525.Az

Ömründən ömür bağışlayan...


 

FƏDAKAR HƏKİM, MAHİR CƏRRAH RAFİQ MUSTAFAYEVİ ŞABRANLILAR HƏR ZAMAN BÖYÜK EHTİRAMLA YAD EDİRLƏR

Ömründən ömür bağışlayan...<b style="color:red"></b>

ÖLÜMÜN QARŞISINDA "QIRMIZI İŞIQ" KİMİ 

...Qapının üstünə vurulmuş lövhədə işıq yanır. Qırmızı işıq! İçəridə, otaqda isə mübarizə gedir - ağ xalatlı cərrah, şəfqət bacıları bir insan həyatı uğrunda mübarizə aparırlar.
 
Cərrahiyyə əməliyyatı gedən o otağın bayır tərəfində yanan o qırmızı işıq sanki ölümün qarşısını kəsmək, ona sədd çəkmək üçün yanır...

Cərrah əllərinin - bəzən iti, cəld, bəzən asta, ustufca hərəkətləri, cərrah soyuqqanlığı, cərrah əlində şəfa alətinə çevrilən bıçaq-skalpel elə bil ölümə meydan oxuyur.

Çöldə isə insanlar gözləyir, xəstənin qohum-qardaşları, dostları - hamısı da intizarla, narahat-nigaran, kimisinin də əlləri göydə, kimisi də dodaqaltı dua pıçıldayır...

...Qapı açılır. Cərrahın tər-qana batmış yorğun çöhrəsindəki təbəssüm xəstənin qohum-qardaşının sual dolu baxışlarına cavab olur..

Rafiq Mustafayev də cərrah idi. Çalışdığı Şabran (keçmiş Dəvəçi) rayon Mərkəzi Xəstəxanasında öz skalpeli ilə ölümə qarşı beləcə "qırmızı işıq" yandırırdı.

Statistik məlumatlara görə, müxtəlif peşə sahiblərinin ömürlərinin uzunluğu orta ömürdən fərqlənir. Cərrahların isə ömürləri orta ömürdən nə az, nə çox, düz 10 il az, qısa çıxıb...

Hələ qədimlərdən cərrahlığın rəmzi, nişanı ürək bağışlayan qadın rəsmi olub. Və rəsmin də ətrafında latınca "cərrahiyyə həyat bağışlayır" sözləri yazılıbmış...

Pasientlərinin hörmətlə, ehtiramla "doktor Mustafayev" deyə müraciət etdikləri Rafiq cərrah da neçə-neçə insana öz ömründən bağışladığından idi ki, belə az yaşadı, ömrünün 54-də, 2001-ci ildə dünyasını vaxtsız dəyişdi.

Bir də qədim hind eposu "Ayur-Veda"da həkimlər haqqında belə deyilib ki, həkim xəstə üçün ata, sağalmaqda olanlar üçün keşikçi, sağlamlar üçünsə dost olmalıdır.

Rafiq Mustafayev yaşca cavan olsa da, özündən yaşlılara "ata" da olmuşdu, "keşikçi" də olmuşdu.

Mənimsə əziz dostlarımdan biri idi.

Həkimlərin şəninə çox epitetlər işlətmək olar. Onlara "xilaskar" da deyə bilərik. Axı, həkimlər xəstələrə şəfa verib həyata qaytarmaqla ölümün pəncəsindən xilas edirlər.

Xilas etmək naminə xilaskarlar da həmişə nəyisə qurban verirlər. Bəlkə də bu qurban həyatda ən şirin nemət - öz ömürlərindən kəsilən həmin 10 ildir!

Belə deyirlər ki, hətta bir insan ölümü bəşər nəslində qırıqlıq yaradır. Həyata qaytardığı hər insan ömrü ilə isə doktor Mustafayev bəşər nəslini dəfələrlə bu bədbəxtçilikdən xilas edib.

Cərrah əməyinin qədir-qiyməti də elə bundadır. 

KİÇİK BİR HAŞİYƏ: 

Doktor Mustafayevlə ünsiyyət bağlamamışdan və tanışlığımızın əvvəl, sonralar səmimi bir yaxınlığa, dostluğa çevrilməmişdən qabaq mən onun atası Həsən müəllimi tanıyırdım.

Şabranın yaşlı sakinləri Həsən Mutafayevi yaxşı xatırlayırlar.

Orta nəslə, cavanlara da Həsən Mustafayevi qoy mən tanıdım.

Ötən əsrin 60-cı illərinin axırları idi. O zaman mən Tofiq Abbasov adına 1 saylı şəhər orta məktəbinin əlaçı şagirdlərindən biri idim.

Humanitar elmlərə, xüsusən də ədəbiyyat və tarix fənlərinə daha çox marağım var idi.

O zaman tənəffüslərdə məktəbin uzun koridoru boyu növbətçi müəllimlərdən biri gəzər, biz yuxarı sinif şagirdlərinin nizam-intizamına, davranışına göz qoyub nəzarət edərdilər.

