihə mövcibincə də məvaciblər artırılsın. Hər yerin məvacibi bir cürədir. Binaənileyh qulluqçuların hamısına 70 faiz vermək olmaz. Çünki Bakıda hər şey birə on baha olduğu halda başqa (yerlərdə başqa) qiymət ilədir. Oradakı qulluqçuların məvacibini buradakılar qədər artırmaq çox olacaqdır. Ona görə biz təklif edərdik yaxın gələcəkdə məvaciblər artırılması hesabına olaraq avans təriqilə qulluqçulara müəyyən bir məbləğ verilsin. Sonra da haman məbləğlər onların artırılmış məvacibindən çıxılsın. Biz təklif edərdik ki, məvaciblərin artırılması layihəsini tezliklə tərtib və Məclisi-Məbusana təqdim edilsin. İmdi isə müavinəti-nəqdiyyə əvəzinə xidmətçilərə avans adı ilə bir qədər para verilsin.

Sədr - Söz Məhəmməd Əmin Rəsulzadənindir.

Məhəmməd Əmin Rəsulzadə (Müsavat) - Burada məsələnin iki cəhəti var. Biri elmi, yəni praktik cəhəti ki, bu saatdə məvaciblər artırılsınmı, ya yox? Əvvəlki natiq əfəndilər məvaciblərin artırılmasını nəticə etibarilə qəbul ediyorlar. Bəziləri qəbul etmənin günahını hökumət üzərinə qoyur. Bəzisi isə avans təriqilə verilməsini lazım bilir. Guya qulluqçulara bayram münasibətilə bəxşeş verilməgi qulluqçuların izzəti-nəfsinə toxunmuş kibi tələqqi edirlər. Fəqət bu məsələlər bəncə öylə degil. Bənə öylə gəliyor ki, bayram millətlərin həyatında böyük bir hadisədir ki, onda gərək qulluqçu olsun, qeyri qulluqçu olsun onların həyatları üzrə bayramın böyük təsiri vardır. Millətlərin özlərinə görə adəti və ənənatı var. İştə bu adət və ənənat dolayısı ilə bayramlar və sair bu kibi əyyam vücud bulmuş ki, bu günlərdə gərək kasıb, gərək dövlətli hər kim olursa-olsun həyatın digər günlərindən daha ziyadə məsud olmaq üçün bütün il qazancından artırdığı məbləğ ilə bayramda uşaqlarını geyindirəcək, onlara fəzlə yeyiş alacaq geyinəcək, sevinəcək, sevindirəcəkdir. Böylə gün üçün onlara vermiş olduğumuz müavinət peşkeş degil, görkəmli bir paradır ki, o para ilə o qulluqçu arzularını qolaylıqla vücuda gətirə bilər. Və bəlkə də sizə müavinətinizdən dolayı məsud və mütəşəkkir olar.
Millətlərin ənənatı daima kəndi bənligini mühafizə eylər. O asari-mədəniyyəyə başqa bir qiymət bəxş edə bilər. Millətlərin ənənatını daima təqib etməlidirlər. Bu məsələnin o surətlə vücud bulduğunu düşünməli ki, sanki məmurların keçmiş məvaciblərindən miqdari-kafi məbləğ qət edərək toplanıb birdən bayram münasibətilə mükafat tərzində öz pullarını özlərinə vermək kibidir. Bu surətlə siz layihəyi qəbul etsəniz, qulluqçuların hallarını şənləndirmiş olursunuz. Bu mükafata sədəqə nəzərilə baxmayıb, ənənatı təqib və ifa nəzəri ilə baxsanız, o vəqt ənənatı maliyyəyə xidmət etmiş olursunuz. Əsasən bu nəzəriyyə də hökumət məmurlarına təsmil olunamaz. Əvət, bir fabrika və ya kiçik bir dəstgahda sahibkar kəndi keyfi ilə bir xidmətçiyə qeyri-müəyyən olaraq məbləği-mükafat versəydi, o vəqt bu fikir orada əmələ gəlir idi. Hökumət aparatı ələlsəviyyə hamıya bir nəzər ilə baxıyor... Ona görə burada bəxşeş degil, bəlkə məmurların şənlikləri üçün bu layihə təklif edilir və hamıya bərabər tətbiq ediləcəkdir. İstifadə ayrı-ayrı degildir.

