525.Az

Türkiyə xalqı Konstitusiya dəyişikliklərini dəstəklədi


 

Səsvermənin nəticələri göstərdi ki, xalq öz hökumətini, ölkənin gələcəyini müdafiə edir

Türkiyə xalqı Konstitusiya dəyişikliklərini dəstəklədi <b style="color:red"></b>

Türkiyə aprelin 16-da daha bir siyasi hadisədən alnıaçıq çıxdı. Ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər xalqın yüksək seçki fəallığı şəraitində lehinə 51.4 faiz olmaqla hüquqi həllini tapdı. Türkiyə Yüksək Seçki Komitəsinin açıqladığı yekun nəticələrə əsasən, seçicilərin 51, 41 faizi referenduma çıxarılan Konstitusiya dəyişikliklərinə “Bəli” cavabı verdi. Bununla da xalq uzun müddətdir ki, ölkənin ictimai-siaysi həyatında baş verən gərginliklərə, narahatçılıq və nigarançılıqlara da son qoydu. Beləliklə, Türkiyə demokratik, hüquqi islahatların davam etdirilməsi yolunda yeni mərhələyə keçid aldı.

Maraq doğuran məqamlardan biri də xarici ölkələrdə səs verən türklərin cavabıdır. Türkiyə iqtidarının referendumla bağlı Avropa ölkələrində təşviqatına, seçicilərlə görüşünə mane olan ölkələrdə "Bəli" cavabı daha çox olub. Türk seçicilərinə qəddarlıqla seçki təşviqatının qadağan olunduğu ölkələrdə - Hollandiyada 70,9%, Almaniyada 63,1%, Fransada 64,8%, Belçikada 76,7%, Avstriyada 73,9%, Norveçdə 57,2,%, Danimarkada 60,6%, Misirdə 59% səslə seçicilər Konstitusiya dəyişikliklərinə “Bəli” deyiblər.

Seçki kampaniyası dövründə Türkiyə hakimiyyətinin öz ölkələrində yaşayan türklərlə görüşlərini yasaq edən, təşviqat aparmasına müxtəlif antidemokratik üsullarla mane olan Qərb dövlətləri xalqın ədalətli seçimi qarşısında həqiqəti etiraf etməyə məcbur oldu. Məsələn, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel referendumun nəticələrinə düşüncəli yanaşmağın lazım olduğunu bildirib: “Nəticədən asılı olmayaraq, nəticədə türk xalqının səsverməsi idi. Biz soyuqqanlı olmalı və düşüncəli hərəkət etməliyik”. Digər Qərb ölkələrinin də siyasiləri seçkilərdə xalqın iqtidarın irəli sürdüyü təklifləri dəstəklədiyini və hökumətə inamlarını ifadə etdiklərini bildirirlər.
Avropa mətbuatının manşetində referendum xəbərləri əsas diqqət çəkməkdədir: "Ərdoğan yenə qələbə qazandı”. “BBC”, “CNN”, “France 24”, “Associated Press”, “Sputnik”, “Deutche Welle” kimi nəşrlərdə xalqın Ərdoğana dəstək verdiyini, referendumun Türkiyənin gələcəyinə uzun müddətli təsir edəcəyini, ölkədə yeni siyasi sistemin qurulacağını əks etdirən məqalələr dərc ediblər. Qeyd edək ki, Türkiyədə səsvermə prosesini 517 xarici jurnalist izləyib. Referendumu nəticələrini "Referendum 2017 Media Mərkəzi”ndən izləyən xarici mətbuat nümayəndələri prosesin şəffaf və demokratik keçməsinə dair informasiayalar yayıblar.
Türkiyənin və dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri və hüquqşünaslar hesab edirlər ki, Türkiyə Konstitusiyasına dəyişikliklər ölkənin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir.

Türkiyə Prezidenti, AKP-nin qurucusu Rəcəb Tayyib Ərdoğan ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini şərh edərkən bildirib ki, parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid ölkə tarixində ən mühüm islahatdır. “Bu gün tarixi bir qərar qəbul edilib. Səsvermə nümayiş etdirdi ki, xalq öz ölkəsini, öz gələcəyini müdafiə edir. Referendumun nəticələri Türkiyə dövləti və xalqının rifahına xidmət edəcək. Biz ölkənin idarəetmə sistemini dəyişirik. Bu, bizim ümumi qələbəmizdir ".
Türkiyənin Siyasi  lideri bildirib ki, artıq hamı bu dəyişikliklərə hörmətlə yanaşaraq ölkənin gələcəyi üçün mühüm qərarların icrasına hazır olmalıdır. Seçkinin nəticləri ilə razılaşmayan, acı məğlubiyyəti qəbul etmək istəməyən və müxtəlif əsassız və hüquqi çərçivəyə sığmayan iddalarla çıxış edən CHP lideri Kamal Kılıcdaroğlu “YSK-ya qarşı iddialarla çıxdı və YSK oyunun ortasında qaydaları dəyişdirdi” deməklə xalqın seçiminə qarşı yenə də hörmətsizlik nümayiş etdirdi. Amma YSK rəhbəri Sədi Güvənin cavabı da özünü çox gözlətmədi və CHP liderinin iddialarına fakt və arqumentlərə əsaslanaraq cavab verdi: "Oyun oynayarkən qayda dəyişilməz. Bu, təkcə YSK-nın qərarı deyil, xalqın iradəsinin və Konstitusyon seçki hüququnun tərənnümüdür. Ölkənin lideri, Prezident Ərdoğanın da Kılıcdaroğlunun məntiqsiz fikirlərinə sərrast cavab verdi: "Bəziləri aç toyuq özünü taxıl anbarında sanırmış kimi röyalara düşüb nəticələri kiçiltməyə cəhd edir. Biz üzümüzü millətə tutduq və millətimizlə əl-ələ verib bu nəticəyə nail olduq”.

