525.Az

Məhkəmə Dünyamin Xəlilovun cinayət işi üzrə icraatı dayandırdı


 

Məhkəmə Dünyamin Xəlilovun cinayət işi üzrə icraatı dayandırdı<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
 
Beynəlxalq Bankın sabiq filial müdiri Faiq Baladadaşov ifadəsində deyib ki, kredit komitəsinin sədrli Akif Əliyev D. Xəlilova 1 milyon 500 min manat kredit verilməsinə göstəriş verib.
 
Emil Mustafayev Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini işlədiyini deyib. O, 2011-ci ildən 2015-ci ilədək bankın kredit komitəsinin sədri vəzifəsində çalışdığını deyib, Qeyd edib ki, Dünyamin Xəlilovun adına kreditləri Cahangir Hacıyevin göstərişi ilə rəsmiləşdirib: "Dünyamin Xəlilov bu kreditləri xaricdəki layihələrə yönəldiləcəyini deyirdi. Dünyamin Xəlilov banka tez-tez gəlirdi, ancaq mən onunla görüşməmişəm".
 
Təqsirləndirilən D. Xəlilov isə buna etiraz edərək, E. Mustafayevlə dəfələrlə görüşdüyünü deyib: "Siz səmimi deyilsiniz. Biz sizinlə görüşmüşük, bunu niyə danırsız?"
 
Beynəlxalq Bankın İdarə Heyəti sədrinin müşaviri Akif Əliyev isə ifadəsində deyib ki, bütün göstərişləri Cahangir Hacıyevdən alıb: "Bundan sonra mən filiallara sədrin adında göstəriş verdim ki, Dünyamin Xəlilovun layihələrinə maliyyə dəstəyi göstərmək lazımdır. 2011-ci ildən 2015-ci ilə qədər bankın baş direktoru işləmişəm, eyni zamanda kredit komitəsinin üzvü olmuşam. Dünyamin Xəlilovu uzun müddətdir tanıyıram, onun həm də Cahangir Hacıyevlə yaxın əlaqələri vardı. Cahangir Hacıyev Dünyamin Xəlilovu özü bizə təqdim edərək, ona kredit ayrılması barədə göstəriş verib. Bundan sonra Dünyamin Xəlilova verilən kreditlər heç müzakirə olunmurdu. Dünyamin Xəlilov Cahangir Hacıyevlə razılaşdıqdan sonra, banka göndərdiyi 30 nəfərin adına 6 milyon manat kredit götürüb. Bundan başqa, 2008-ci ildə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min ABŞ dolları kredit ayrılması ilə bağlı Cahangir Hacıyevdən göstəriş aldım və icra etdim".
 
Digər şahid Elşən Məmmədzadənin isə ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, bildirib ki, bankın nağdsız hesablaşmalar departamentinin direktoru vəzifəsində çalışıb. İfadəyə əsasən, D. Xəlilovun rəhbərlik etdiyi şirkətlərə 28 milyon ABŞ dolları məbləğində kredit ayrılması ilə bağlı komitənin qərarı imzalanıb.
 
Sonra prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulduğunu, lakin bu əmlakların qiymətləndirilmədiyini deyib. O, buna görə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini və təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakının qiymətləndirilməsi haqqında vəsatət qaldırıb.
 
Məhkəmə Kollegiyası vəsatəti təmin edib. Ekspertiza ilə əlaqədar məhkəmə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edib.
 
Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
 
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.
 





20.04.2017    çap et  çap et