525.Az

Əkinə yararsız torpaqlar böyük gəlir mənbəyi kimi


 

Əkinə yararsız torpaqlar böyük gəlir mənbəyi kimi <b style="color:red"></b>

20 il əvvəl amerikan aktyoru Kevin Costnerin baş rolda oynadığı "Su dünyası" (Waterworld) filminə baxmışdım. Bu fantastik film yer üzündəki buz dağlarının əriməsi, planetimizin su altında qalması, bir sözlə qiyamətin başlaması haqqındadır.

Filmdə fəlakətdən bir təhər canını qurtarmış insanlar okeanda çarəsiz halda torpaq axtarışındadırlar. Hətta 1 ovuc qızıl verib bir ovuc torpaq alan da vardı. Bu fantastik film deyəsən yavaş-yavaş həqiqətə çevrilir. Aysberqlər əriyir, dünya okeanının səviyyəsi qalxır, bir ovuc torpaq da bir ovuc qızıl qiymətinədir. 

Zənginlik torpaqdan gəlir

XXI əsrin əvvəllərində dünya sanki ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının vacib olduğunu yenidən kəşf etdi.  Son 1 ildə bu sahədə ciddi hərəkətlənmə var. Ölkələr təlaş içindədir. BMT-nin hesabatına görə hər il dünyada 12 milyon hektar torpaq ərazisi dövriyyədən çıxır. Bəzi ölkələrdə ən məhsuldar ərazilər belə artıq inşaat, sənaye və turizm korporasiyalarının əsarəti altındadır. Əhalinin sürətli artımı və şəhərləşmə torpaqları beton fiqurlara çevirir.  Dünyada meyvə-tərəvəzə, dənli-paxlalı bitkilərə, ət-süd məhsullarına olan tələbatın ildən-ilə artmasının əsas səbəbi əhali sayının artması fonunda əkilən ərazilərin getdikcə azalmasıdır. Bu templə XXI əsrin sonuna doğru dünyada 1 milyard hektar və ya 10 milyon kv.km məhsuldar torpaq ərazisi yox olacaq. Bu ərazi ABŞ kimi nəhəng bir dövlətin sahəsi qədərdir. 

Torpaq yaradılışından bəri insanın ilk dostudur. Bizi yedirdib-içirdən, böyüdən torpağı bəzən elə insan oğlunun özü də məhv etmək üçün çalışır.  Əkin ərazilərindən düzgün istifadə olunmaması, yeraltı su resurslarının və yağıntıların azalması səhralaşma problemini yaradan xüsuslardır. Yer üzündə bundan zərər çəkən insanların sayı 250 milyonu keçib. 1 milyard insan isə aclıq ve susuzluqla üz-üzədir. Bütünlükdə kənd təsərrüfatının heyvandarlıq, pambıqçılıq, ipəkçilik, meyvəçilik, gülçülük, bitkiçilik, arıçılıq, meşəçilik kimi sahələri şoranlaşma və səhralaşmadan ilk zərbə alan sahələrdir.  Çünki bu sektorların xammal ehtiyatı torpaqdan gəlir. Zənginlik torpaqdan gəlir.

Dünyada azalan torpaq fondları

Dünya o dərəcədə qloballaşdı ki, torpaq fondu tükənmiş dövlətlər hazırda başqa ölkələrdə ərazi axtarışındadırlar. Ümumdünya Ticarət Təşkilatının məlumatına görə son 5 ildə 41 dövlət 62 ölkədə torpaq ərazilərini ya satın alıb ya da icarəyə götürüb. Bu siyahıya Birləşmiş Krallıqlar, ABŞ və Çin liderlik edir. Bu ölkələri Almaniya, İsrail, Hindistan, Səudiyə Ərəbistanı, Sinqapur, Hollandiya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, İordaniya və Türkiyə izləyir.

Torpaqları icarəyə götürülən və ya satılan ölkələr isə Konqo, İndoneziya, Filippin, Sudan, Efiopiya, Braziliya, Madaqaskar, Uqanda, Liberiya, Mozambik, Tanzaniya, Qabon, Keniya, Komboca, Nigeriya, Cibuti, Pakistan, Tacikistan, Rusiya, Ukraynadır.

Konqo ərazisinin 1/3-ni artıq satib.

Ukrayna Çinə ümumi ərazisinin 1/5-ni –yəni 3 milyon hektar torpağını 50 illik icarəyə verib. Söhbət Belçika Krallığı qədər olan bir ərazidən gedir.