Konstitusiya Məhkəməsinin və ölkə Prezidentinin təsdiq etməsindən sonra Konstitusiyada nəzərdə tutulan 18 maddəlik dəyişikliklər paketi qüvvəyə minəcək. Türkiyə Konstitusiyasına təklif olunan 18 maddə üzrə dəyişiklilər dövlətin ictimai-siyasi, hüquqi inkişafına, beynəlxalq mövqelərinin güclənməsinə təkan verəcəkdir. Dəyişikliklərə əsasən, məhkəmə sisteminin neytrallığı və tərəfsizliyin təmin olunacaq, parlamentdə deputatların sayı 550-dən 600 nəfər qaldırılacaq, parlament seçkilərində iştirak etmək üçün yaş həddi 25-dən 18-ə endiriləcək. Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Parlament və prezident seçkiləri hər 5 ildən bir, eyni gündə keçiriləcək.Silahlı Qüvvələrə aidiyyatı olan şəxslərin seçkilərdə namizəd olmalarına tətbiq edilən qadağa ləğv olunub. Parlamentin nazirləri sorğu-sual etmələri, hökumətin cavabdehliyi ilə bağlı xüsusi araşdırmalar aparmaq səlahiyyətləri olmayacaq. Nazirlərin parlamentin suallarına şifahi cavab verməsi qaydası ləğv ediləcək. Prezidentliyə namizəd olmaq üçün hər bir şəxs azı 5% səs toplamış partiyanın dəstəyini qazanmalıdır. Prezidentin siyasi partiyada üzvlüyünün dayandırılmasına qoyulmuş qadağa da aradan qalxacaq.

Prezident dövlətin başçısı kimi nazirləri və vitse-prezidentləri təyin etmək, yaxud vəzifədən azad etmək səlahiyyətlərinə malik olacaq. Həmçinin, prezidentə referendum təşkil və fövqəladə vəziyyət elan etmək hüquqları da verilir. Prezidentin səlahiyyətlərinin artırılması o demək deyil ki, onun fəaliyyətini təftiş etmək mümkün olmayacaq. Dövlətin birinci şəxsi kimi prezident yürütdüyü daxili və xarici siyasətə məsuliyyət daşıyacaq, ölkənin milli maraqlarına zidd siyasət həyata keçirildiyi və hüququn aliliyinə qarşı addımlar atdığı halda Türkiyə Böyük Millət Məclisinin üzvlərinin beşdə üçünün səs çoxluğu ilə məsuliyyətə cəlb olunacaq. Parlament prezidentin əməlləri ilə bağlı cinayət işinin başlanmasına qərar verəcək. Hərbi məhkəmələr ləğv ediləcək, mülki məhkəmələrdə də islahatlar aparılacaq. Hakim və prokurorluq institutu Ədliyyə Nazirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

İndi Türkiyə referendumda qəbul olunan maddələrin həyata keçirilməsi yolunda çətin və gərgin bir prosesə qədəm qoyur. Ölkənin siyasi tarixində birinci dəfə baş tutacaq hadisə - eyni gündə parlament və prezident seçkilərinin keçirilməsinə doğru yeni yol başlayıb. 2019-cu il noybarın 3-də keçiriləcək seçkilər daha hazırlıqlı olmağı tələb edir. Çünki bu seçkilərdə qalib gələn siyasi qüvvə həm parlamenti və hökuməti formalaşdıracaq, həm də Xalq tərəfindən seçilən Prezident həmin siyasi təşkilatın namizədi olacaq. Bu iki mühüm siyasi prosesdən qalin çıxmaq əvvəlkindən daha gərgin, ağır və məsuliyyətlidir. 

Buna hazırlıq və xalqın etimadını qazanmaq üçün atılan hər bir addımın, ən kiçik bir nüansın da rolu nəzərə alınmalı, xalqın hər bir sosial qrupu ilə daha dərindən və geniş əhatəli təmasların qurulması olduqca vacibdir. 

2019-ci il hədəfləri dayanmadan, fasilə vermədən və yorulmadan böyük hazırlıqlar tələb edir. AKP-nin sədri, Baş nazir Binəli Yıldırımın aprelin 16-da verdiyi mesaydan da göründüyü kimi artıq durmaq, boş oturmaq yoxdur, elə indidən gələcək hədəflərə çatmaq üçün partiaynın hər bir üzvü, hakimiyyətin bütün nümayəndələri üzərinə düşən işə başlayacaq. “Biz bu yolda yağış, qar, şaxta demədən xalqla birgə addımladıq, indi daha böyük məsafələr qət etməkdə qərarlıyıq”.

 





17.04.2017    çap et  çap et