525.Az

Köhnə kişi...


 

İsmayıl Əliyevin 70 illik yubileyinə

Köhnə kişi...<b style="color:red"></b>

Təəssüf ki, cəmiyyətimizdə dəb düşüb: hamı "yaxşı adam" olmaq istəyir. "Yaxşı adam" ola bilməsə də, "yaxşı adam" görünmək istəyir.

Etiraf etmək lazımdır ki, bu "yaxşı adam" "müsabiqəsi" cəmiyyəti deformasiya edir, el dili ilə desək, yaman günə qoyur. Hamını yola vermək, ağa qara, yamana babat, pisə yaxşı demək xisləti böyük-böyük problemlər yaradır, bu gün hiss etmədiyimiz zəhərli toxumlar əkir. Bu toxumlar nə vaxt cücərir, cücərsin, nə kimi meyvə verir versin, bu günü yaşayanlar üçün, "yaxşı adam müsabiqəsi"nin iştirakçıları üçün o qədər də əhəmiyyətli deyil.

Ötən əsrin 50-ci, 60-cı illəri universitetdə riyaziyyat, kimya, fizika, ədəbiyyat, tarix və digər elmlərin intibah dövrü olub. Bu inkişafın bir çox səbəbləri var idi: yeni nəsillərin gəlişi, müharibədən sonrakı abu-hava, bütün dünya elmində baş verən sıçrayış təmayülü və s. Fikrimcə, ən böyük səbəblərdən biri də alimlər arasında sağlam, ya qeyri-sağlam mövcud olan rəqabət, prinsipial münasibət, cəsarətli rəftar olub. Bu gün "yaxşı adam" statusundan enməmək üçün adlarını çəkmək istəməsəm də, bilirəm ki, filankəsin qorxusundan beşmənkəs bir cümlə plagiat yaza bilməzdi, yaxud çalışırdı ki, onun acığına daha böyük kəşflər eləsin, gecə-gündüz yeni kitablar, məqalələr yazsın, yaxud da beşmənkəsin nə həddi var idi ki, zəif bir tələbəni  aspirant etsin, ya aspirantı müdafiəyə zəif hazırlaşsın?! Bunlar və yazılmayan onlarla səbəb isə öz-özlüyündə elmi inkişaf etdirir, sağlam bir elmi mühit formalaşdırırdı...

Bəli, bir zamanlar bu gün ən çox arzulanan çatışmazlıqlardan biri kimi bunlar var idi... Ancaq görəsən, doğrudan həmin münasibətlərin, cəsarətin, prinsipiallığın mövcudluğu arzulanırmı? Mənim əziz dostum, gözəl ziyalı, əqidəli insan, qeyrətli vətəndaş olan professor İsmayıl Əliyevin universitetdəki mövqeyinə diqqətlə baxanda düşünürsən ki, nə qədər arzulanmalı istəkdir! İsmayıl müəllim bu gün universitetdə prinsipial mövqeyi olan nadir adamlardan biridir. Cəmiyyətdə birmənalı qarşılanmayan bu mövqe bir çox uğurların qazanılmasında həlledici amil olub. Mənim "yaxşı adam müsabiqəsinin laureatı" olmaq istəklərimin üstündən xətt çəksə də,  deyim ki, məhz İsmayıl müəllimin qətiyyəti sayəsində bir çox liberal insanlar məsuliyyətli olublar, laqeyd adamlar biganəlikdən uzaqlaşıblar, tapşırılan işləri öz istəkləri ilə yox, məhz İsmayıl müəllimdən ehtiyatlanaraq düzgün icra ediblər. Etiraf etmək istəməsək də,İsmayıl müəllimin cəsarəti, prinsipial mövqeyi çoxumuzun taleyində həlledici rol oynayıb. Mən özüm bütün yazılarımı hazırlayarkən, hətta elmi məqalələrimi yazarkən, ixtisaslarımız fərqli olsa da, birinci İsmayıl müəllim yadıma düşür. Bilirəm ki, çox adamlar üzəvari tərifləsələr də, İsmayıl müəllim düzünü deyəcək, heç kəs oxumasa da, İsmayıl müəllim axıra qədər diqqətlə oxuyacaq,  buraxdığım səhvləri İsmayıl müəllim tapıb göstərəcək və s. Buna görə yazdıqlarımı diqqətlə oxuyuram, onlara məsuliyyətlə yanaşıram və köhnə kişilərin qoxusu gələn bu adamın mənə nə qədər məsuliyyət verdiyini hiss edə-edə düşünürəm ki, insanın nə qədər  enerjisi olar? Nə vaxt gedirsən, otağında nə isə yazır, oxuyur, öyrənir, yorulmadan gecə yarıyadək çalışır,bir məsələyə "barmaqarası" baxmır, laqeyd yanaşmır!  Hərdən deyirəm ki, ay İsmayıl müəllim, Sizin yaşda, səlahiyyətdə olan adamlar auditoriyaya girmir, əvəzinə kimi isə göndərir, özü dincəlir, Siz də bir istirahət edin də! Razılaşmır, deyir 40 ildir dərs deyirəm, hələ mənim mühazirəmi kimsə əvəz eləməyib, təsadüfən vacib bir işim olanda da, sonra mütləq həmin dərsi deyirəm, bu, mənim həyat tərzimdir. Onun haqqında tələbkardır, prinsipialdır, deyirlər, fikrimcə, ən çox özünə qarşı tələbkardır, məsuliyyətlidir.

