525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında

(keçən nömrədən mabədi) 

Abdulla bəy Qəbulzadə - Nuxa şəhərinə 200 min rublə borc pul verilməsi barəsində bir neçə söz söyləmək istiyoram.

Nuxada yaşayanlar, yaxud yaxınlarda bulunanlar Nuxa şəhərini yaxşı tanıyırlar və bilirlər ki, 4 il bundan əqdəmədək Nuxa şəhəri qeyri-ticarət şəhərləri kimi böyük ticarət şəhərlərindən biri idi. Burada böyük ipək fabrikaları və qeyri-sənaət müəssisələri var idi. 4 sənədən bu yana Nuxa şəhəri ticarət şəhərligindən çıxıb iş bir yerə müncər olub ki, 12 yaşından yuxarı bütün əhali fəhləlik üçün Zaqatalaya, Ağdaşa, Ərəş və qeyri yerlərə gedirlər. Bu axır vəqtlərdə Nuxa şəhəri bir fəhləlikdən də çıxıb füqəra şəhəri olmuşdur.

Hal-hazırda əgər bu şəhər əhalisinin beşdə biri qəni isə, beşdə dördü füqəradır. Bunlar bütün ev əşyalarını: palaz, qazan, yorğan, döşək, qab-qacağın bir qədərini Nuxada, bir qədərini də ətraf kəndlərdə satıblar. Xəlq üçün heç bir şey qalmamışdır. Bu işə aşina olduğum üçün təklif edərdim ki, bu 200 min rublə Nuxa şəhərinə qərz degil, ianə təriqilə verilsin. İmdi qəbul olunan layihə mövcibincə hökumət məmurlarına 7-8 milyonluq bir müavinəti-nəqdiyyə verilməlidir. Nə olar ki, bir dəfəlik 200 min manat da Nuxaya ianə verilsin. Bəlkə ianə səbəbinə Nuxa dövlətliləri də öz tərəflərindən bir 100 min manat ianə verərlər. Olsun ki, nuxalılar iyun ayınadək bir qaidə ilə dolanarlar. Və bir də bu 200 min manat pul veriləcək fəqirlərə, azarlılara, aclara və qeyrilərinə. Amma hökumət qulluqçularına verilməli olan 8 milyon yemişə və sair dadlı şeylərə veriləcəkdir. Nuxa üçün veriləcək ianə zəruri şeylərə sərf olunacağından bu pulun borc təriqilə degil, ianə surətilə buraxılmasını təklif ediyoram.

Aslan bəy Qardaşov - Bu pulun ianə surətilə verilməsi barəsində komissiyada dəxi məsələ qalxdı. Lakin layihə müzakirə olunarkən qərara alındı ki, borc surətilə verilsin. Çünki ianə surətilə versək, qeyri şəhərlərə ianə etməgə yol açılar. Bir də səhiyyə nəzarəti tərəfindən bu xüsuslarda böyük və vase qanun layihəsi tənzim edilərək daxil olubdur ki, haman layihədə müsri xəstəliklər barəsində böyük tədbirlər görülür. Bu layihəyə görə Nuxa şəhərində də xəstəliklər ilə mübarizədən ötrü baraklar açılacaq sanitarnı tədbirlər görüləcəkdir. Hər halda komissiya təklif edir ki, borc təriqilə faizsiz verilsin.

Sədr - Bu barədə kim danışmaq istiyor. Danışmaq istəyən yoxsa səsə qoyuram. Daxiliyyə nəzarətinin Nuxa şəhəri üçün 200 min rublə faizsiz borc buraxılması barəsindəki təklifini komissiya bilatəğyir və təbdil qəbul etmişdir. Bu surətlə layihəyə görə xəzinə dövlət vəsaiti-nəqdiyyəsindən bilafaiz Nuxa şəhəri idareyi-bələdiyyəsinə əmrazi-sariyyə ilə mübarizədə bulunması üçün 200 min manatlıq bir borcun verilməsi və məzkur idareyi-bələdiyyənin işbu borcu 1920-ci sənə miladiyyəsindən bida ilə hər sənə müsavi hissələr ilə 4 sənə zərfində xəzineyi-dövlətə verilməsi üçün kəndisini məcbur edilməsi təklif olunur.

