525.Az

Çingiz Aytmatov yaradıcılığına məktəbli baxışı - Fotolar


 

BÖYÜK ƏDİBİN HEKAYƏLƏRİ 328 SAYLI MƏKTƏBİN “KİTAB KLUBU”NDA MÜZAKİRƏ EDİLİB

Çingiz Aytmatov yaradıcılığına məktəbli baxışı - <b style="color:red">Fotolar</b>

Aprelin 20-də Bakının Nizami rayonundakı 328 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Kitab Klubu”nun üzvləri ilə növbəti görüş keçirilib.

Klubun bu dəfəki qonağı ədəbiyyatşünas, tərcüməçi, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli olub.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, tanınmış yazar Elnaz Eyvazlının rəhbərliyi ilə yaradılan Kitab Klubu artıq iki ildir ki, fəaliyyət göstərir.

Klubda hər ay əvvəlcədən şagirdlərə tövsiyə olunan hansısa əsər və ya kitab, yaxud bir müəllifin yaradıcılığı müzakirə edilir.

Məktəbin direktoru Asif Nəbiyev və təşkilatçı-müavin İlhamə Əliyevanın da iştirak etdikləri görüşün əvvəlində E.Eyvazlı S.Hüseynlini “Kitab Klubu”nun üzvlərinə təqdim edib, onun ədəbi sahədəki fəaliyyəti barədə məlumat verib.

Direktor A.Nəbiyev məktəbdə belə tədbirlərin keçirilməsinin xüsusi önəm daşıdığını, S.Hüseynli ilə görüşün şagirdlər üçün maraqlı və faydalı olacağına inandığını bildirib.

Görüşdə böyük Qırğız yazıçısı Çingiz Aytmatovun hekayələri müzakirə olunub. Şagirdlər yazıçının “Oğulla görüş”, “Balaca əsgər”, “Buynuzlu ana maral” və başqa hekayələrinin məzmununu danışıb, əsərlərdən aldıqları təəssüratları bölüşüblər.

S.Hüseynli müzakirə olunan hekayələrdə müəllifin irəli sürdüyü əsas ideyalardan söz açıb, bu barədə şagirdlərlə fikir mübadiləsi aparıb. Baş redaktor şagirdlərə Ç.Aytmatov yaradıcılığı və onun dünya ədəbiyyatındakı yeri, Azərbaycan ədəbi mühiti ilə əlaqələri barədə də ətraflı danışıb.

Diskussiya şəklində keçirilən görüşdə S.Hüseynli “Kitab Klubu” üzvlərinin mütaliə, ədəbiyyat, bunların insan həyatındakı rolu və dünyagörüşə təsiri haqqında suallarını cavablandırıb.

Şagirdlərdən Firdovsi Kazımov, Natəvan Bədəlova, Nihad Abbasov, Asya İsmayılova və başqaları müzakirədə fəal iştirak ediblər.

Şahanə MÜŞFİQ

 





22.04.2017    çap et  çap et