2013-cü ildə Qubada BDU üçün Tədris-təcrübə və İstirahət Mərkəzi inşa edilərkən professor İsmayıl Əliyevin yüksək təşkilatçılıq xüsusiyyətləri, ona doğma olmayan inşaat işində nümayiş etdirdiyi məharət, 200 nəfərə yaxın insanı vahid komanda kimi mobilləşdirmək xüsusiyyəti, rayonun bütün əlaqədar təşkilatlarını tikintiyə cəlb etmək bacarığı qısa müddətdə böyük işin görülməsi ilə nəticələndi. Bu keyfiyyətləri İsmayıl müəllim 2010 və 2015-ci illərdə 16 saylı Yasamal İkinci seçki dairəsində  Parlament seçkilərinin təşkilində, BDU-nun Qazax Filialında aparılan köklü islahatların həyata keçirilməsində, fakültələrin tanıtım lövhələrinin hazırlanmasında, 90, 95 illik yubiley kitablarının çap edilməsində, daha onlarla belə böyüklü-kiçikli layihələrin reallaşmasında da göstərmiş, əslində ona aid olmayan, ancaq boynuna götürməyi özünə borc hesab etdiyi həmin vəzifələri eyni məsuliyyət və vicdanla icra etmişdir. Ən gözəl cəhət odur ki, Universitetə nüfuz gətirən, onun ölkə səviyyəsində imicini formalaşdıran belə böyük işlər həyata keçiriləndən sonra İsmayıl müəllim heç vaxt öz xidmətlərini qabartmamış, təvazökarcasına arxa planda qalmışdır.

Onun ilk baxışda nəzərə çarpmayan cəhətlərindən biri də çox həssas, rəhmdil, qayğıkeş olmasıdır. Yadımdadır, 2000-ci illərin əvvəllərində Altıağacdakı Tədris-təcrübə mərkəzində dincəlirdik. Universitet kollektivi idi, ailələri, uşaqları ilə. Uşaqlar axşam İsmayıl müəllimin gəlməyini  həsrətlə gözləyirdilər, bilirdilər ki, gələndə onlara mütləq nə isə gətirəcək, ya dondurma, ya şirniyyat, hamı ilə də mehriban-mehriban salamlaşacaq, maraqlı suallar verəcək və s. Bu gün onun oturduğu 243-cü otaq yenə də insanların pənah yeridir: kimin çətin sualı varsa, həmin otağa gedir, kimin müşkül işi varsa, Ismayıl müəllimə müraciət edir, kimin əli hər yerdən üzülübsə, yenə onu axtarır...  Həll etdiyini edir, edə bilmədiyinə doğru yol göstərir, heç olmazsa ümid, təsəlli,ya da  bir müdrik məsləhət verir. Universitetdə ağsaqqal olmaq sadə məsələ deyil, hamı savadlı, dünyagörmüş, yaxud özünü belə hesab edəndir, burada həmin statusu əldə etmək, qoruyub saxlamaq üçün böyük təcrübə, müdriklik, çevik düşüncə, nəciblik, yüksək insanpərvərlik lazımdır... Bir gün həmin 243-cü otağa gəldim ki, İsmayıl müəllim, məni təbrik edə bilərsən, nəvəm olub. Durdu, qucaqladı, öpdü, bir konfet də verdi, sonra soruşdu ki, adını qoymamısınız ki? Dedim, yox, hələ fikirləşirik, cavanlar da, biz də. Dedi ki, elə şey yoxdur, heç kəs heç nə fikirləşməsin, mən onun adını Fikrət qoydum, dedim, ay İsmayıl müəllim, bu variant gündəmdə var, ancaq mən razılıq vermirəm ki, birdən cavanlar ayrı, daha müasir bir ad istəyər. Aldı nömrələrini, yoldaşıma da zəng elədi, oğluma da, dedi, mən bir ağsaqqal kimi bu adı qoydum, siz başqa fikir eləməyin. Doğrusu, bu qətiyyəti ilə məni də, ailəmi də çətin vəziyyətdən qurtardı...

İsmayıl müəllim haqda düşündükcə bu sadə və mürəkkəb, tələbkar və humanist, yorulmaz və ağsaqqal, 70 illik yubileyini heç kəsə bildirməyəcək dərəcədə təvazökar, lazım gələrsə universitet naminə özünü güllə qabağına verməyə belə hazır olan bu adamı səciyyələndirməkdə çətinlik çəkirəm. Dəqiq bildiyim odur ki, köhnə kişilərdəndir! O kişilərdən ki, sözlərini deyiblər, cəsarətli olublar,ədalət naminə heç kəsdən və heç nədən çəkinməyiblər, öz varlıqları ilə cəmiyyəti çalxalayıb tərpədiblər, "yaxşı adam" olmağa çalışmayıblar-nəticə etibarı ilə özləri üçün olmasa da, cəmiyyət üçün  çox faydalı şəxsiyyət olublar. Rəhmətlik Bəxtiyar Vahabzadənin bir şeiri var, İsmayıl müəllimə çox uyğun gəlir:

Yaxşı, yaman damğasıyla,
İnsanları bir-birindən ayırmağı bacarmıram!
Biri  üçün yaxşı olan,
Başqasına yaman olur!
Yaxşıları yamanlardan seçən hakim - zaman olur!

 





20.04.2017    çap et  çap et