Hər kəs bu layihənin komisyon qəbul etdigi kimi qəbuluna tərəfdar isə əllərini qalxızsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə qəbul olunur.

Növbədəki məsələ zabit namizədlərinin maaş miqdarını müəyyənedici qanun layihəsidir. Dokladçı - Qara bəy Qarabəyovdur.

Qarabəyov - Keçən dəfə hərbiyə naziri tərəfindən varid olan hərbiyə nəzarəti büdcəsi maaşına baxılanda zabit namizədlərinin maaşı qələmdən düşmüşdür. Yəni büsbütün xatirdən unudulmuşdur. Əsasən hərbiyə nəzarətinin büdcəsi qəbul edilmişdir. Zabit namizədləri maaşı məsələsi o qanuna əlavə olaraq təklif olunur ki, zabit namizədləri üçün ayda 800 manat maaş təyin edilsin, komisyon da bu məsələyə baxıb qəbul eləmişdir. Keçən layihədə zabitlərə 1000 rublə maaş təyin edildigindən komisyon bunlara, yəni zabit namizədlərinə 800 rublə məvacib verilməsinin parlaman tərəfindən qəbul edilməsini təklif ediyor.

Sədr - Danışan yoxsa səsə qoyuram, hər kəs bu layihəni, yəni zabit namizədlərinə komisyonun qərarı üzrə 800 rublə məvacib verilməsinə tərəfdar isə əlini qalxızsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə qəbul olunur.

Sədr - Növbədəki məsələ etimadnamə komissyonunun məruzəsidir. Söz etimad komisyonu sədri Şəfi bəy Rüstəmbəylinindir.

Rüstəmbəyli - Ötən səfər Ərəş uyezdi nümayəndələrinin seçki protokolları düz olmadığından etibarnamələri geri qaytarılmışdı. İmdi haman uyezddən iki nəfər şəxs: Muxtar əfəndi Əfəndizadə və Əşrəf bəy Tağıyev seçilmişlərdir. Orada Milli Komitə olmadığından kənd cəmiyyəti nümayəndələri köhnə qaidə ilə bir yerə yığılıb ədliyyə məhkəməsi sədrinin təhti-sədarətində qanun üzrə seçilmişlərdir. Etimadnamə komisyonu bunların seçki protokollarına baxıb düz olduğu üçün Ərəş uyezdi nümayəndələrinin parlaman tərəfindən qəbul olunmalarını təklif edir.

İkinci Zəngəzur uyezdindən Əhməd bəy Ağayev və Əliəkbər bəy Xasməhəmmədov parlaman üzvü intixab edilmişlərdi. Bunların seçki protokolları düz degil idi. Əvvəla onların seçki protokollarının surəti (kopyası) göndərilmiş idi. Bundan əlavə, Milli Komitə üzvləri və katib tərəfindən imza olunmamış idi. Buna görə haman protokollar geri göndərilmişdi ki, uyezdni naçalnik yenidən seçki icra etdirsin. Məlum olduğu üzrə Əliəkbər bəy Xasməhəmmədov istinaf məhkəməsi sədri təyin edilib hökumət qulluğuna getdi. Əliəkbər bəy parlamandan çıxmış hesab olunduğu üçün yalnız Əhməd bəy Ağayevin məsələsi qaldı. Sonra Zəngəzurdan Cəmil bəy Sultanov nümayəndə intixab edilib göndərildi. Etibarnamə komisyonu Əhməd bəy Ağayev ilə Əliəkbər bəy Xasməhəmmədovun protokolları düz olmadığından rədd etməgi təhti-qərara aldı. Cəmil bəy Sultanovun etibarnaməsi dürüst və seçkisi qanun üzrə olduğundan etibarnamə komisyonu qəbulunu parlamana təklif eliyor və qərara almışdır təvəqqe etsin ki, Zəngəzurdan ikinci bir nümayəndə göndərilsin.

