525.Az

Fenomen şəxsiyyət


 

Fenomen şəxsiyyət<b style="color:red"></b>

İlqar MƏMMƏDOV
Bakı şəhəri 11 saylı notariat
kontorunun notariusu,
fəlsəfə elmləri namizədi

İyirminci əsrin ortalarından hazırkı dövrə kimi Azərbaycanın davam edən tarixini, xalqımızın həyatındakı baş vermiş mühüm hadisələri Heydər Əliyevdən, onun ictimai-siyasi fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Sadə, siyasi proseslərdə heç bir iştirakı olmayan ailədə dünyaya gələn bu şəxsin həyatı gənc yaşlarından Azərbaycan xalqının həyatı ilə qırılmaz şəkildə bağlanaraq özündə xalqın gələcək müqəddəratını həll etmək intensiyasını ifadə etmişdir. Yəni bu şəxs, Azərbaycan üçün, tarix üçün dünyaya gəlmiş və yaşamışdır.

Sovet rejiminin Azərbaycan xalqı üçün doğurduğu ağrıları, çətinlikləri görə-görə siyasi xadim kimi yetişən Heydər Əliyev ruhunun sosial həyatda açılış dinamikası onun sosial refleksiyasının nədə ifadə olunduğunu açıq-aşkar göstərməkdədir. Ruhdakı zənginliyin, mətin, dönməz iradənin, dərin zəkanın, digərləri üçün sirli qalacaq intuisiyanın üzərində qurulan bu refleksiya Heydər Əliyevin daxili, ruhi-mənəvi keyfiyyətlərindən, tələbatından irəli gəlməklə Azərbaycanın taleyüklü məsələlərini həll etmək, öz həyatı ilə xalqın tarixini yaratmaq, tarixi prosesləri istiqamətləndirmək kimi hallarda obyektivləşmiş və xalqın həyatı üçün təkrarolunmaz sosial-siyasi mahiyyət kəsb etmişdir. Bu səbəbdəndir ki, uzun müddət Heydər Əliyevin siyasi fəaliyyətinin izləmiş şəxs kimi Oljas Suleymanov sonralar yazırdı ki, Əliyevdə zəngin siyasi təcrübə, kəskin məntiq və tarixi prosesləri istiqamətləndirə bilmək istedadı var.

...İyirminci əsrin 60-cı illərinin sonunda respublika iqtisadiyyatı dərin böhrana düçar olmuşdur. Respublikamız milli gəlirin həcminə və inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən xeyli geri qalırdı. O dövrün rəhbərliyi bu böhranı həll edə bilmirdi və respublikada hakimiyyətin bacarıqlı təşkilatçılığı olan, qətiyyətli addımlar ata bilən şəxsə vermək zərurəti yaranmışdır. Azərbaycan və ittifaq Kommunist Partiyası, bu dövrün siyasi elitası digər siyasi fiqurlardan konformist olmamağı, təşəbbüskarlığı ilə seçilən Heydər Əliyevi Azərbaycanı böhrandan çıxara biləcək şəxs kimi qəbul etdiyindən o, yüksək intellekti, mənəvi keyfiyyətləri, iradə gücü ilə fərqlənən siyasi xadim kimi xarakterizə olunmaqla 1969-cu ilin iyul ayının 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Sözün qısası, cəmiyyəti böhrandan çıxarmaq üçün hakimiyyət ona verildi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasının birinci, Azərbaycanın gələcək inkişafının təməlqoyma mərhələsi idi.

Heydər Əliyevin gördüyü quruculuq işləri nəticəsində 1970-1980-ci illərin əvvəllərində Azərbaycanda ictimai həyatın bütün sahələrində ardıcıl, güclü inkişaf baş verdi. Onun elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə gördüyü məqsədyönlü tədbirlər nəticəsində respublikada yaranmış güclü sosial, iqtisadi və intellektual potensial sonradan Azərbaycanın müstəqilliyi üçün mühüm rol oynamışdır. Ümummilli lider sonralar özü də qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha da dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.