Türkiyə 2016-cı ildə Sudanda 78 min hektar ərazini 99 illik kirayələyib. Türkiyə Kənd Təsərrüfatı Ticarətçiləri Assosiasiyasının məlumatına görə  Sudanda icarəyə götürülmüş ərazilərin 95 faizi özəl sektora ayrılıb. Həm torpaq həm də şirin su mənbələri baxımından zəngin olmayan Türkiyədə də əkinə yararlı ərazilər sürətlə azalmaqdadır. 2050-ci ilədək əhalisinin 150 milyona çatacağını prognozlaşdıran qardaş ölkə ərzaq təhlükəsizliyini sığortalamaq məqsədilə yeni münbit əkin əraziləri tapmaq məcburiyyətindədir. 

İspaniya, Kambocada milyonlarla hektar ərazi almaq üçün müzakirələr aparır.

Kamboca artıq Səudiyyə Ərəbistanı ilə 1,6 milyon, Çin ilə 1,2 milyon hektarlıq ərazi satışı sözləşmələrini təsdiqləyib.

Çin Ukraynada da 3 milyon hektar ərazi satın alacaq.

Səudiyyə Ərəbistanı İndoneziyada çəltik əkini üçün 2 milyon hektar ərazi icarəyə götürərək 4,3 milyard dollar ödəyib.

Birləşmiş Ərəb Əmirlikləri 3 milyard dollara 800.000 hektar ərazini kirayələmək üçün Pakistan höküməti ilə müzakirələr aparır.

Avropalı şirkətlər bu günə qədər Afrikada 3,9 milyard hektar ərazi kirayələyiblər. Ancaq hədəfləri 17,5 milyard hektarlıq əraziyə sahib olmaqdır. Birləşmiş Krallıqlların Sərmayə Fondunun hesabatına görə 2050-ci ilə qədər dənli-paxlalı bitkilərin istehsalı 50% artırmasa ölkə ciddi ərzaq problemi ilə üzləşəcək.

Ümumiyyətlə son illərdə dünyada 200 milyon hektar torpaq ərazisi ya kirayələnib ya da satılıb.

Ərzaq təhlükəsizliyini təmin etmək üçün inkişaf etmiş ölkələr belə başqa dövlətlərin ərazilərində torpaq satın almaq ya da icarəyə götürmək kimi radikal-strateji addımlar atmaqdadırlar.  

Dünyanın yeni enerji trendi - Günəş Enerjisi Sistemi (GES) 

Günəş və külək enerjisi qurğuları parnik effekti yaratmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Bu səbəbdən 170-ə yaxın ölkənin qoşulduğu Kioto Protokolu atmosferə buraxılan metan ve karbon dioksit qazının azaldılması üçün alternatif  - yəni bərpaolunan enerji mənbələrindən (günəş, külək, bioqaz, geotermal, hidroelektrik, qabarma-çəkilmə, dalğa və s.) istifadəyə start verdi.

ABŞ da bərpaolunan enerji, 2014-ci ildə istehsal olunan ümumi elektrikin 14 faizni təşkil edib. Həmin il 143,000 nəfər günəş sənayesində çalışıb. 43 ştatda GES-dən istehsal olunan elektrik satış üçün elektrik paylayıcı şirkətlərə ötürülmüşdür. Bir çox ölkədə hüquqi şəxslər lisenziya əsasında GES-lər vasitəsi ilə enerjini depolayaraq onu yerli elektrik paylaşdırıcı şəbəkələrə sata bilər. Türkiyə də buna misal ola bilər.

Cədvəl

Ölkələrin alternativ enerjidən istifadəsi (01.01.2015)

 

 

Enerji növü

 

 

 

Ölkələr

 

Külək

 

ABŞ, Almaniya, Avstraliya, Birləşmiş Krallıqlar, Braziliya, Çin, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hindistan, İran,İrlandiya, İspaniya, İsveç, Kanada, Pakistan, Portuqaliya, Rumıniya, Türkiyə, Yeni Zelandiya

Günəş

Avstraliya, Almaniya, Hindistan, Portuqaliya, İspaniya, Birləşmiş Krallıqlar, ABŞ, Türkiyə

Hidroelektrik

Türkiyə

Geotermal

Avstraliya, İslandiya, Yeni Zelandiya, Portuqaliya, Türkiyə, Birləşmiş Krallıqlar, ABŞ

Bioyanacaq

Türkiyə

Çili, ehtiyacının 60 faizni GES hesabına əldə edir. 2025-ci ilədək Birləşmiş Krallıqlar kömürlə çalışan istilik stansiyalarını dayandıracaq, İspaniya isə ölkənin enerji ehtiyacının 100 faizni tamamən alternativ enerji hesabına alacaq. Bu ölkə bu gün 16 milyon mənzilin enerjisini ancaq külək enerjisi hesabına əldə edir.

