525.Az

Tanrılarla baş-başa - Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj


 

Tanrılarla baş-başa - <b style="color:red">Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj</b>

(Əvvəli ötən şənbə sayımızda)

DÖRDÜNCÜ GÜN: Xristianlığın "İŞİD" dövrü 

Epidavros məbədi Arqolid yarımadasında yerləşir. Bura bir teatrı ilə, bir də akslepionu, bizim dildə desək, xəstəxanası ilə məşhurdu.

Qədim Yunanıstanın hər yanından, hələ desən Romadan belə zəvvarlar bura axışarmış. Təbabət tanrısı Asklepidən şəfa dilərmişlər. Onun adıyla açılan yüzlərlə şəfa ocağından ən məşhuru olan Epidavros akslepionunda müalicə alar, axşamlar da beşaddımlıqdakı teatrda tamaşaya baxarmışlar.

Asklepion rahiblərinin şamanlar kimi dini rituallar icra etməklə yanaşı, təbiblik qabiliyyətləri də vardı. O vaxtkı inanca görə xəstəliklər tanrılardan gəlirdi, səmaviydi. Hippokratın özü də belə rahib nəslindən idi. Amma o, sələflərindən fərqli mövqe tutaraq, xəstəliklərin səbəbini yerdə axtarmağı üstün tuturdu.

...Elə Epidavros muzeyində eksponatlara baxıb Hippokratı düşünürdüm ki, arxadan qəfil çıxıb əlini çiynimə qoydu.

“Necədi, xoşun gəlir bizim şəfaxanamızdan? Burda tək müalicə etmirik, həm də təhsil veririk. Bilirsən kimlər oxuyub burda? Mark Avrelinin şəxsi həkimi Galen, daha kimlər, kimlər. Sizin səhiyyədən xəbərim var. Sənin “Semaşko” xəstəxanasında bir gecə qaldığını da bilirəm. Ordan yazdığın “Ağrının sərhəd məntəqəsi” yazını oxuyub dəhşətə gəlmişdim. Sizin Şərqin müdrik təbibləri olub. Elə tək İbn Sina dünyalara dəyər.

Həkimlərinizə de ki, tibdə mərhəmət biliklə təndi. Mərhəmətli olsunlar, yoxsa mənim andımı içməsinlər”.

Maraqlı söhbət edəcəkdik, hələ bəlkə ağrıyan yerimi də göstərəcəkdim, mələk gözəlliyində bir tibb bacısı imkan vermədi, çağırıb təcili apardı...

Dünyada ilk klinik müalicə bu akslepionlarda həyata keçirilib. Xəstələr burda qalıb müalicə olunurmuşlar. Tibb tarixində xəstələrin ilk xəstəlik tarixçələri də burada yazılırmış, özü də daş lövhələrə. Muzeydə sərgilənən tibb alətləri elə buradakı qazıntılar zamanı tapılıb. Alətlərdən məlum olur ki, qədim rahib-təbiblər cərrahi əməliyyatlar da aparırmışlar.

Epidavros teatrında Esxillə söhbət

Antik yunan dramaturqu Esxil iki bilet göndərib Epidavros teatrında oynanılacaq özünün “Zəncirlənmış Prometey” tamaşasına dəvət elədi. Axşam getdik. Tamaşadan əvvəl ayaqüstü söhbətimiz oldu.

“Niyə “İbrus” teatrı bağlanıb? Pantomimdən də xeyli vaxtdı səs-soraq yoxdu! Camaatınız bəs niyə teatra getmir? Bax, bizim bu teatra hər dəfə 14 min tamaşaçı gəlir. Hansı məbləğdə desən teorikon alırıq. Teorikon tamaşalara, şənliklərə, qurbanlıq törənlərinə ayrılan xüsusi dövlət kreditidi. Elə il olur ki, dövlətimiz belə işlərə ordudan çox pul ayırır. Daş oturacaqlı teatrlar tikiləndə biletləri satmağa başladıq. Tamaşaçıbaşına 2 obolos, sizin pulla 2 manat. Sağ olsun, Perikl hakimiyyətdə olanda qərar çıxardı ki, kasıb tamaşaçıların bilet pulunu dövlət ödəsin”.

Başqa nəsə deyirdi, bir də gördüm Zevsin qızları, incəsənət və elm tanrıçaları - muzalar gəlir. Canıyanmışlar bir-birindən gözəl - fikrim getdi, ağzımı ayırıb onlara baxdım. Xanımım qolumdan bərk dürtmələdi ki, hara baxırsan? Huşum qayıtdı söhbətə. İstədim deyəm ki, nə teatr, rəhmətliyin oğlu, bizim indi yaxşı şou çıxaranlarımız var, onlara baxıb qaqqıldaşır-gülüşürük - gördüm Esxil muzaların əhatəsindədi, ta məni görmür, eşitmir...

Epidavros teatrı elə yerdə tikilib ki, uzaq yamaclardan, dərin dərələrdən gələn meh həm adamın üzünə sərinlik verir, həm də səhnədə deyilən sözləri mikrafon əvəzi qulağına çatdırır. Qəribə bir akustikası var. Aktyorların dediyini ən hündür sırada belə rahat eşidirsən.

Aqamemnonun kəsif qoxulu türbəsi

Epidavrosdan qayıdanda yolüstü Mikena xarabalıqlarına döndük. Mikena akropoluna (yüksəklikdə məbəd) Aslan qapısından keçib girirsən. Bura qədim Yunanıstanın antiköncəsi mədəniyyət beşiyidi. Eradan əvvəl ikinci minillikdə inkişafın zirvəsini yaşayıb. Tunc dövrdən qalma tarixi tikililəri, qızıl zinətlərlə dolu sərdabələriylə məşhurdu. Mikena mədəniyyəti özündən sonrakı sivilizasiyalara yön verib, elə antik dövrün erkən çağlarında ömrünü o mədəniyyətlərə bağışlayıb, səhnədən çəkilib. Çox qədim yerdi, hələ Strabon yazırdı ki, onun vaxtında şəhərdən əsər-əlamət qalmayıb.

