525.Az

“İlin patenti” elan edilən ixtira açıqlandı


 

“İlin patenti” elan edilən ixtira açıqlandı<b style="color:red"></b> 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “Azərbaycanda innovasiya potensialı” mövzusuna və “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi” qaliblərinin mükafatlandırılmasına həsr olunmuş konfrans keçirilib.
 
APA-nın xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, innovativ iqtisadiyyatın dəstəklənməsi üçün dövlət tərəfindən zəruri tədbirlər görülür. O deyib ki, Azərbaycanın əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlara daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır: “Made in Azerbaijan brendinin xarici bazarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair Azərbaycan prezidentinin fərmanının icrası baxımından komitənin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır”.
 
Azərbaycanın böyük elmi-texniki potensiala malik olduğunu diqqətə çatdıran Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində bir sıra problemlər olduğunu söyləyib: “Akademiyada innovasiya fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Qeyd etməliyəm ki, akademiyanın alimləri hər il 50-yə yaxın patent alır”.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ölkədə innovativ təşəbbüslərə mühüm əhəmiyyət verildiyini vurğulayıb.
 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev diqqətə çatdırıb ki, nazirliyin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb: “Bununla yanaşı, innovativ sahibkarlığın dəstəklənməsi üçün nazirlik yanında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Fond tərəfindən innovativ layihələrə 3 istiqamətdə dövlət dəstəyi həyata keçirilir. Müşahidə Şurasının qərarına əsasən “start-up” layihələrinə qrantlar ayrılır və innovativ ideyalar biznesə çevrilmək üçün dövlətdən dəstək alırlar. Artıq bu məqsədlə 4 qrant müsabiqəsi keçirilib. Təklif olunmuş 600-ə yaxın layihənin 100-ü fond tərəfindən maliyyələşdirilib”.
 
Konfransda Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli, Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva çıxış ediblər.
 
Sonda ixtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2016-cı ildə dövlət qeydiyyatına alınan 49 ixtira patenti təqdim edilib. Qalibləri AMEA, Bakı Dövlət Universiteti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi və digər aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.
 
Müsabiqənin nəticələrinə əsasən “Yüksək dispersli metal tozunun alınma üsulu”, “Fotohəssas material, “Tomsonit tipli seolitin alınma üsulu” ixtiraları həvəsləndirici mükafata, “Dəniz suyunun şirinləşdirilməsi üsulu”, “Quyu süzgəci”, “Yarımkeçirici materialın nazik təbəqəsi üzərində nanoölçülü elementlərin formalaşdırılması üsulu”, “Təbii neft turşularının poliamidi yol bitumuna çoxfunksiyalı aşqar kimi” ixtiraları III yeri tutub. “Teplovoz və sənaye dizelləri üçün motor yağı”, “Fenilasetileninstirola selektiv hidrogenləşmə üsulu”, “Ürək-damar sisteminin  və nəfəs yollarının fəaliyyətinin monitorinq üsulu” ixtiraları II yerə layiq görülüb. “Təyyarə və digər nəqliyyat vasitələrinin salonlarının sanasiya üsulu və qurğusu” ixtirası isə I yerə layiq görülərək “İlin patenti” elan olunub.
 
Qaliblər diplom və mükafatlarla təltif ediliblər.
 





26.04.2017    çap et  çap et