Bu məsələ milli ənənatı şənləndirmək və xatırlandırmaq üçündür. Bu surətlə əməli nəzəriyyələr meydanda ikən bir takım əməli nəzəriyyətçilik ilə ortaya çıxmaq həm sol və sağ sosialistlər üçün gülüncdür. Bən və fraksiyamız bu müavinəti-nəqdiyyənin verilməsi əleyhində degiliz. Zira biz hər kəsi küçədən çağırıb ona vermiyoruz. Biz o adamlara veriyoruz ki, hamısı bu ana qədər hökumət qulluğunda bulunmuşdur. Əməliyyata gəlincə, hökumət bunların məvacibini ümumən artırmalıdır deyirlər. Bildigimizə görə daxiliyyə, məarif nəzarəti və sair nəzarətlər qulluqçuların məvaciblərini artırmaq üçün qanun layihəsi tərtib edərək maliyyə və büdcə komissiyasına göndərmişlər. Komissiya da hal-hazırda tədqiqatla məşğuldur. Öylə zənn etməyiniz ki, nəzarətlər öz qulluqçularının məvaciblərinin artırılması fikrində olmuyor. Təriq və məabir və hərbiyyə nəzarəti bu layiheyi-qanuniyyə hökmündən istisna edimişdir. Çünki onların məvacibləri bu yaxınlarda artırılmışdır. Onlar mükafat əvəzinə artırılan maaş fərqinə qane olacaqlar. O fəzlə məbləğ bittəsadüf bayram münasibətilə onların ehtiyacını dəf edə bilər. Xülasə təklif edilən qanun layihəsi komisyonun təshihi ilə bərabər qəbul edilsin və bundan da hökumətə dövlət xəzinəsinə böyük zərər olmaz.

Bu sənə üçün təxmin hesabına görə 4-1/2-4 milyon para gedəcəkdir. Bunun da avans surətilə verməgə ehtiyac yoxdur. Əgər bu müavinəti-nəqdiyyə məsələsi qəbul edilib də məmurlara veriləcək olarsa onların şadlıq və sevinclərinə yardım ediləcəgi aşikar.

Sədr - Təklif var ki, müzakirə bitsin. İki natiqə söz verəcəyəm biri lehinə, digəri əleyhinə. Əleyhinə kim danışmaq istiyor.

Səslər - Etiraz yoxdur.

Sədr - Danışmaq istəyən yoxsa səsə qoyuram. Hər kəs müzakirənin bitməsi tərəfdarıdırsa, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Deməli əksəriyyəti-rəylə müzakirənin bitməsi qəbul olunur. Son söz məruzəçinindir.

Mustafa Vəkilov - (Müsavat) Maliyyə-büdcə komisyonu mövzuyi-bəhs olan məsələyə praktik nöqteyi-nəzərilə baxdı. Sol, sağ firqələr burada dedilər ki, bu məsələ əsas etibarilə qəbul olunmaz. Hökumət bu layihəni təklif etməklə demək istəmir ki, məvaciblər artmayacaqdır. Komisyon böylə baxdı ki, bahalıq davam edir. Məvacib çatmır, hökumət nəzdində olan beynəlidarə komisyonu işliyor. Hələ işini bitirməyibdir. Komisyonun işi çətindir. Nəzərə gələn kimi asan degil ki, böylə böyük bir hökumət idarəsi xidmətçilərinin məvaciblərinin nə qədər artırılmasını az bir zamanda müəyyən etsin. Ona görə hökumət nəzdində olan beynəlidarə komisyon işini bitirmədigindən və qulluqçuların məvacibləri çatmadığına görə maliyyə-büdcə komisyonu təklif edir ki, məvaciblər artıncaya qədər bu layihə qəbul edilib qulluqçulara müavinəti-nəqdiyyə verilsin.