Heydər Əliyevin Azərbaycana nə dərəcədə bağlı olduğunu bilən Qorbaçov və SSRİ Kommunist Partiyasına güclü təsir göstərən erməni lobbisi Qarabağ hadisələrinə məhz o, SSRİ rəhbərliyindən gedəndən sonra başladılar. Həmin qüvvələr hər cürə çalışırdılar ki, onu Azərbaycandan təcrid vəziyyətdə saxlasınlar. Lakin Qorbaçov  bilə bilməzdi ki, özü hakimiyyəti tezliklə itirəcək, Heydər Əliyev isə bir daha Azərbaycan Respublikasının, bu dəfə müstəqil Azərbaycanın lideri, həm də ki, xilaskarı və müstəqil Azərbaycan dövlətçiliyin təminatçısı olacaq. Heydər Əliyev ruhunun hansı gücə malik olduğunu ancaq Heydər Əliyev və ona inanan xalqı bilirdi.

Müstəqil Azərbaycan dövlətçiliyini qorumaq çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev qısa bir zamanda seperatizmi dəf edərək, volyuntarist qüvvələri siyasi və hərbi cəhətdən zərərsizləşdirib ölkə daxilində dayanıqlı və möhkəm sabitliyi təmin etməklə bir çoxları tərəfindən gözlənilməyən qətiyyətlə, uzaqgörənliklə dövlət quruculuğu fəaliyyətini həyata keçirməyə başladı. Azərbaycanda baş verən hadisələri müşahidə edən və bu bölgədə maraqları olan dövlətlərin başçıları, nüfuzlu siyasi xadimlər də Heydər Əliyevi Azərbaycanı üzləşdiyi ümidsiz, ağır vəziyyətdən qurtara biləcək yeganə siyasi xadim kimi qəbul edirdilər. Bu səbəbdəndir ki, Süleyman Dəmirəlin Heydər Əliyevi siyasi lider kimi xarakterizə edərkən söylədiyi kimi, bütün iri dövlətlərdə, nüfuzlu beynəlxalq və regional təşkilatlarda istədiyi qapı üzünə açıq olan ümummilli lider aktiv xarici siyasət aparmaqla qısa zamanda Azərbaycanın dünya ictimaiyyətinə inteqrasiyasına, beynəlxalq təşkilatlarda fəal iştirakına, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı informasiya blokadasını qıraraq Dağlıq Qarabağın Azərbaycan respublikasının tərkib hissəsi kimi tanınmasına və  problemin həlli ilə bağlı beynəlxalq aləmdə qəbul ediləcək əsas prospektinin müəyyən edilməsinə nail olmuşdur. Ümummilli liderin apardığı qətiyyətli, çevik, Azərbaycanın inkişafı üçün bütün optimal halları ehtiva edən siyasətin doğurduğu nəticələrini görən ABŞ prezidenti Klinton bölgədə cərəyan edən hadisələri qiymətləndirərkən söyləmişdir ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan firavan gələcəyin bünövrəsini qoymaqdadır.

Həm xalq tərəfindən, həm də beynəlxalq aləmdə xarizmatik lider kimi qəbul edilən Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın hərtərəfli inkişafına təminat verən siyasi, sosial-mədəni, hüquqi qaydalar və münasibətlər həm xalqın, həm da dünya ictimaiyyətinin tanıdığı unikal siyasi legitimlik modelini formalaşdırmışdır. Heydər Əliyevin öz xalqı qarşısındakı missiyasına söykənən bu legitimlik onun hakimiyyətinin substansional əsasını təşkil etməklə, həm də siyasilikdən kənara çıxmış və Heydər Əliyev ruhunun milli ruha transendensiyasının qavranılan və hiss edilən təzahürünə çevrilmişdir.