Üçüncü ixtilaflı bir etimadnamə vardır ki, o da Şamaxı uyezdindən bir neçə mirski priqovor ilə intixab olunmuş Şirin bəy Səfərəlibəyovundur. Qəza kəndləri bir yerə toplanıb bir qətnamə çıxarmamışlar. Ancaq hər kənd parça-parça öz mirski priqovorlarını göndərmişlərdir. Etibarnamə komisyonu qərar qoymuşdur ki, fevralın 7-nə kimi yeni və qanuni protokol göndərilməsi tələb edilsin. Vəqt keçib qanun üzrə etimadnamə gəlmədigindən komisyon son iclasında Şamaxı uyezdindən yeni nümayəndə intixab olunmasını təklif etməgi təhti-qərara almışdır.

Erməni milləti nümayəndələrinin intixabnamələri indiyə qədər gəlmədigindən etibarnamə komisyonu bu məsələyi hələlik açıq buraxıyor.

Etibarnamə komisyonu bu məsələlərin parlaman tərəfindən qəbul olunmasını təklif edir.

Sədr - Həmin məruzə barəsində kim danışmaq istiyor. Söz istəyən yoxdursa səsə qoyuram. Etimadnamə komisyonunun məruzəsi 3 hissədən ibarətdir. Əvvəla Ərəş qəzasından üzv: Muxtar əfəndi Əfəndizadə və Əşrəf Tağızadə intixab olunmuşdur. Hər ikisinin etibarnaməsi düz olduğundan etibarnamə komisyonu təsdiqini təklif ediyor. Etiraz yoxsa qəbul olunur.

Qaldı Zəngəzur qəzası. Zəngəzur qəzasından Əliəkbər bəy Xasməhəmmədov ilə Əhməd bəy Ağayevin etimadnamələri dürüst degildir. Etibarnamələrdə imzalar olmadığından və başqa bir neçə səbəblərə görə bu etimadnamələr qəbul olunmuyorlar. Əliəkbər bəy məmur olduğu üzrə dövləti qulluğa getmişdir. Əhməd bəy Ağayevin də etibarnaməsi qəbula keçmiyor. Zəngəzur uyezdindən Camal Sultanov intixab edilib etibarnaməsi düz olduğundan qəbul edilməsi təklif olunur. Zəngəzur uyezdindən ikinci bir üzvə də ehtiyac vardır.

Hər kəs etibarnamə komisyonunun Zəngəzur qəzası həqqindəki rəyini bu cür qəbul edirsə rica ediyoram əlini qaldırsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə qəbul olunur. Zəngəzurdan bir nəfər də intixab olunmalıdır.

Şamaxı qəzasından Şirin bəy Səfərəlibəyov seçilmiş, fəqət etibarnaməsi dürüst olmadığından geri qaytarılmış və yenidən başqa bir nümayəndə intixabı təklif edilmiş idi. İmdiyə qədər seçki olmamışdır. Ona görə bu məsələyi səsə qoymuyoram.

Növbədəki məsələ yollar və qara yollar və onların təmirat və inşasının təriq və məabir nəzarəti ixtiyarına verilməsi həqqindəki layiheyi-qanuniyyədir. Söz məruzəçi Şəfi bəy Rüstəmbəylinindir.

Şəfi bəy - Rusiyanın köhnə qanunu ilə cəmi qara yolları daxiliyyə nəzarətinin ixtiyarında idi. Bu yolların çoxunu ələddəvam cəmaət özü qayırır və təmir edirdi. Hal-hazırda isə cəmaətin əski vəqtdəki kibi halı-vəziyyəti müsaid degildir ki, hökumətə kömək etsin də yollar qayrılsın. Hökumət bunu nəzərə alaraq və Azərbaycan daxilindəki yolların azlığını və bu azlıq nisbətində əhaliyə lüzumu olduğunu hiss edərək bütün yolların bir nəzarət öhdəsində bulundurmağını münasib bildi. Bunun üçün də yollar ilə daha ziyadə əlaqə və mərbutiyyəti və bunların təmir və inşasında daha ziyadə məharət və vəsaiti olan təriq və məabir nəzarətinə verməgi təhti-qərara alıb, bu xüsus üçün bir qanun layihəsi təklif ediyor. Bu layihə mövcibincə Azərbaycan daxilindəki bütün yollar təriq və məabir nəzarəti təhti-idarəsinə keçir (oxuyur). Bu qanun qəbul edildigi təqdirdə işlərin əmələ gəlməsi və yolların idarəsi üçün nəzarət tərəfindən bir də ştat təklif olunur. Deməli bu ştatlar altı yerdə olacaq. Yəni quru yolları idarə üçün altı stansiya olacaq (Burada bu ştat əfradına veriləcək məvaciblərin rəqəmini oxuyur).