Fransada fəaliyyət göstərən bütün katolik kilsələri 2017-ci ilin sonunadək GES-dən istifadəyə keçəcək.

Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanında GES layihəsinin təməli atılıb. Ölkənin hədəfi 2030-cu ilədək 9,5 Gw təmiz enerji istehsalıdır.

Konya vilayəti Türkiyənin taxıl zəmisi hesab edilir. Ərazisi 41 min km2 dir. Yəni Hollandiya boydadır. Lakin Türkiyənin ən çox səhralaşma problemi də məhz buradadır. Son 15 ildə Konya ovalığında əkin sahələrinin 1/3-i yararsız haldadır. Yerli fermerlərin bildirdiyinə görə əvvəllər yerin 40 m dərinliyindən su çıxırdısa indi bu rəqəm 100 m-in altına enib. Vilayətdəki artezian quyularının 2/3-ü quruyub, torpaqlar səhralaşıb.

Ötən il Səudiyyə Ərəbistanı dövləti Konyanın ən çox səhralaşmış Karapınar rayonunda elan edilmiş "1000 Mw günəş enerjisi stansiyası" tenderinin qalibi olub və vilayətin günəşinə 1.5 milyard dollar sərmayə yatırmağı planlaşdırıb. Son 1 il ərzində avropalı və yerli iş adamlarının Türkiyədə qurduqları GES-lərin sayı 50-ə çatıb. 

1940-ci ilədək qızmar iqlimi səbəbilə diqqət mərkəzindən uzaqda qalmış  Mohave səhrasında gün dünyanın ən zəngin turizm ulduzu - Las-Veqas yerləşir. 2006-cı ildən bəri Las Veqasın  GES-nə 40 milyon dollardan çox sərmayə yatırılıb.  Bu səbəbdən hər il 5 milyon dollar vəsaitə qənaət edilir. Bu gün Las Veqas dünyanın təbiət dostu “Yaşıl şəhər”lərindən biridir.

2016-cı ilin fevral ayında Mərakeşdə dünyanın ən böyük günəş stansiyası "Nur 1" –in ilk bölümü 160 Mw enerji istehsalı ilə işə başladı. Bu stansiya, 2030-cu ildə tamamilə başa çatdığında dünyanın ən böyük GES mərkəzi hesab ediləcək. Əsas hədəf Avropaya enerji ixracat etməkdir. Burda günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi əvəzinə biotermal texnologiyadan istifadə edilir. Bu yeni texnologiya borulardaki yağı günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülər hesabına qızdırır. 2018-ci ildə təsisin gücü 560 Mw-a çatacaq.

Kosta Rika 2016-cı ildə 365 günün 250-də ancaq bərpaolunan enerjidən istifadə edərək rekorda imza atıb. Ölkə GES-lə bərabər hidro, geotermal, külək və s. mənbələrdən də istifadə edib.

Hindistanın Kamuthi günəş enerjisi stansiyası 10 kv.km-lik əraziyə sahib olan 2.5 milyon panelden ibarətdir. Bölgədə qurulmuş bu qədər böyük bir təsisin tamamlanması sadəcə  8 ay sürüb. Bu paneller 648 Mw enerji istehsal edir ki bu da təqribən 150 min evin ehtiyacını ödəyir. Ölkənin qarşısında duran 

başlıca hədəf 2022-ci ilədək 60 milyon evi enerji ilə təmin etməkdir. Bu templə Hindistan önümüzdəki illərdə Amerika və Çindən sonra dünyanın 3-cü alternativ enerji nəhəngi olacaq.

Çindən söz düşmüşkən. Çin nə zaman belə qüdrətli dövlətə çevrildi? 1976-ci ildə Mao Tszedun vəfat etdiyi zaman Çin Kamerun qədər yoxsul bir dövlət idi.