Möhkəm hüquqi əsası olmadan Azərbaycanın hərtərəfli inkişafını qeyri-mümkün hesab edən ümummilli lider, Azərbaycanın hüquq sistemini və dövlət idarəçiliyini möhkəm təməl üzərində qurmaq üçün bəşəriyyətin nail olduğu mütərəqqi, humanist normalara söykənən milli Konstitusiyamızın müəllifliyini də öz üzərinə götürdü. 1995-ci ildə insan hüquqlarının təmin olunmasını dövlətin əsas məqsədi kimi bəyan edən və Azərbaycanda hüquqi-demokratik dövlətçiliyin təminatı olan Konstitusiyamızın qəbul edilməsi ilə yanaşı ulu öndərin rəhbərliyi ilə yaradılan Hüquqi İslahat Komissiyasının fəaliyyəti nəticəsində tez bir zamanda müasir tələblərə cavab verən və sonradan daha da təkmilləşdirilən mühüm normativ-hüquqi aktlar-məcəllələr, qanunlar hazırlanmış, ədalətli məhkəmə müdafiəsini həyata keçirməyə imkan verən yeni məhkəmə sistemi formalaşdırılmışdır.

Heydər Əliyevin hüquq siyasətinin kvintessensiyasını, başqa sözlə desək cövhərini insan hüquq və azadlıqlarını təmin edə bilən dayanıqlı dövlət mexanizmi, qanunçuluğa söykənən hüquq-mühafizə orqanları sistemi, müstəqil məhkəmə sistemi yaratmaq istəyi təşkil etdiyindən bütün bu sahələr üzrə indiyədək aparılan islahatlar həmin istək üzərində qurulmaqla Azərbaycanda hüquqi, demokratik dövlətçiliyin inkişafı ilə nəticələnmişdir. Hakimiyyətlərin bölünməsi prinsipi əsasında fəaliyyət göstərən dövlət orqanları sistemi təşkil edilmiş, təkmil dövlət qulluğu institutu formalaşdırılmış, Əvf institutu bərqərar olmuş, ölüm cəzası ləğv edilmiş, konstitusiya nəzarətini təmin edən Kostitusiya Məhkəməsi, Ombudsman institutu, üç pilləli məhkəmə sistemi yaradılmışdır.

Ümummilli liderin 1998-ci ilin fevral ayının 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında”, 1998-ci il 18 iyun tarixdə isə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edən fərmanları imzalaması ilə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilməli olan tədbirlərin istiqaməti, bu sahə üzrə dövlət orqanlarının fəaliyyətinin, insan hüquqlarının dövlət tərəfindən təmin edilməsi konsepsiyasının real ictimai münasibətlərə tətbiqinin dəqiq konturları  müəyyən edilmişdir. İnsan hüquqları sahəsində inkişafın məhkəmə sisteminin inkişafı ilə korrelyativ əlaqəyə malik olduğunu bilən Heydər Əliyev 1998-ci il dekabrın 1-də  “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsi barədə fərman imzalamış və hazırkı dövrə kimi bu əsasda həyata keçirilən tədbirlər nəticəsində məhkəmə sistemi sahəsində beynəlxalq qurumlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən mühüm nailiyyətlər qazanılmışdır. Azərbaycanın müstəqilliyi dövründə qəbul edilmiş qanunların təxminən 20 faizinin məhkəmə-hüquq islahatları ilə bağlı olması da ümummilli liderin müəyyən etdiyi hüquq siyasətində bu sahəyə nə dərəcədə mühüm əhəmiyyət verildiyini göstərməkdədir.   

Ümummilli liderin həyata keçirdiyi hüquqi dövlət quruculuğu möhkəm ədliyyə sisteminin inkişafı ilə müşayiət olunmuşdur. Məhkəmə-hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilərək icra xidməti, istintaq aparatı, bələdiyyələrlə iş və məhkəmə ekspertizası mərkəzləri yaradılmış, həmçinin, bir çox məsələlərin həlli də bu nazirliyə həvalə edilmişdir. Ardıcıl olaraq həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində formalaşmış çoxşaxəli, möhkəm müasir ədliyyə sistemi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dinamik şəkildə təkmilləşməkdədir.

