525.Az

Fransada prezident seçkisinin birinci turu baş tutdu


 

Fransada prezident seçkisinin birinci turu baş tutdu<b style="color:red"></b>

Fransada prezident seçkilərinin birinci turunun qalibi müəyyənləşib. Bu, 23,75 faiz səs toplayan "En Marche" (İrəli) Hərakatının lideri Emmanuel Makrondur. O, birinci mərhələni 21,53 faiz səslə başa vuran "Milli Cəbhə" partiyasının lideri Marin Le-Penlə ikinci turda yarışacaq.

Respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səs toplayıblar. Bu nəticə ilə hər iki namizəd seçkilərin ikinci mərhələsinə düşə bilməyiblər.

Seçkinin nəitcələrini şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, seçkinin ikinci mərhələsində Emmanuel Makronun qalib gəlmə ehtimalı daha çoxdur: "En Marche" Hərakatı sosial-liberal siyasi partiyadır. Yəni sol cəbhəni təmsil edir. "En Marche"nin ideoloji prioritetləri - mərkəzçilik, xristian-demokratiya, liberalizm seçki marafonundan kənarda qalan Fransua Fiyon və Jan-Lyuk Melanşonun təmsil etdiyi siyasi partiyalarla üst-üstə düşür. Jan-Lyuk Melanşon da seçkidə sol cəbhəni təmsil edirdi. Bu baxımdan, onun və seçki marafonundan kənarda qalan digər sol qüvvələrin səslərinin ikinci turda Makrona veriləcəyi ehtimalı çoxdur".

Politoloq qeyd edib ki, Fransua Filyonun partiyası - respublikaçılar - sağ-mərkəzçi cəbhəni təmsil etsələr də, onların da ideoloji baxışları Emmanuel Makronun "En Marche" Hərakatının prinsiplərindən bir o qədər də fərqlənmir: "Mərkəzçilik, xristian-demokratiya... Makron, Filyon və Melamşonun təmsil etdiyi siyasi qüvvələrin üst-üstə düşən prioritetləri həm də Avropa İttifaqına münasibətlə bağlıdır. Bu baxımdan, Fransua Fiyonun tərəfdarlarının da ikinci turda Emmanuel Makrona səs verəcəkləri şübhə doğurmur. Ona görə də seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri Emmanuel Makronun qalib gəlmək ehtimalı daha çoxdur. Lakin "Milli Cəbhə" partiyasının lideri Marin Le Penin seçkidən ana müxalifət kimi çıxmasının özü belə Fransa və Avropa İttifaqı üçün ciddi problemlər yaradacaq".

Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, Fransada prezident seçkilərinin nəticələrinə görə, Emmanuel Makron və Mari Le Pen irəlidədirlər: "Seçki öncəsi namizədlər erməni kartından geniş istifadə edirdilər. Mayın 23-də növbəti prezidentin adı məlum olacaq. Ancaq onun kim olmasından asılı olmayaraq, o, Azərbaycan faktorunu nəzərə almağa, ölkəmizlə yaxşı münasibətlər qurmağa məcbur olacaq. Çünki Azərbaycan bu gün regionun lider dövlətidir, məhz onun mövqeyindən regionun strateji inkişaf xətti asılıdır".

Deputat əlavə edib ki, Azərbaycanla dostluq etmək Şərqlə dostluq etmək deməkdir: "Bunu fransız namizədlər indidən bilməli və siyasətlərini buna uyğun qurmalıdırlar".

Qeyd edək ki, seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

Ceyhun ABASOV

 





25.04.2017    çap et  çap et