Mao 1958-1962 illərdəki beşillikdən öncə ölkəsinin metallurgiya və kənd təsərrüfatı sahəsində dünyada birincilik qazanacağını iddia edirdi. Kənd əhalisinə bağçalarında metal əritmə sobaları qurmaq əmr edildi. Hər kəs əlinə keçən metalı əridərək dövlətə təhvil verməli idi. Çarəsiz kəndlilər evlərindəki çəngəl-bıçaqlarını, kilidlərini belə əritməyə məcbur oldular. Amma keyfiyyətsizliyi üzündən bu ərintilər bir işə yaramadı. Nəticədə dövlətin milyardlarla ton daş kömürü boşuna sərf edildi. Mao dənli bitkilərin əhəmiyyətini qeyd edərək xalqı ziyanverici sərçələr və tarla siçanları ilə mübarizəyə çağırdı. Xalq səfərbər oldu. Ölkədə sərçə və siçan qalmayınca ekosistem pozuldu və həşəratlar rekord dərəcədə artdı. Bu dəfə dənli bitkiləri həşəratlar yedi. Kənd təsərrüfatından xəbəri belə olmayan Mao çəltikçilik sahəsinə yeniliklər gətirərək toxumları sıx-sıx və dərinə əkməyi əmr etdi. Nəticədə məhsul cücərmədi və beşillik plan başa çatmamış ölkədə ərzaq qıtlığı başladı. 1958-1962 illərdə Çində 45 MİLYON əhali acından öldü. Sərt qış aylarında ölülərini dəfn edə bilməyənlər vardı. Hətta aclıq üzündən cəsədləri yeyənlər də tapıldı. Amma bu gün Çin bir dünya nəhəngidir.  

Səhrada İsrail möcüzəsi

İsrail bu ilin yanvar ayında Neqev səhrasında 250 metrlik, dünyanın ən hündür günəş qülləsinin inşasına başlayıb. Layihənin investorları Amerikan General Electric, Fransız Alstom ve İsrailli özəl təşəbbüskar Noydur. Qüllənin çevrəsindəki 3 kv.kmərazidə 55.000 güzgü yerləşdiriləcək. Ümumi dəyəri 500 milyon avro olan və 2018 ildə bitəcək layihə, gündə 310 Mw elektrik enerjisi istehsal edəcək ki bu da 130 evi işıqlandıracaq. İsrail 2020 ilədək sərf  etdiyi enerjisinin 10 faizni GES hesabına istehsal etməyi hədəfləyir. 2016-cı ildə evlərin damına günəş panelləri yerləşdirmək istəyən vətəndaşlara dövlət tərəfindən rəsmi icazə verilib.

Onu da qeyd edim ki, İsrail su resurslarının çox az olduğu və quraqlıqdan əziyyət çəkən ölkələrdəndir. Səhralaşma səbəbiylə İsrail torpaqlarının yalnız 20 faizi əkinə yararlıdır. Ölkədə su tarifləri olduqca yüksəkdir. Odur ki damcılı suvarmanın geniş yayıldığı İsraildə eyni sudan ən az 2-3 dəfə istifadə olunur. Buna baxmayaraq ölkədən hər il 1.5 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları Avropaya ixrac edilir. İsrailin yaradılmasından bu günümüzə qədər - yəni təqribən 70 ildir ki  "ağıllı suvarma" sistemi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı 12 dəfə artsa da su istehlakı sabit qalıb. Ölkədə dəniz suyunu şirin suya çevirən 24 stansiya fəaliyyət göstərir.  Neqev səhrasının dərinliklərindən çıxan geotermal sularla suvarılan məhsulların dadının şirin olduğunu kəşv edən fermerlər burda yetişən pomidor və qovunların "Şirin səhra məhsulları" markasıyla qərbi Avropaya ixrac etməyə başladılar.

Alternativ enerji "STARTUP"ları

Elə bir istehsal sahəsi yoxdur ki orada enerji sərfi olmasın. Bazar münasibətlərində məhsulların maya dəyərinin aşağı salınması rəqabəti minimuma endirər. Bu səbəbdən neft məhsullarından asılılığın azaldılması və bərpaolunan enerjidən istifadə təşəbbüskarların önündə duran prioritet məsələdir.

Lakin alternativ enerjinin, eləcə də günəş enerjisinin 2 çatışmaz cəhəti var:

1. Atmosferin vəziyyətindən, günün, küləyin və ilin vaxtından asılılığı. Bu səbəbdən uzunmüddətli və fasiləsiz istifadə etmək üçün alınan enerjini toplamaq lazımdır. Bunun ən sadə çıxış yolu enerji UPS-ləri və ya akkumulyatorlarıdır.

