525.Az

Ulu öndər və gənclik


 

Ulu öndər və gənclik<b style="color:red"></b>

Bəşəriyyət elə dövlət xadimlərinin, siyasi liderlərin şahidi olub ki, onların bir çoxu həmişə yaddaşlarda yaşayır, xatirələri nəsillərdən nəsillərə ötürülür.

Təsadüfi deyil ki, dünya tarixinin ayrı-ayrı dövrləri məhz dövrünün bu parlaq şəxsiyyətlərinin adı ilə xatırlanır. Onlardan biri də adı tarixə qızıl hərflərlə yazılan ümummilli lider Heydər Əliyevdir. Müstəqilliyin bərpasından sonra Azərbaycana 10 il rəhbərlik etmiş ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin qorunub saxlanılması, inkişafı və çiçəklənməsində əvəzsiz rol oynayıb. Təsadüfi deyil ki, Azərbaycan ümummilli liderin rəhbərliyi altında beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlayıb. Bütün maneələrə baxmayaraq, ulu öndərin rəhbərliyi altında Azərbaycan keçən əsrin ən böyük neft müqaviləsini imzalamağa nail olub. Bu imza müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin imzası idi.

Fövqəladə iş qabiliyyətinə, güclü təfəkkürə, tükənməz istedada və idarəetmə bacarığına malik olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddət ərzində yalnız bir amal və bir istəklə yaşayıb. Azərbaycan xalqını xoşbəxt görmək ümummilli liderin ən böyük arzusu idi. Gəncliyi böyük qüvvə hesab edən müdrik şəxsiyyət ölkənin gələcəyini də məhz gənclərdə görürdü. Ulu öndər Azərbaycan gəncliyinə sonsuz qayğı və məhəbbətlə yanaşırdı. Məhz bunun nəticəsidir ki, əsası ümummilli lider tərəfindən qoyulan gənclər siyasətinin həyata keçirilməsi ilə gənc nəslin ictimai-siyasi həyatın bütün sferalarında fəal iştirakına zəmin yaradılıb. Çünki cəmiyyətin gələcək tərəqqisi gənc nəslin fəallığından asılıdır. Heydər Əliyevin dediyi kimi, "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycanın inkişafına sərf etməkdən, müstəqil Respublikanın yaşamasına  və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır".

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü ilin sentyabrın 22-də ölkə gənclərin bir qrupu ilə keçirdiyi görüşdə Azərbaycan gəncliyini ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağıraraq bildirib: "Gənclər bilməlidir ki, həyatda uğurlu yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır".

Ümummilli lider gənclərlə əməli və yaradıcı iş sahəsində dövlət siyasətinin vacibliyini qəti müəyyən edərək, 26 iyul 1994-cü il tarixində həmin siyasət sferasında öz fəaliyyətini gerçəkləşdirən və bunun nəticəsi olaraq yeni dövlət qurumunun - Gənclər və İdman Nazirliyinin təsis edilməsi haqqında Fərman imzalayıb. Bu, Azərbaycan gəncliyi üçün yeni və möhtəbər şəraitin yaradılması demək idi. Azərbaycan gənclər hərəkatının tərəqqisində Heydər Əliyevin təqdirəlayiq siyasətinin tərkib hissələrindən biri də ölkədə xüsusi "Gənclər günü"nün  təsis edilməsi idi. Ulu öndərin 2 fevral 1996-cı il tarixli Fərmanı ilə həmin gün hüquqi cəhətdən rəsmiləşdirildi. Həmin dövrdə bu heç bir MDB dövlətində təsadüf edilməmiş tarixi hadisə idi. Heydər Əliyev öz hakimiyyəti dövründə dövlət gənclər siyasətinin tənzimlənməsini təmin edən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi istiqamətində də əməli addımlar atıb.

Böyük ruh yüksəkliyi və tam əminliklə söyləmək olar ki, ulu öndər bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin yaxın dostu və en etibarlı dayağı olub. Fərəhləndirici haldır ki, bu gün bu siyasət ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bənövşə MƏMMƏDOVA
Filologiya üzrə fəlsəfə doktoru

 





25.04.2017    çap et  çap et