525.Az

“Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başladı


 

“Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başladı<b style="color:red"></b>

Aprelin 25-də Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb.

525.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Media tərəfdaşlarından biri də AZƏRTAC olan forumun plenar iclasında BANM-in rektoru Elmar Qasımov tədbirin müasir Azərbaycanın banisi və neft strategiyasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilməsini Ulu Öndərin şəxsiyyətinə və fəaliyyətinə hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. Rektor forumun müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələrin qurulması və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağına əminliyini bildirib.

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini, bu qurumun təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolunu qeyd edib, neft strategiyasının uğurlarından söz açıb, forumun işinə uğurlar arzulayıb.

Energetika naziri Natiq Əliyev hazırkı dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları və perspektivləri barədə məlumat verib. Ulu öndər Heydər Əliyev ilə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etməsindən qürur hissi keçirdiyini bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı və neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb.

SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin fəaliyyəti və planları haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda neft hasılatının tarixi, Azərbaycan neftinin keçmiş SSRİ-nin iqtisadiyyatının inkişafında və Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında rolu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şəxsi nüfuzu hesabına ötən əsrin 90-cı illərində dünyanın aparıcı neft şirkətlərinin Azərbaycana qoyduqları investisiyalar hesabına yanacaq-enerji inkişafının təmin olunması, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi nəticəsində SOCAR-ın biznes fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişlənməsi barədə məlumatlar yer alıb.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında Azərbaycanın neft-kimya sahəsinin inkişafının strateji xəttini açıqlayıb, hazırda bu sahədə həyata keçirilən layihələrin perspektivləri haqqında forum iştirakçılarını məlumatlandırıb. O, artıq ikinci dəfə keçirilən forumun iştirakçılarına təbriklərini çatdırıb, uğurlar arzulayıb.

Forumun əhəmiyyətini vurğulayan “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu tədbirin təşkili artıq ənənə halını alıb. Müzakirə olunan mövzuların aktuallığını qeyd edən B.Aslanbəyli tədbirin əhatə dairəsinin genişləndiyini söyləyib və forumun işinə uğurlar arzulayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov Xəzər regionunda ən möhtəşəm logistika mərkəzinin fəaliyyəti və inkişaf konsepsiyası haqqında fikirlərini bölüşüb, yeni yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və yükdaşımaların ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini vurğulayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin neft sənayesi istiqamətində apardığı uğurlu islahatlar bu gün öz bəhrəsini verməkdədir. Hazırda Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayan akademik tədbirin bir sıra vacib məsələlərin həllində töhfəsini verəcəyinə əminliyini bildirib. BANM-in fəaliyyətindən danışan A.Məhərrəmov vurğulayıb ki, bu ali məktəb qısa müddətdə respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib.

Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdiri Əsgər Aslanov, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko və başqaları iştirak ediblər.

Forumun ilk sessiyası Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub. Sessiyada SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun “Azərbaycanın neft-qaz strategiyası”, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev “Azərbaycanda neft-emalı və neft-kimya sahələrinin inkişaf perspektivləri”, “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərovun “Azərbaycanın neft emalı və neft-kimya sənayesində yeni layihələrin reallaşdırılması”, SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinin neft və neft məhsullarının ixrac əməliyyatlar şöbəsi rəisinin müavini Kamran Məmmədzadənin “Azərbaycan – emal, satış və ixrac”, “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin “BP şirkətinin Azərbaycanda fəaliyyət planları” və “Platts” agentliyinin baş redaktoru Nik Koulmanın “Avroasiyada dəyişən enerji landşaftında Azərbaycanın rolu və perspektivləri” mövzularında məruzələri dinlənilib.

Qeyd edək ki, forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və struktur bölmələrinin rəhbərləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçı - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qatılıblar.

 





25.04.2017    çap et  çap et