525.Az

Azərbaycan İranda kimi prezident görmək istəyir?


 

"KİMİN PREZİDENT SEÇİLƏCƏYİNİ PROQNOZLAŞDIRMAQ ÇƏTİNDİR, VƏZİYYƏT QƏFİL DƏYİŞƏ BİLƏR"

Azərbaycan İranda kimi prezident görmək istəyir?<b style="color:red"></b>

"İranda keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən mindən çox şəxsdən cəmi 6 nəfərin namizədliyi təsdiq olunub. Misal üçün, keçmiş prezident Mahmud Əhmədinejatın namizədliyi qeydə alınmayıb. Buna baxmayaraq, namizədlər içərisində mühafizəkarların təmsilçiləri kifayət qədərdir. Bunların içərisində İranın keçmiş prokuroru Rəisini və Tehranın meri Qalibafı göstərmək olar".

Bu sözləri "Atlas" Araşdırmalar Məkrəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Qərb ölkələri İranda prezident seçkisində mühafizəkarların qələbəsində maraqlı deyil: "Bu qələbədənsə, Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsində maraqlıdırlar. Çünki məhz Həsən Ruhaninin dövründə nüvə anlaşması imzalanıb, beynəlxalq aləm gərginlikdən qurtulub. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyildi, İranın nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Həsən Ruhaninin prezident seçilməsiylə son qoyulub". Politoloqun sözlərinə görə, çünki keçmiş prezident Mahmud Əhmədinejatdan fərqli olaraq, Həsən Ruhani Amerika ilə ümumi dil tapa bilib: "Ona görə də Qərb dünyası, o cümlədən, Vaşinqton, London və Brüssel mühafizəkar namizədin İranda prezident seçilməsini istəmir. Çünki mühafizəkar prezident İranda yenidən nüvə çalışmalarına başlaya bilər. Bu isə Qərb dünyası üçün yeni problem yaradacaq".

İranda prezident seçkilərində sürprizlərin az olmadığını deyən E.Şahinoğlu qeyd edib ki, İranda müstəqil rəy sorğuları keçirilmədiyinə görə kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir: "Məsələn, 1990-cı illərin sonlarında parlamentin keçmiş sədri Natiq Nuri ilə keçmiş mədəniyyət naziri Məhəmməd Xatəmi arasında mübarizə gedirdi. Çoxları deyirdi ki, Natiq Nurini dini lider, İslam Keşikçiləri və ümumilikdə mühafizəkarlar müdafiə edir və ona görə də o, prezident seçiləcək. Ancaq nəticə fərqli oldu, çoxlarının gözləmədiyi halda, Məhəmməd Xatəmi prezident seçildi və ikinci seçkidə də kürsüsünü qorudu. Doğrudur, onun prezidentliyinin İranda siyasi və iqtisadi islahatları sürətləndirdiyini vurğulamaq çətindir. Bu mənada may ayındakı seçkidə də prezidentin kimin seçiləcəyini proqnozlaşdırmaq çətindir. Vəziyyət qəfil dəyişə bilər".

Mərkəz sədri deyib ki, bəzi fikirlərə görə, İran əhalisi islahatların dərinləşməsini istəyir, əhalinin əksər hissəsi də gəncdir və onlar yenilikdə maraqlıdırlar: "Yəni bu məntiqdən çıxış edərək Həsən Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır. Ancaq yenə də keçmiş illərdə olduğu kimi, bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz - ali dini lider və İslam Keşikçilərinin generalları verirlər. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünü şərti adı liberallar olan kəsimin namizədinin nəzarətinə keçməsinə mane olmurlar. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə bilməz, dini liderin cızdığı "qırmızı cizgini" aşa bilməz".

Politoloqun fikrincə, mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmaya bilərlər ki, Qərblə iqtisadi əməkdaşlıq və sanksiyaların yumşalması prosesi davam etsin: "Qərb kimi Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir. Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Məhz Həsən Ruhaninin dövründə iki ölkə arasındakı əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan Həsən Ruhani o birilərlə müqayisədə Azərbaycan üçün məqbul namizəddir".

İranın Ermənistanla bağlı siyasətinə toxunan E.Şahinoğlu təəssüflə bildirib ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlkitək işğalçı dövlətlə əlaqələrinə davam etdirirlər və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur: "Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır. Ali dini lider milliyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır. Məsələn, keçən ilin aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri Cümə namazlarında Azərbaycana dəstək ifadə edən sözlər işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada varkən milliyətcə azərbaycanlı olan ali dini liderin Ermənistanla da əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil".

Politoloq hesab edir ki, Azərbaycanın siyasi dairələri və cəmiyyəti İranın ali dini liderindən Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözləyir: "Ali dini lider Tehranın Ermənistan siyasətini müəyyənləşdirməsində mühüm rol oynaya bilər. Bu İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər. Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu, Tehranın Ermənistanla bağlı xarici siyasətinə də təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun prezident Həsən Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür".

Qeyd edək ki, İranda preizdent seçkiləri mayın 19-da keçiriləcək.

Ceyhun ABASOV

 





25.04.2017    çap et  çap et