Hər həftənin eyni günü tənəffüsdə hündür boylu, qamətli, dalğalı şəvə saçları ağarmaqda olan orta yaşlı bir müəllim aram-aram, şəstlə koridorda gəzişərdi. Məktəbimizin tarix müəllimlərindən biri - Həsən Mustafayev idi. Eşitmişdim ki, Həsən müəllim uzun müddət partiya və sovet orqanlarında rəhbər vəzifələrdə çalışıb, hətta bir ara İsmayıllıda raykomun birinci katibi işləyib. Bizim "ən yeni tarix" kursundan öyrəndiklərimiz plenumların, iclasların hətta iştirakçısı olub.

Hökmən ona yaxınlaşıb xatirələrini dinləmək həvəsi-istəyinə düşdüm.

Kim bilir, bəlkə də Həsən müəllim məktəbin ən tanınmış şagirdlərindən biri kimi mənim "uşaq bicliyi" ilə onu sorğu-suala çəkdiyimi düşündüyündən idi ki, ilk əvvəl sorğu-suallarıma soyuq cavablar verirdi. Lakin axır ki, səmimi marağımı hiss edəndən sonra mən də onunla koridorda qoşa addımlayır, bir növ birgə növbətçilik edir, bununsa əvəzində Həsən müəllim məni maraqlandıran suallara ətraflı, geniş, dolğun cavablar verir, dünyagörüşümü zənginləşdirir, artırırdı.

Ötən əsrin 70-ci illərində rayon Mərkəzi Xəstəxanasına qohumum, yaşca aramızda bir elə fərq olmayan Qüdrət Niftəliyev başçılıq edirdi. Baş həkim kimi o istirahət günlərində də xəstəxanaya baş çəkərdi. Və elə hər ikimizin həmin istirahət günlərində, bəzən də vaxt-macal tapıb işdən sonra onunla vədələşib görüşərdik.

Elə tələbəlik illərindən yaxın dostu olan Rafiq Mustafayevlə də məni o illərdə Qüdrət həkim tanış etmişdi. 

ÖMRÜNDƏN SƏTİRLƏR... 

Rafiq 1947-ci ilin bir yaz günündə, aprelin 25-də dünyaya gəlmişdi.

Evin sonbeşiyi - özündən böyük qardaşları Minacəddinin, Tacəddinin kiçiyi idi.

Ata-ana övladlarına Rafiq adını verdilər.

Rafiq adının yozumu lüğətlərdə belə izah edilir ki, "rafiq" sözünün bir mənası "dost, yoldaş", digər mənası isə "xoşxasiyyət" deməkdir.

Rafiq Mustafayev də dünyaya gələndə ata-anasının ona verdikləri adı ömrü boyu tamamilə doğrultdu, həm yaxşı dost, yoldaş oldu, həm də xoşxasiyyət, xoşqılıq...

Həsən müəllimin ata zabitəsi və qayğısı, Səyyarə xanımın ana nəvazişi ilə böyüyən oğullar da cəmiyyətə layiqli vətəndaş oldular. Minacəddin də, Tacəddin də ixtisasca ayrı-ayrı peşə sahibləri olsalar da, elmi iş müdafiə edib alim olmuşdular.

Rafiq isə həkimlik peşəsini seçdi. 1970-ci ildə o zamanki N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdi.

Rafiq həkim kimi insanlara xidmət etməmişdən əvvəl oğul kimi Vətənə xidmət etdi. Hərbi xidmətdə oldu. Hərbi xidməti başa vurduqdan sonra Şabran (keçmiş Dəvəçi) rayon Mərkəzi Xəstəxanasında işə başladı. 

XATİRƏLƏR İŞIĞINDA 

- Əlbəttə, uzun illər dostluq etdiyin, çiyin-çiyinə bir yerdə çalışdığın, həyatdan vaxtsız gedən dost haqqında söz açmaq ağırdır, - bir vaxt Rafiq Mustafayevlə iş yoldaşı olmmuş Qüdrət Niftəliyev kövrəlir.

-Mən Rafiqlə tələbə yoldaşı olmuşam. Tibb İnstitutunda eyni fakultədə, eyni kursda, eyni qrupda birgə oxumuşuq.

İnstitutu qurtardıqdan sonra mən təyinatla Şabrana, Rafiq isə hərbi xidmətə yollandı, o, hərbi xidmətdən 1972-ci ildə qayıtdı. Qısa müddət bir yerdə çalışdıq. Sonra Rafiq iki illik ixtisasartırma kurslarına yollandı. 1974-cü ilin ortalarında ixtisasartırma kurslarından qayıdanda mən artıq rayon birləşmiş mərkəzi xəstəxanasının baş həkimi idim və Rafiqə baş həkimin müavini vəzifəsini təklif etdim. Çünki tələbəlik illərindən Rafiqin təşkilatçılıq bacarığına bələd idim. Bəlkə də bu onda irsi idi, axı, atası Həsən müəllim uzun müddət rəhbər vəzifələrdə çalışmışdı. Rafiq ixtisası üzrə işləmək arzusunda olsa da, axır ki, onu yola gətirə bildim.

