525.Az

Bakı Polisində geniş əməliyyat müşavirəsi


 

Bakı Polisində geniş əməliyyat müşavirəsi <b style="color:red"></b> Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
 
İdarədən APA-ya verilən məlumata görə, müşavirədə çıxış edən  BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib.
 
Qeyd olunub ki, hesabat dövründə paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 (31) nəfər ölüb, 134 (160) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,8%, xəsarət alanların sayı isə 16,3% azalsa da, həlak olanların sayı artıb.
 
Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 259 (433) müvafiq müraciətdən 173-nün (227) icrası təmin olunub.
 
Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 8.697 nəfərə şəxsiyyət vəsiqəsi verilib, 4.653 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 1.665 şəxs qeydiyyata alınıb.
 
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.
 
Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
 
M. Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2017-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin ölkədə qanunçuluğun qorunması, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
 
M. Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.
 





20.04.2017    çap et  çap et