525.Az

Almaniyada “Heydər Əliyev - gənclik-multikulturalizm” beynəlxalq konfransı keçiriləcək


 

Almaniyada “Heydər Əliyev - gənclik-multikulturalizm” beynəlxalq konfransı keçiriləcək<b style="color:red"></b>

10-11 may 2017-ci il tarixində Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri -praktik konfrans keçiriləcək.

Mərkəzdən 525.az-a verilən məlumata görə, konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib.

BBMM-in mətbuat xidmətinə bununla bağlı açıqlamasında Salomeya Lukayte qeyd edib ki, bu layihənin həyata keçirilməsində məqsəd Azərbaycan multikulturalizmini hüquqi və siyasi müstəviyə qaldıran, eyni zamanda gəncliyin dostu və etibarlı dayağı olan Heydər Əliyevə bəslənilən ehtiramı beynəlxalq səviyyədə ifadə etmək, həm də Avropa, Asiya və Amerikada yaşayan Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin vasitəsi ilə multikulturalizm, tolerantlıq ideyalarını daha geniş təbliğ və təşviq etmək, dünyada sülhün və barışın bərqərar olmasına töhfə verməkdir: “Azərbaycan multikulturalizminin siyasi banisi olan Heydər Əliyevin doğum gününə həsr olunmuş bu möhtəşəm tədbirə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, ölkəmizdən, eləcə də dünyanın müxtəlif ölkələrindən 12 alim, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı İslam Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetindən 6 tələbə, 17 xarici ölkə universitetindən Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, ABŞ, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya və Efiopiyanı təmsil edən 25 tələbə, Azərbaycan və Almaniyanın dini icma rəhbərləri, Auqsburq Universitetinin müəllim- tələbə heyəti, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri qatılacaq. Konfrans boyu sərgi və dəyirmi masa təşkil ediləcək, xarici ölkələrin alim və tələbələrinin çıxışları və mühazirələri dinləniləcək, müzakirələr aparılacaq, multikultural mədəniyyət axşamları təqdim olunacaq”.

Dimitrios Asproulis vurğulayıb ki, Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri tərəfindən irəli sürülən bu təklif klubun üzvləri tərəfindən rəğbətlə qarşılanıb: “Layihə haqqında öyrənən klub üzvləri yekdil olaraq bu konfransda iştirak etmək istədiklərini ifadə etdilər, sözügedən tədbirə qatılaraq Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikir və təəssüratlarını bölüşmək arzularını çatdırdılar. Auqsburqda keçiriləcək sözügedən konfransa sözügedən Klubda təmsil olunan tələbə və gənclər qatılaraq mövzu ətrafında təqdimatlarla çıxış edəcəklər”.

İdeyanın təşəbbüskarlarından olan, Portuqaliyanın Lusofona Universitetinin tələbəsi, gənc rejissor Joao Mestre IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakının Azərbaycanı və onun multikulturalizm modelini əyani şəkildə tanımağa imkan yaratdığını vurğulayıb. Gənc rejissor həm də IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakı zamanı əldə etdiyi videoçəkilişlər və bilgilər əsasında Azərbaycan multikulturalizmi modeli ilə bağlı sənədli film çəkdiyini də xatırladıb. Joao Mestre bildirib ki, sözügedən ikigünlük beynəlxalq nəzəri-praktik konfrans vasitəsilə Azərbaycanın dünyaya örnək olacaq multikulturalizm modeli, bu ölkədə aparılan uğurlu gənclər siyasəti, Avropanın multikulturalizmdən imtina etdiyini bəyan etdiyi bir vaxtda multikulturalizmin Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Azərbaycan xalqının əsrlərə söykənən multikulturalizm və tolerantlıq ənənələrinin Heydər Əliyev tərəfindən daha yüksək siyasi səviyyəyə qaldırıldığını və Prezident İlham Əliyevin bu siyasi kursu müvəffəqiyyətlə davam etdirdiyini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə təqdim etmək imkanı yaranır: “Ən maraqlı cəhət budur ki, Azərbaycan haqqındakı bu təqdimatı onun xarici ölkələrdəki gənc intellektual dostları həyata keçiriəcək, onlar bu konfransda yenidən bir araya gələrək beynəlxalq multikulturalizm yay və qış məktəbləri ərzində öz gözləri ilə şahid olduqları Azərbaycan həqiqətlərini dünyaya bəyan edəcəklər. Düşünürəm ki, bu konfransın gerçəkləşməsi Azərbaycan Prezidenti İlham Əliyevin – Azərbaycan gənclərinin İndoneziyadan ABŞ-a, Almaniyadan Vyetnama qədər- dünyanın dörd bir tərəfində intellektual dostlarının sayının artırılması ilə bağlı həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticəsidir”.

Xatırladaq ki, Azərbaycanın Gənc Dostları Klubu İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən, 16 ölkədən 50-dən çox tələbənin qatıldığı "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər" adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Salomeya Lukayte və Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Beynəlxalq klubda Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət 200-dən artıq üzv təmsil olunur. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.

 





26.04.2017    çap et  çap et