Heydər Əliyevin hüquq siyasətinin, onun rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının məntiqi davamı olaraq yeni təsisatlar-Ədliyyə Akademiyası, bələdiyyələrə inzibati nəzarət idarəsi, müxtəlif reyestrlər, o cümlədən ədliyyə şöbələri yaradılmış, ədliyyənin infrastrukturunu yaxşılaşdıran tədbirlər görülmüş, yeni normativ-hüquqi aktlar qəbul olunmuşdur. “Məhkəmə-Hüquq Şurası haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunların, Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbul edilməsi, “Ədliyyə orqanlarının inkişafı haqqında” proqram xarakterli fərmanın imzalanması, hakim korpusunun ardıcıl şəkildə mütərəqqi Avropa satandartlarına cavab verən şəffaf, obyektiv seçkilər yolu ilə yenilənməsi, o cümlədən şəffaf prosedurla açıq müsabiqələr keçirilməklə yeni gənc kadrların ədliyyə orqanlarında qulluğa qəbul edilməsi Heydər Əliyevin müəyyən etdiyi hüquqi islahatlar kursunun davamı olmaqla çoxşaxəli ədliyyə fəaliyyətinin yeni tələblərə uyğun şəkildə tənzimlənməsinə, mütərəqqi məhkəmə islahatlarının daha da dərinləşməsinə xidmət edir.

Dövlət başçısı İlham Əliyevin 2009-cu ildə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nı qəbul etməsi ədliyyə sahəsinin normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi kimi kompleks tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunan sürətli inkişafına gətirib çıxarmışdır.  Bu kontekstdə Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi də ədliyyə və məhkəmə orqanlarının ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmasına, vahid informasiya şəbəkəsinin və elektron sənəd dövriyyəsinin yaradılmasına, idarəçiliyin müasir və mütərəqqi standartlara uyğunlaşdırılmasına xidmət edir.

Heydər Əliyevin müəyyən etdiyi kursa uyğun olaraq aparılan hüquqi islahatlar  ədliyyə sisteminə daxil olan notariat sahəsində də ciddi nailiyyətlərə səbəb olmuşdur. Azərbaycan notariatı Beynəlxalq Notariat İttifaqının tələblərinə uyğun təkmilləşmiş, Latın notariatının bərqərar olunması üzrə mühüm addımlar atılmış və Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əlaqələr qurulmuşdur. Bu sahədə əldə olunan nailiyyətlər qabaqcıl dövlətlərinin mütərəqqi təcrübəsinə söykənən xüsusi notariat institutunun Azərbaycanda inkişafı üzrə həyata keçirilən tədbirlərlə sıx bağlıdır. 2007-ci ildən etibarən şəffaf prosedurlarla keçirilən imtahan və müsahibələr nəticəsində Azərbaycanda notarius heyətinin 30 faizə qədəri yenilənmiş, 50-dən çox şəxs xüsusi notarius kimi fəaliyyətə başlamışdır.

Müstəqil Azərbaycan dövlətinin keçdiyi qısa, lakin mürəkkəb və dəyişikliklərlə zəngin şərəfli tarixi yola nəzər yetirərkən heyranlıqla və qürur hissi ilə təsdiq etməli olursan ki, Heydər Əliyev tərəfindən aparılmış və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu, uzaqgörən siyasətin nəticəsində bu gün Azərbaycan bölgənin lider dövlətinə, öz inkişaf tempinə görə bütün dünyada ön sırada gedən dövlətlərdən birinə çevrilmiş, Azərbaycan cəmiyyəti dünyada sabitliyi, tolerantlığı illə seçilən cəmiyyət kimi nüfuz qazanmışdır. Xalqın gələcək inkişafını hədəf almış həmin siyasətin bəhrəsidir ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizdən çox hissəsini təşkil edir, regionda həyata keçirilən bütün mühüm layihələrdə respublikamızın iştirakı ilə reallaşır, sürətlə artan büdcəmiz dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə əhalinin sosial rifahının durmadan yaxşılaşmasına təminat verir, hüquqi-sosial dövlət quruculuğu istiqamətində real, masştablı nailiyyətlər əldə olunur.

Belə bir şəraitdə təbii ki, hər bir vətəndaşın vəzifəsi bu nailiyyətlərin qorunmasına, daha da artmasına, sosial həyatda aktiv və yaradıcı mövqe tutmaqla möhkəm təməl üzərində qurulmuş dövlətçiliyimizin hərtərəfli inkişafına töhfə verməkdən ibarətdir.

 





01.05.2013    çap et  çap et