İndi açıq etiraf edirəm: bir inzibatçı rəhbər, baş həkimin müavini kimi Rafiq Mustafayev az qala baş həkimdən daha çox öz vəzifə borcuna məsuliyyətlə yanaşırdı. Mən məzuniyyətdən qayıtdıqdan sonra hər şeyi nəinki yerində, əvvəlki tək, hətta əvvəlkindən daha yaxşı vəziyyətdə görürdüm.

Dostluğa, yoldaşlığa həddən artıq etibarlı, sədaqətli olan bu insan həm də paklıq nümunəsi idi. Bu təmənnasız insanın indi bəzi üzdən iraq həkimlər kimi heç vaxt gözləri xəstənin cibində qalmazdı. Rafiq təmənnasızlıq nümunəsi idi.

Rafiq həkim boylu-buxunlu, hündür, qamətli, cüssəli idi. Ancaq o boyda azman insanın ürəyi quş boyda idi; Rafiq çox ürəyi yuxa, yumşaq, kövrək insan idi. Xəstə sağalıb çarpayıdan qalxaraq evlərinə getməyincə yanından əl çəkməzdi.

Travmotologiya üzrə kurslarda olan Rafiq həkim rayonda ilk dəfə olaraq skelet dartmaq ilə sümüklərin sınıqlarının müalicəsini, eyni zamanda sümüklərdə ostoesintez əməliyyatlarını (sümük iliyinə metalların yeridilməsi, metal lövhələrdən istifadə edilməklə sümüklərin bərkidilməsi) həyata keçirmişdi.

Uzun müddət beləcə bir yerdə çalışdıq. Bu uzun müddət ərzində bircə dəfə də olsa, baş həkim kimi kimsə ondan mənə şikayət etmədi.

Yox, ondan mənə şikayət edən öz ailə üzvləri - atası, həyat yoldaşı olardı. Məlahət xanım mənim Rafiqlə çox yaxın dost olduğumu bildiyindən: - Evdə nə atasının, nə anasının, nə də mənim sözümə qulaq asır, - deyə gileylənərdi ki, bəs o, evə yorğun-arğın gəlib süfrə arxasında təzəcə əyləşib heç bir stəkan çay içməmiş telefon zəngi ilə dərhal heç təcili olmasa da, təzədən xəstəxanaya yollanır və Məlahət xanım, xahiş edərdi ki, Rafiqə tapşırım, qoy öz səhhətinin də qayğısına qalsın.

Ömrünün son illərində amansız xəstəlikdən ayağı əməlli-başlı yer tutmasa da, yenə də bir ayağı elə xəstəxanada, iş yerində olardı. Axı, Rafiq həmişə iş yerini evi-eşiyi kimi özünə doğma ocaq bilmişdi. Belə insanların, həkimlərin yeri indi daha çox görünür.

Neçə-neçə insanı həyata qaytaran Rafiq həkimi nə yazıq ki, biz həmkarları həyata qaytara bilmədik. O, 2000-ci il yanvarın 12-də dünyasını dəyişdi. 

ÜMİD ÇIRAĞI 

Hippokrat andındandır: "Həkim, özün xəstə olanda necə qayğı gözləyirsənsə, öz xəstənə də elə qayğıkeş ol!"

Rafiq həkimin xəstə vaxtlarında kimdənsə necə qayğı gözlədiyi ilə işimiz yox, amma o, öz xəstələrinə qarşı həssaslıq və qayğıkeşliyinə aid çox faktlar gətirmək olar. Rafiq həkim bəzən aşağı və orta tibb işçilərinin də yerinə yetirməli olduqları işləri özü görür, yorulmaq bilmirdi.

Həkimlər haqqında lap çoxdan oxuduğum bir kitabdakı müdrik kəlam hələ də yadımdadır. Əsl həkim o deyil ki, öz ixtisasını dərindən bilir. Əsl həkim odur ki, o xəstəyə ümid verməyi bacarır, onda həyat eşqi oyadır.

Dəfələrlə şahidi olmuşam, Rafiq həkim müayinə etdiyi ağır xəstələrlə bəzən zahirən elə laqeyd, biganə danışırdı ki, sanki qarşısındakı yüngül soyuqdəymədən xəstələnmiş birisidir.

Xəstəni ərklə, bir qədər də sərt sözlərlə yola salırdı: "Mənim ağır xəstəmə bax!.. Özünə xəstəlik tapıb!" - həkimin bu rəftarından xəstə incisə də, daxilən rahatlıq tapar, toxtayardı: deməli, onda qorxulu bir şey yoxdur ki, həkim onunla belə laqeyd davranır...

Yalnız xəstə otağı tərk edəndən sonra həkimin rəngi qaralar, haldan-hala düşərdi.

Rafiq həkim daxili gərginliyini boğaraq ömrünün sonlarını yaşayan, sağalacağına artıq heç bir ümid qalmayan neçə-neçə ağır xəstəyə beləcə ümid verərdi.

Unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadənin bir şeirindəndir: "Yaşasın dünyamız, yaşasın insan!"...

Həkimlər də insanları yaşadanlardır.

Yaşadanları isə yaşatdıqları, həyat bəxş etdikləri insanlar yaşadır. Doktor Rafiq Mustafayev kimi..

2017

 





20.04.2017    çap et  çap et