Bu da quru yollar üstündə olacaq məmurların məvacibidir. İştə bu layihəyi layiheyi-qanuniyyə komisyonu ətraflıca tədqiq etdikdən sonra bir neçə təshih ilə qəbulunu təklif ediyor. Birinci tazə qanun nəşr edildigi tarixdən etibarən köhnə rus qanunları ləğv olunmuş hesab edilir və bir də dəmiryol nəzarətinin 668 №-li və 5-ci proqramının 2-ci cildi mətnindəki yolların daxiliyyə nəzarəti əmrinə tabe qismini bəyan etmiş olan maddə dəxi gərək rədd olunsun. 3-cüsü isə komisyondan bir neçə üzvlər bəyan edirlər ki, bu ştat azdır. Bu səbəblə ştat müvəqqəti götürülmüşdür. Və bir də məvacibləri hal-hazırda olan qulluqçuların məvacibləri ilə münasib surətdə təyin edilmiş olduğundan ümumə təzyidi-maaş olduğu zaman bunların məvacibləri ümumi üsul üzərinə artırılmalıdır.

Soltan Məcid Qənizadə - Rusiyada köhnə qanun üzrə bütün quru yollar daxiliyyə nəzarətinin idarəsində idi. Nəzarət bu yollarda xərc etmək üçün təxsis etdigi pulları məmurlar xüsusi ciblərinə qoyar, yolların təmiratını sırf cəmaətin üzərinə yükləyərək işlədirlərdi. Öylə zaman olurdu ki, axırda cəmaət getmək istəməz və hətta getməz idi. Bunun barəsində bir çox şikayətlər vaqe oluyor, yıxılan və pozulan yollar uzun zaman təmir olunmaz da işlər cığırından çıxar mürur və ibur azalırdı və əhali çox-çox məşəqqət çəkər idi. Əlbəttə bu bizdə olmayacaqdır. Ştat ədalətli olacaqdır. Ştat üçün lazım gələn pul buraxılacaqdır. Amma hankı nəzarətə buraxılsın, daxiliyyə, yoxsa təriq və məabir nəzarətinəmi? Bu xüsusu bir az izah etmək lazımdır. Bəncə yolu tikməkdən ziyadə saxlanması müşküldür. Yəni mövcud yolları təmirdən daha ziyadə pozulmamasını təmin etməkdir. Əksərən mövsümlərdə yağışlar yağar, sel gələr, körpü uçar, bu pozuqluqları təmir üçün çox qüvvə lazımdır. Yol pozulduğu kibi haman adamlar çağırıb yolu təmir etmək, düzəltmək icab edər. Yola həmişə diqqət lazımdır. Bən zənn edirəm ki, bu işləri dəmiryol nəzarəti vəqtində bacarmaz. Zira dəmiryol nəzarəti bu yollardan çox uzaqdır. Biləks bu qara yollarının işi daxiliyyə nəzarətinə yavuqdur. Bu məbləğ gərək dəmiryolu nəzarətindən götürülüb daxiliyyə nəzarətinə verilsin, yəni quru yollar ştatı üçün götürülmüş təxminən 700 min rublənin dəmiryol nəzarəti ixtiyarına verilməsi yuxarıda ərz etdigim səbəblərə görə bir nəticə verməyəcəkdir. Dedigim odur ki, o məbləğ gərək daxiliyyə nəzarəti ixtiyarına verilsin və quru yollar da daxiliyyə nəzarəti idarəsində olsun.

(Ardı var)

 





24.04.2017    çap et  çap et