525.Az

Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı qırğız dilində - Foto


 

Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı qırğız dilində - <b style="color:red">Foto</b>

Aprelin 17-də Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında Azərbaycanın ABŞ-da ilk səfiri, “ADA” Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayevin qırğız dilində nəşr olunmuş “Bir səfirin manifesti” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasiminin açan Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru vəzifəsin icra edən Çinara Adamkulova rəhbərliyini etdiyi Akademiyada belə lazımlı kitabın təqdimatının keçirildiyini görə şad olduğunu, “Bir səfirin manifesti” kitabının həm gənc diplomatlar, həm də yüksək vəzifəli diplomatik xidmət əməkdaşları üçün böyük dərslik olacağını bildirib.

O, Hafiz Paşayevin tərcümeyi-halıynan yaxından tanış olduğunu, belə ziyalıların qələmə aldığı əsərin insanlara həyat dərsi verdiyini qeyd edib.  

Sonra çıxış edən Azərbaycan səfiri Hidayət Orucov rektora dəyərli fikirlərə və mərasimin yüksək səviyyədə hazırlanmasına görə təşəkkür edib.

Səfir çıxışında Hafiz Paşayevin öz sahəsinin görkəmli mütəxəssisi olduğunu bildiyini, ona görə də hələ orta məktəb illərindən həvəslə mütaliə etdiyi məşhur əsərin adını xatırladan kitabın adını görəndə daha da həvəslə oxuduğunu bildirib.

O, qeyd edib ki, azərbaycanlıları söz sənəti ilə heyrətləndirmək çətindir: "Ədəbiyyatımızda bu elmin, demək olar ki, bütün janrlarına nümunə tapmaq mümkündür, ancaq diplomatiya sahəsinə aid əsərdən söhbət düşəndə, nədənsə, bir qədər duruxuruq. Lakin bundan sonra bu barədə də dərin fikrə getməyə ehtiyac qalmayacaq... Sadəcə, Hafiz M. Paşayevin “Bir səfirin manifesti”ni mütaliə etsəniz, mənlə razılaşacaqsınız.

Tərəddüd etmədən deyə bilərəm ki, “Bir səfirin manifesti” “diplomatiya” ixtisası üzrə təhsil alan tələbələr üçün “İxtisasa giriş” dərsliyini əvəz edə bilər. Həmçinin, ondan politoloqlar, ABŞ – Azərbaycan münasibətlərinin keşməkeşli inkişaf yollarını izləyən mütəxəssislər də çox faydalanarlar.

Kitabın lobbizm və diasporla bağlı fəsillərində də təbii faktlara – bəzən şəxsin, predmetin, hadisənin “naturadan köçürülməsinə” üstünlük verilir və belə təsvir-təqdimat oxucunun diqqətini özünə çəkir.

Kitabın bəzi səhifələrində müəllifin memuarçı deyil, siyasi ekspert kimi mühakimələr yürütməsi, siyasi təkliflər irəli sürməsi, məncə, düşündürücüdür. Çünki ayrıca bir tədqiqat mövzusu ola biləcək mahiyyət səmimi və konkret izah edilir, siyasi problemlərin çözümünə əlavə variantlar ola biləcək mütəxəssis sözü deyilir.

Memuar-essenin elə səhifələri var – oxuduqca Hafiz Paşayevin “ABŞ-dakı manifesti” dövründə mənim də bu ölkəyə səfərlərimi xatırladım: Ağ Evdən, Konqresdən tutmuş Pentaqonacan, Demokratiya İnstitutundan tutmuş şoxsaylı qeyri-hökumət təşkilatlarınacan keçirdiyimiz görüşlər, müzakirələr, Dünya Azərbaycanlıları Konqresinin ikinci qurultayında iştirakımız, çıxışlarımız... Və Hafiz müəllimin özüylə söhbətlərimiz, fikir mübadilələrimiz hər situasiyada, hər mürəkkəb məqamdakı professionallığı, təmkinliyi, dəqiqliyi, yüksək mədəniyyət və intellekti həkk olunub yaddaşıma.