Mikena akropolunun beşaddımlığında Aqamemnonun nəhəng məqbərəsi var. “Aqamemnon maskası” adıyla Afina muzeyində saxlanınan qızıl maska burda tapılıb. Homerin “İlliada”sının baş qəhrəmanlarından olan Aqamemnon antik yunan mifik obrazı kimi məşhurdu. Yelenaya görə, Troya müharibəsini başladan da o olub.

Məqbərə buz kimiydi. Həm də tam kəsdirə bilmədiyim qəribə qoxusu vardı, elə bil tarixin kəsif iyi gəlirdi.

BEŞİNCİ GÜN: Müharibə tanrısı Ares ürəyimdən yaraladı

Səhər yeməyindən sonra Tolonun baş küçəsiylə suvenir mağazalarını dolaşdıq. Bu gün heç yana getməyəcəkdik. Elə sahildə günlənəcəkdik. Xanım uşaqlara, iş yoldaşlarına suvenir seçdi, mən də bir-iki şüşə yunan çaxırı, bizim araq, türklərin rakı dediyi uzo aldım. İsveçdə içki çox bahadı, fürsət idi.

İki saatlıq bazarlıq-dolaşmadan sonra hotelə qayıtdıq. Hərə öz kitabını götürdü, getdik sahil çimərliyinə. Yusif Vəzir Çəmənzəminlinin “Studentlər”i neçə gündü mindiyim zaman maşınını üzü yüz il əvvələ döndərdi, bir neçə saatlığa Egey sahilindən Dnepr ləpədöyəninə apardı.

...Axşama doğru balkondan görünən mənzərə teatr səhnəsini xatırladır. Günəş hotelin arxasına keçdiyindən elə bilirsən qaranlıq zalda işıqlı səhnəyə baxırsan. Sahildən bir qədər aralı o xaçlı adaya üzmək həvəsinə düşdüm. Dedim, görüm haracan üzə bilərəm.

Suya girib qayıqları, katamaranları bir-bir arxada qoya-qoya adaya sarı üzdüm. Duzlu suda hərəkət çətin olmasa da, xeyli üzüb yoruldum. Yəqin bu, yorğunluqdanıydı, ada gözümə ada kimi görünmürdü, elə bil meh titrədən tülüydü.

Dəniz ilğımı Fata Morgana buna deyirlər?

Dayanıb üzü göyə sarı suda uzandım ki, nəfəsimi dərəm, bir də eşitdim kimsə məni çağırır. Adaya sarı qanrılıb baxanda kimi görsəm yaxşıdı! Müharibə tanrısı Aresdi, qayanın üstündə durub bağırır:

“Hara gəlirsən? Sənin qiblən bu xaç deyil, yaxşı tanıyıram səni, sənin qiblən heç Kəbə də deyil. Qiblən Qarabağdı, yeri - üz ora! Sarkisyan at oynadır orda, odey indi də parad keçirir”.

Uzaqdan Aresin üzünü görməsən də, səsi bəs elədi, canımı üşütmə tutdu, qorxdum.

Həqiqət tək acı olmur, o, həm də qorxuncdu!

Üzüsulu geriyə üzməyə başladım. Sizi bilmirəm, məndə bəzən qorxu hissi utanc duyğusundan yaranır. “Sarkisyan at oynadır orda, odey indi də parad keçirir”.

Qorxulu fikirlər beynimə dolmuşdu. Yenə gözümə Fata Morgana görünürdü. Yaxınlaşdıqca ilğımlığından çıxırdı, amma nəyə oxşadığını hələ kəsdirə bilmirdim.

Poseydon əl elədi, əylədim

Bir az da yaxınlaşanda gördüm dəniz tanrısı Poseydondu, əl elədi, dayanıb durdum. Odisseyi qovalayıb gəlirdi, kefi kök idi.

- “Gördüm, babat üzürdün, bəyəndin Egeyin suyunu?”

- “Elə bil göz yaşıdı, bizim Xəzərdən duzlu, Göygöldən durudu”.

- “Düz deyirsən, bu su deyil, batırdığım adamların göz yaşıdı, yığmışam bir yerə, ona görə belə duzlu, durudu.

- “Siz tanrılar niyə bizi ağladırsınız? Ağlaya-ağlaya gəlirik dünyaya, elə ağlayaraq da gedirik”.

- “Biz məğlubları sevmərik. Mənim sularımda onlara yer yoxdu. Bir də, ömrü xoşbəxt gülüşlərdə keçən insan axırda allahlıq eşqinə düşür. Boş buraxsaq, allahlığımızı da alarsınız”.

Sözünü deyib, sualımdan incimiş kimi o xaçlı adanın dalındaca yox olub getdi. Mən də var gücümlə sahilə doğru tələsik üzməyə başladım. “Bax, beş-on allahlıq eşqinə düşüb fironluq edən hökmdara görə min illərdi insanlıq ağlar günə qalıb” sayaq fikirlərlə üzə-üzə bir də gördüm sahilə çatmışam.

Gözüm su içmədi bu Poseydondan, nə desən çıxar ondan, Odisseyin başına açdığı oyunlardan da xəbərim var.

Ta şərqarışanda girməyəcəm Egeyə. 

Payız 2016
Tolo, Yunanıstan - Karlskrona, İsveç

(Ardı var)

 





17.04.2017    çap et  çap et