2. Günəş və külək enerjisi avadanlıqlarının qiymətlərinin yüksək olmasıdır. Lakin bu sektor gündən günə inkişaf etməkdədir. Əvvəllər ABŞ, Almaniya, Danimarka, Yaponiya kimi ölkələr əl əməyinin ucuz olması səbəbilə Çinvə digər Cənub-Şərqi Asiya ölkələrindəistehsal müəssisələri açdılar. Ancaq son illər ABŞ və Avropa İttifaqı ölkələrindəəmək məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılması, istehsal məsrəflərinin azalması, məhsulun keyfiyyətinin yüksəlməsi, istehsalata yatırılan investisiyanın özünü ödəmə müddətinin qısaldılması üçün sənaye robotlarının tətbiqi geniş yayılmaqdadır. Robot sənayesi rentabelli olduğu üçün Çinə maraq getdilcə azalmaqdadır. Hesablamalara görə XXI əsrin ortalarına doğru Çinin yerini Hindistan, Ukrayna, Türkiyə və Afrika ölkələri tutacaq. Elektronika bazarında yapon nəhəngi Panasonic şirkəti 2016-cı ildə ABŞ-dan sonra, Türkiyənin günəş enerjisi sektoruna sərmayə yatırdı.

Avropa ölkələri daim yenilik axtarışındadırlar. “Starup”lar arasında "power-to-gas" - yəni günəş şüalarını elektrikə - elekriki isə metan qazına çevirmə təcrübə stansiyası Almaniyanın Ştutqart şəhərində fəaliyyətə keçib. Layihənin əsas məqsədi hidrogenin karbondioksit vasitəsi ilə metan qazına çevrilməsidir. Depolanan metan qazı mühərrikli avtomobillərdə, binalarda, sanaye sobalarında və elektrik stansiyalarında istifadə oluna bilər.

Amerikanın Masaçusets ştatında isə təşəbbüskar ixtirası olan "Ice Bear" (ingiliscə: qütb ayısı) layihəsi bərpaolunan enerjini elektrik enerjisinə çevirir. Bu enerji isə suyu donduraraq buz kütləsinə çevirir və nəticədə enerji depolanır. Əldə olunan buzdan müxtəlif sənaye məqsədləri üçün istifadə oluna bilər.

Bir çox ölkələr elektrik ehtiyacının böyük bir hissəsini ya idxal edir, ya da neft məhsullarının hesabına əldə edir. Məsələn, Türkiyə təkcə 2015-ci ildə 38 milyard dollar dəyərində enerji idxal edib. Alternativ enerjinin depolanması bir çox ölkələrin, xüsusilə dəTürkiyənin bu sahədəki idxalatını azaldaraq büdcə vəsaitinə qənaət edəcəkdir. 

Azərbaycanın enerji strategiyasında perspektivlər

Əkinə yararsız şoran, səhralaşmış və çirkləndirilmiş torpaq problemi bir çox ölkədə var. Lakin 5 ilə yaxın apardığım araşdırmalar bu torpaqların başqa təyinat üzrə istismarının daha yüksək gəlir gətirdiyini göstərir. Bu cür ərazilərdə alternativ enerji əldə etmək (günəş, külək) üçün qurulan stansiyalar daha effektivdir. ABŞ, Çili, İspaniya, İsrail, Çin, Hindistan, Mərakeş və Türkiyə təcrübəsi buna sübut ola bilər.

KİV-lərin verdiyi məlumatlara görə Azərbaycanda ümumi torpaq fondu 8,6 milyon hektar olduğu halda, bu ehtiyatların xeyli hissəsi erroziyaya uğrayıb. Bəzi ekspertlər bu torpaqların dövlət büdcəsi hesabına yararlı vəziyyətə gətirilməsinin vacibliyini qeyd edirlər. Lakin bu asan başa gələ biləcək bir iş deyil. Söhbət bir insanın deyil, ekoloji fəlakətin vurduğu ziyandan gedir. Ümumiyyətlə böyük ərazilərin bərpası çox böyük maddi vəsait və zaman tələb edir. Tibbdə belə bir deyim var  - "xəstə müalicəyə cavab verirsə, xəstəlik müalicə olunur". Torpaq da belədir: onu dilə tutmaq, məcbur etmək, artırmaq və yerini dəyişmək olmaz. Modern dünyamızda torpaq müalicəyə cavab vermirsə onun təyinatı dəyişdirilə bilər. İsrail, Mavritaniya və Çilinin acı səhralaşma təcrübəsindən heç kim sığortalanmayıb.

Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaçqın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində səhralaşma prosesi güclənib.

Azərbaycanda ildə günəşli və küləkli olması respublikada bərpaolunan enerji növlərindən istifadə üçün fürsətdir. Səhralaşmış və şoranlaşmış torpaqların münbitliyinin bərpası, yenidən yararlı hala salınması mümkün deyilsə bu ərazilərinin xarici sərmayəçilərə uzunmüddətli icarəyə verilməsi ölkəyə çox böyük gəlir gətirə bilər. Bu yararsız torpaqların yeni yaradılacaq investisiya fondunun balansına verilməsi məsələni kökündən həll edə bilərdi.

Türkiyədə Osmanlıdan miras qalmış sərmayə modeli var. Tik-İşlət-Qaytar (türkcə: YAP-İŞLET-DEVRET, ingiliscə Build-Operate-Transfer). İngiltərə, Almaniya, Fransadan gələn sənayeçilər tender əsasında Osmanlı ərazilərindəböyük layihələr həyata keçirir və müəyyən dövr ərzində gəlir əldə etdikdən sonra onları imperatorluğa qaytarırdılar. Bu gün İstanbul boğazı üzərindəki 3 asma körpü, Avrasiya tüneli, Atatürk hava limanı və s. layihələr də bu mirasın meyvələridir. Bu modeldən Azərbaycanda bəzi enerji layihələrinin həyata keçirilməsində istifadə oluna bilər.

Gürcüstan münbit torpaqları və su ehtiyatları baxımından çox zəngindir. Qonşu ölkədə maldarlıq məqsədilə otlaqlar, eləcə də yaylaq ərazilərisatın almaq  və ya icarəyə götürmək Azərbaycan fermerlərinə böyük gəlir gətirə bilər. Sovet dövründəheyvandarlığın gəlirli sahə olmasının səbəbi yay aylarında davarın yaylaqlarda otarılması idi. TəkcəKəlbəcər və Laçına 20-ə yaxın rayondan 50 milyondan çox iri və xırda buynuzlu mal-qara gətirilirdi.

Dünya canlı bir orqanizm, ölkələr isə bu bədənin orqanlarıdır. Qlobal iqlim dəyişiklikləri bütün ölkələrə təsir edir. Yaxın 20 il ərzində alışmadığımız proseslərlə üzləşəcəyik. Evlər günəş enerjisindın asılı olacaq, elektrikli avtomobillər sürəcəyik, mobil telefonlarımıza və kompüterlərimizə enerji toplamaq üçün fotosintezli jalüzilərdən istifadə edəcəyik. Avtomagistralların, küçələrin, parkların, fəvvarələrin işıqlandırılmasına dövlət büdcəsindən vəsait ayrılmasına da ehtiyac qalmayacaq. Bir çox ölkədə fermerlər subartezian quyuların istismarında belə günəş enerjili su motorlarından istifadə edirlər. Respublika əhalisi bütün bunlara indidən hazırlıqlı olmalıdır. Ölkə İpək yolu marşrutu üzərində yerləşir. Yaxın gələcəkdə Azərbaycan ərazisindən tranzit ya da turizm məqsədli elektrikli avtomobillər keçəcək. Bunun üçün Elektrik Doldurma Məntəqələri də olmalıdır.

Dünyamızın bundan sonra daha rahat nəfəs alması və yaşıllaşması üçün təhlükəsiz və təbiət dostu enerji dövrü başlayır.  

P.S. STATİSTİK GÖSTƏRİCİLƏR VƏ RƏQƏMLƏR TÜRKİYƏ STATİSTİKA İDARƏSİ (TÜİK), TÜRKİYƏ KƏND TƏSƏRRÜFATI TİCARƏTŞİLƏRİ ASSOSİASİYASI (TİGEM), BMT-NİN ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI, TÜRKİYƏ TİCARƏT-SƏNAYE PALATALARI BİRLİYİ (TOBB), TÜRKİYƏ PATENT İNSTİTUTU (TPE), TÜRKİYƏ GÖMRÜK VƏ TİCARƏT NAZİRLİYİ, TÜRK SƏNAYEÇİLƏRİ VƏ İŞ ADAMLARI DƏRNƏYİ (TÜSİAD), ƏRZAQ, KƏND TƏSƏRRÜFATI VƏ HEYVANDARLIQ NAZİRLİYİNDƏN ALINIB.


İstanbul

 





24.04.2017    çap et  çap et