Burada bir sual verildi. Dedilər ki: komissiya söyləyə bilməzmi nə qədər pul veriləcəkdir. Əlbəttə bütün aparatlar əlində olan bir idarə bu iş üçün xəzinədən nə qədər para çıxacağını bilməsə, komisyon haradan bu suala cavab verə bilər. Ancaq komisyonda bir söhbət oldu ki, 7-8 milyon arasındadır. Ona görə komisyon tərəfindən təklif edirəm ki, bu layihəyi də qəbul edəsiniz.

Muxtar Əfəndiyev - (yerindən) Mən əleyhinə danışmaq istiyordum...

Sədr - Rica edirəm əyləşəsiniz.

Əfəndiyev - Mən bu barədə...

Sədr - Rica edirəm əyləşəsiniz. Məsələ keçibdir. Vəqtində dedim kimsə danışmaq istəmədi. Layihəni səsə qoyuram. Hər kəs layihəni komisyonun təshihi ilə ki ibarət olsun: 1400 rubləyə qədər alanlara maaşının 70 faizi, 1400-dən 2000-ə qədər alanlara 60 faiz, 2 mindən ziyadə alanlara 40 faiz müavinəti-nəqdiyyə verilməsi tərəfdarıdırsa rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Sayınız! Lehinə - 35. Kim əleyhinədir? (Əllər qalxır). Əleyhinə - 4. Kim səs verməyib? 15. Deməli, layihə əksəriyyət ilə qəbul olunur. Keçəlim növbədəki məsələyə. Növbədəki məsələ Şəki şəhərinə səpmə yatalaq ilə mübarizə etməkdən (ötrü) 2 yüz min rublə faizsiz para buraxılması layihəsidir. Söz Aslan bəy Qardaşova verilir.

Qardaşov - (Əhrar) Nuxa şəhərində səpmə yatalaq naxoşluğu şiddət etdiginə görə Nuxa bələdiyyə idarəsi mübarizə etmək üçün parası və lazımi alətləri olmadığından rica edir ki, hökumət tərəfindən müavinət olunsun və rica edir ki, dövlət xəzinəsindən ianə təriqilə 200 min rublə buraxılsın. Nuxa bələdiyyə idarəsi daxiliyyə nəzarətinə müraciət edib təvvəqe də qəbul olunubdur. Lakin daxiliyyə nəzarəti böylə qəbul edibdir ki, Nuxa şəhərinə faizsiz olaraq dövlət xəzinəsindən 200 min rublə para borc verilsin. Və bu borc 1920-ci sənədən başlamış 4 ilin müddətində geri alınsın.

İmdi daxiliyyə nəzarəti də haman layihəni pişnəhad etmişdir. Burada bir məsələ vardır ki, Nuxa şəhəri bu pulu borc degil, ianə təriqilə istiyor. Amma hökumət ianə degil, borc təriqilə veriyor. Layihə də həmin şəkildə varid olmuşdur. Daxiliyyə nəzarəti hökumətin pulu olmadığını nəzərə alıb ianə təriqilə degil, bu pulun borc təriqilə verilməsini qərara almışdır. Maliyyə-büdcə komisyonu da bu layihəyə baxıb nəzarətin rəyinə şərik olmaqla bərabər özgə şəhərlərə verildigi qərar üzrə Nuxaya faizsiz borc verməklə müavinətdə bulunmağı qərara almışdır. Nuxa bələdiyyə idarəsinin borc götürməyə qüvvəsi olmadığı halda, lakin təcili surətdə müavinətdə bulunmaq lazım olduğuna görə komisyon bu rəyə gəldi ki, bu layihəni hökumət tərəfindən gəldigi qərar üzrə qəbul etsin. Daxiliyyə nəzarətinin təqdir etdigi layihə budur: (Məruzəçi oxumağa başlarkən üzvlərdən bir paraları qalxıb dışarı çıxdıqda sədr məruzəçiyi dayandırır).

Sədr - Rica edirəm yerinizdən danışmayasınız. Qapını bağlayın, kimsəni bayıra buraxmayın.

