525.Az

Macarıstan səfiri Tərcümə Mərkəzində


 

Macarıstan səfiri Tərcümə Mərkəzində<b style="color:red"></b>

Aprelin 19-da Macarıstan səfiri İmre Laslotski Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı macar ədəbiyyatına ayrılan xüsusi diqqətdən, görkəmli macar yazıçılarının, xüsusən Peter Nadaş və Nobel mükafatı laureatı İmre Kertesin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək Azərbaycan oxucusuna tanıdılmasından, İmre Kertesin, hazırda nəşrə hazırlanan məşhur “Talesiz” romanından, həmçinin bədii tərcümənin problemlərindən söz açılıb.

Mərkəzin direktoru Afaq Məsud qeyd edib ki, bu gün bədii tərcümə çox hallarda yaradıcı istedadı, bədii mətni duymaq qabiliyyəti olmayan qeyri-peşəkarların müdaxiləsinə məruz qalır: "Lakin həm ölkəyə, həm də dünyaya təqdim olunan hər bir kitabın öz ünvanına çatmasının, geniş oxucu kütləsi və yüksək dəyər qazanmasının ilkin şərti bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu məqama xüsusi həssaslıqla yanaşır.

Əfsuslar olsun ki, hələ ki, bu qeyri-peşəkar müdaxilələrin, ümumilikdə, birbaşa ədəbiyyatın əleyhinə işləyən bu zərərli tendensiyanın qarşısını almaq imkanımız yoxdur”.

İ.Laslotski öz növbəsində Azərbaycan və macar xalqlarının qədim tarixi və dil yaxınlığından danışaraq, bu mənada, ədəbi əlaqələrə böyük ehtiyac duyulduğunu qeyd edib.

Görüşdə həmçinin Macarıstan-Azərbaycan ədəbiyyatları arasında sıx əlaqələrin davamı olacaq digər layihələr – macar yazıçılarının əsərlərinin toplu halında Azərbaycanda, Azərbaycan yazıçılarının əsərlərinin Macarıstanda nəşri və təqdimatı məsələləri müzakirə olunub.

 





19.04.2017    çap et  çap et