“Bir səfirin manifesti”ni oxuyub müəllifin getdiyi yolu biz də keçdik. Yol yoldaşlığımız səmərəli oldu. Mövqeyimiz üst-üstə düşdüyündən, kitab haqqında qeydlərimi Hafiz Paşayevin öz sözlərilə bitirmək istərdim: “...Azərbaycanın... milli təhlükəsizlik maraqları tərəziyə qoyulmuşdur... tərəzinin əks gözündə qüvvələr kifayət qədər artıqdır. Bu ağırlığı yalnız onunla əymək olar ki, tərəzinin o biri gözünə mahir siyasi liderin və əzmkar xalqın birliyindən yoğrulmuş daş qoyulsun. Amerikalılar belə birliyə “bir bayraq altında birləşmə” deyirlər”.

Dünya – gör-götür dünyasıdır!”

Sonra çıxış edən Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının sabiq rektoru, Qırğız səfiri, “Bir səfirin manifesti” kitabının qırğız dilində nəşrinin elmi redaktoru professor Nurlan Aytmurzayev qırğız oxucuları bu möhtəşəm kitabla tanış etdiyinə görə Azərbaycan Səfirliyinə təşəkkür edib. O, kitabın poetik dildə yazıldığını və çox rahat oxunduğunu bildirib.

N.Aytmurzayev Hafiz Paşayevin ABŞ-da işlədiyi dövrlər, ümumiyyətlə, diplomatik fəaliyyəti barədə məlumatları çox dəyərli olduğunu, Qırğızıstanın Diplomatik Akademiyasının tələbələrinin bu şansdan maksimum istifadə etmələri gərəkdiyini söyləyib. O, səfir vəzifəsində işləmədən öncə bu kitab ilə tanış olmamasından təəssüf hissi keçirdiyini vurğulayıb.

Professor Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı çərçivəsində “ADA” Universitetində olduğunu, Hafiz Paşayevin orada yaratdığı o möhtəşəm təhsil ocağından heyranlığını, binanın isə nəin ki MDB-də Avropada da əvəzolunmazlığını qeyd edib.

Daha sonra çıxış edən Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Avropa və Amerika departamentinin rəisi Kanat Tursunkulov kitabı oxuduqdan sonra çox təsirləndiyini, Hafiz Paşayevin 13 il ərzində ABŞ-dakı fəaliyyətinin film kimi gözünün qabağından keçdiyini söyləyib.

O, “Bir səfirin manifesti” kitabının Azərbaycan-Qırğızstan humanitar münasibətlərində öz layiqli yerini tapacağı və böyük töhfə verəcəyini qeyd edib.

K.Tursunkulov səfirliyə gələcəyin gənc qırğız diplomatları üçün yaradılan bu əvəzolunmaz şəraitə görə təşəkkür edib, onların bu kitabdan maksimum səmərəli şəkildə faydalanmasını məsləhət görüb.

Sonra Qırğızıstanın Əməkdar həkimi, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri Zakir Qəmərli, Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının elmi katibi Alayqul Bekboyeva, Qırğız-Rus Slavyan Universitetinin İranşunaslıq mərkəzinin rəhbəri Məlahət Məmmədova, hüquq elmləri namizədi Temirbek Nurmatov “Bir səfirin manifesti” kitabı haqqında təəssüratlarını bölüşüblər.

Sonda çıxış edən Ç.Adamkulova səfirliyə hədiyyə edilən kitablara görə təşəkkür edib, “ADA” Universiteti ilə əməkdaşlığın daha da genişlənməsi üçün işlərin bundan sonra da davam edəcəyini bildirib.

Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabı Qırğızıstanın “Turar” nəşriyyatında çap edilib.

Qeyd edək ki, əsəri qırğız dilinə Bekten Dıykanbayın çevirib. Elmi redaktoru isə Qırğızıstan səfiri, professor Nurlan Aytmurzayevdir.

 





18.04.2017    çap et  çap et