Qardaşov - (oxuyur) Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına

Nuxa şəhərində sarı səpmə yatalaq xəstəliyi zühur etmişdir. Şəhərin həkimlər şurası istər əmrazi-ümumiyyəyi-adiyyə, istər əmrazi-sariyyəyi-şədidəyə düçar olan xəstələri müdam surətdə tədavi etmək üçün şəhər daxilində heç bir xəstəxanənin mövcud olmadığını nəzəri-etibarə alaraq əmrazi-sariyyə barakları inşa etmək, məvvadi-tənzifəyə hazırlamaq kluzatlar yapmaq və mənqul-tənzifat kameraları əhzar eləməgi təhti-qərara almışdır. Şəhər idareyi-bələdiyyəsi şəhər sandığında vəsaiti-nəqdiyyənin kamilən fəqdanından dolayı, həkimlər şurası tərəfindən tövsiyə edilən tədbirlərin ittixazı imkanından büsbütün məhrum olduğundan məzkur idareyi-bələdiyyə 1918 sənəsi 31 qanuni-əvvəldə olan cələsəsində səpmə yatalaq xəstəligi ilə mübarizədə bulunmaq üçün mənabeyi-nəqdiyyə aramaq məsələsini müzakirə və işbu qərarı əta eləmişdir.

Nuxa şəhərinə əmrazi-sariyyə barakları, kluzaklar yapmaq tənzifati-məvaddi və mənqul kameralar hazırlamaq üçün hökumət nəzdində Nuxa şəhərinə 200 min manat ianə buraxılması həqqində hökumət nəzdində iqdamatda bulunur.

Gəncə valisi keçmiş qanuni-saninin 31 tarixli 26 nömrəli təzkirəsilə məzkur şəhər idarəsinin işbu iqdamatını təsvib etməkdədir.

Bəladəki məşruhatə məbni daxiliyyə nəzarəti Nuxa şəhərində hökmfərma olan sarı səpmə yatalaq xəstəliyi ilə mübarizədə bulunmanın xəstəliyi nəinki yalnız şəhərdə, əsasından qaldırmaq üçün hətta guya siraət etdikdə kəndisilə mübarizədə bulunmanın qeyri-mümkün olacağı səbəbilə kəndisinə son dərəcə diqqət olunacaq bir keyfiyyət olmasını nəzəri-etibarə alaraq Nuxa şəhəri idareyi-bələdiyyəsinin işbu iqdamatını şayani-qəbul olduğunu etiraf ilə atidə məsrud layiheyi-qanuniyyəni Məclisi-Məbusanın təsvibinə təklif eylər:

1) Xəzinəyi-dövlət vəsaiti-nəqdiyyəsindən bilafaiz olaraq Nuxa şəhəri idareyi-bələdiyyəsinə əmrazi-sariyyədə mübarizədə bulunması üçün 200 min manatlıq bir borcun verilməsi;

2) Məzkur idareyi-bələdiyyənin işbu borcu 1920-ci səneyi-miladiyyəsindən bədə ilə hər sənə müsavi hissələr ilə 4 sənə zərfində xəzineyi-dövlətə verməsi üçün kəndisini məcbur etmək.

Maliyyə-büdcə komisyonunun protokolu

15 mart 1919 sənəsində maliyyə-büdcə komisyonunun iclasında Nuxa şəhər idarəsinə 200 min rublə borc buraxılması xüsusunda daxiliyyə nəzarətinin təqdim etdigi qanun layihəsi müzakirə olunaraq qət olundu.

Daxiliyyə nəzarətinin Nuxa şəhər idarəsinə 200 min rublə verilməsi xüsusundaki qanun layihəsi bilatəbdil qəbul olunsun.

Komisyon tərəfindən təklif edirəm ki, bu layihəni qəbul edəsiniz.

Sədr - Kim danışmaq istiyor. Hər kəs danışmaq istiyorsa, yazsın versin. Söz Qəbulzadənindir.

“Azərbaycan”, 21 mart 1919, № 142

Bərəks - əksinə olaraq

Təsmil - xoş, kefləndirmə

Fəqd - yoxluq

Məsrud - yazılmış

(Ardı var)

 





17.04.2017    çap et  çap et