525.Az

Tanınmış xoreoqraflar bölgələrdə ustad dərsi keçdilər


 

Tanınmış xoreoqraflar bölgələrdə ustad dərsi keçdilər<b style="color:red"></b>

Aprelin 12-14-də Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova və Akademiyanın Milli rəqs kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynlinin Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzində Gəncə şəhəri, Göygöl, Goranboy və digər ətraf rayonların sənət mühiti ilə görüşləri olub.

Onlar mədəniyyət işçiləri, pedaqoji heyət və müxtəlif yaş qruplarına aid uşaq, yeniyetmə və gənclərə Azərbaycan milli rəqsi üzrə açıq ustad dərsləri keçiblər.
 
Ustad dərslərində milli rəqslərimizin tarixi, ənənələri, onlara xas olan elementlər, həm də müasir dövrdə xoreoqrafiya sahəsində gedən proseslər və yeniliklər barədə məlumat verilib.

Görüşdə vurğulanıb ki, xoreoqrafiya sənətinin, o cümlədən klassik və milli rəqsin tədrisi, tədqiqi və təbliği respublikada həyata keçirilən mədəniyyət siyasətinin tərkib hissəsidir və bu siyasətin həyata keçirilməsində Bakı Xoreoqrafiya Akademiyasının müstəsna rolu var. Qeyd edilib ki, peşə yönümlü fəaliyyətin təşkili və inkişafına önəm verən Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi bu kimi tədbirlərin hər il planlı şəkildə respublikanın bütün şəhər və rayonlarında keçirilməsi barədə layihələr üzərində çalışır.

Təranə Muradova tədbir iştirakçılarını 2017/2018-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının bütün pillələrinə, o cümlədən tam orta, orta ixtisas (kollec), bakalavriatura və magistratura pillələrinə qəbul qaydaları ilə tanış edərək, mövcud və yeni ixtisaslar barədə məlumat verib.

Mütəxəssislər nəzəri biliklərlə yanaşı, ustad dərslərin iştirakçılarına əyani şəkildə həm elementlər, həm də rəqslər nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıblar. Silsilə tədbirlərin sonunda T.Muradova və S.Hüseynlinin təqdim etdiyi "Naz eləmə" rəqsi maraq və rəğbətlə izlənilib, yüksək sənət nümunəsi kimi qiymətləndirilib.

İki günlük ustad dərslərindən sonra Bakı Xoreoqrafiya Akademiyasının rəsmiləri Gəncə şəhərinin rəhbərliyi tərəfindən qəbul edilib, görüşdə Akademiya ilə əməkdaşlıq və yeni sənət layihələri barədə müzakirə aparılıb.

 





18.04.2017    çap et  çap et