525.Az

AŞPA-dan Türkiyəyə qarşı qərəzli qərar


 

TÜRKİYƏ İLƏ BAĞLI MONİTORİNQİ BƏRPA ETMƏK BARƏDƏ QƏRAR İKİLİ STANDARTLARA SÖYKƏNƏN ANTİ-TÜRK, ANTİ-MÜSƏLMAN ƏHVAL-RUHİYYƏLİ ADDIMDIR

AŞPA-dan Türkiyəyə qarşı qərəzli qərar<b style="color:red"></b>

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat ətrafında müzakirə aparılıb.

APA-nın Avropa bürosunun xəbərinə görə, Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

Məlum qərar Türkiyənin siyasi dairələrində böyük narazılıqla qarşılanıb. Məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat verib. Bildirilib ki, Türkiyə respublikada vəziyyətin monitorinqi prosesini bərpa etmək barədə qərar çıxaran Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərə yenidən baxmağa məcbur olacaq.

AZƏRTAC-ın məlumatına görə, Xarici İşlər Nazirliyi AŞPA-nın monitorinqi bərpa etməsini siyasi motivlərə əsaslanan ədalətsiz qərar adlandırıb. Eyni zamanda, rəsmi Ankara parlamentariləri ağılla fəaliyyət göstərməyə, dünyəvi fəlakət olan terrorizmə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır. Bəyanatda deyilir ki, bu addım əməkdaşlıq və dialoq ruhuna tamamilə ziddir və yaranmış vəziyyət Türkiyəni AŞPA ilə münasibətlərə yenidən baxmağa məcbur edir.

Avropa İttifaqı naziri Ömər Çelik də öz növbəsində AŞPA-nın Türkiyə ilə bağlı qərarını "ədalətli olmayan haqsız qərar" və "Avropa Şurası üçün də, AŞPA üçün də tarixi səhv" kimi səciyyələndirib.

Məlum qərar Azərbaycanın da siyasi dairələrində böyük hiddətlə qarşılanıb. Təsadüfi deyil ki, sözügedən qərarla bağlı AŞPA-nın plenar iclasında aparılan müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurasının təsisçilərindən olan Türkiyənin indiki ağır vaxtında bu ölkəyə qarşı monitorinq prosesini açmaq deyil, əksinə, Türkiyəyə yardım etmək lazımdır: "Ümumilikdə hesabatda əks olunanlarla razılaşmaq olar, amma burada bir mühüm məsələ var. Bu da postmonitorinq mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınıb-salınmamasıdır. Bu, qəbuledilməzdir. Düşünün bir görək, postmonitorinqlə monitorinqin fərqi nədədir? Ola bilsin ki, belə bir qərar qəbul olunduqdan sonra ölkə üzrə iki deyil, üç, dörd və daha çox məruzəçi təyin edilsin.

Və ya bəlkə bundan sonra Türkiyəyə indikindən daha çox səfərlər ediləcək? Fikrimcə, bu məsələni qabartmaqdansa, biz monitorinq prosesi anlayışının özünü dəyişdirməliyik. Biz doğrudan da Türkiyəyə yardım etmək istəyiriksə, o zaman yaxşı olar ki, bu ölkə üzrə xüsusi bir qrup yaradaq. Assambleya üzvlərindən ibarət olacaq bu qrup türk dostlarımızla əməkdaşlıq edərək bu ölkəni, orada gedən prosesləri daha düzgün anlaya bilərdi. Monitorinq məsələsinə əl atsaq, o zaman biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq. Bununla biz AŞPA olaraq Türkiyə ilə qurduğumuz münasibətləri pisləşdirə bilərik. Hesab edirəm ki, Türkiyənin postmonitorinqdən monitorinq mərhələsinə salınması əksinə, bu ölkənin Avropadan izolyasiyasına gətirib çıxaracaq. Biz bu məsələdə müdriklik nümayiş etdirib, belə kəskin qərarlara əl atmamalıyıq. Hesab edirəm ki, burada bəzi ölkələr, bəzi dairələr bəlkə də məsələnin bu cür inkişaf etməsini arzulayırlar. Ancaq yaxşı olar ki, biz bu müddəanı hesabatdan çıxaraq. Mən sizi, hörmətli həmkarlarımı, Türkiyəni postmonitorinq mərhələsində saxlamağa, bu ölkəni dəstəkləməyə, Türkiyə və eləcə də Avropa üçün bu çətin vaxtlarda bu ölkəyə yardım etməyə çağırıram"

AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərarı ədalətsiz və qərəzli olmaqla barəbar, ikili standartlara söykənən anti-Türk, anti-müsəlman əhval-ruhiyyəli addımdır. Təcrübə sübut edir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür.

Azərbaycanla əlaqədar də baş verən oxşar hadisələr, qərəzli yanaşma tərzi AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdür.

Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyillərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?! Ona görə də, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.

Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir. Birmənalı olaraq, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

Qərarın qəbulundan sonra APA-ya açıqlama verən Səməd Seyidov qeyd edib ki, AŞPA Türkiyənin Avropa Şurasındakı əhəmiyyətini, rolunu, çəkisini axıra kimi dərk etmədi. O bildirib ki, Türkiyəyə qarşı işləyən qüvvələr bu gün Türkiyə-Avropa əlaqələrinə ciddi zərbə vurdular: "Türkiyə bütün tənqidi məqamların üzərində düşünməyə və konstruktiv münasibətlər formalaşdırmağa hazır olduğunu bəyan etmişdi. Lakin AŞPA Türkiyəni postmonitorinqdən monitorinq prosesi altına yenidən saldığına görə, bu qurumun Türkiyə ilə bağlı verdiyi bütün bəyanatlar faktiki, qeyri-səmimi bəyanatlar kimi qiymətləndirilə bilər. Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞPA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması. Ən maraqlısı ondan ibarətdir ki, sanksiyalar nədənsə məhz sanksiyalara layiq olan ölkələrə yox, Türkiyə, Azərbaycan və yaxud Rusiya kimi ölkələrə qarşı tətbiq edilməklə, təşkilatın özünün gələcək müqəddəratını sual altında qoyur".

S.Seyidovun sözlərinə görə, bunlar az deyilmiş kimi, AŞPA-nın bu sessiyası böyük qalmaqalla başlayıb: "Bu da AŞPA sədri Pedro Aqramuntla bağlıdır. Çox təəssüf ki, biz qanunun aliliyini müdafiə etməyə çağırış edən bir təşkilatın öz divarları arasında qanunun aliliyini demək olar ki, kobud şəkildə pozulmasının şahidinə çevrildik. Çünki birinci gün faktiki qeyri-qanuni üsullarla, proseduru nəzərə almadan AŞPA-nın sədrini vəzifədən çıxarmaq istəyirdilər. Bu, alınmadı, ancaq destruktiv qüvvələr həm Avropa Şurasına, həm də AŞPA sədrinə böyük zərbə vurdular. Bu zərbə birincisi, bizim bu təşkilata inamımızı sındırdı, azaltdı. Biz başa düşdük ki, bu təşkilat nəinki öz dəyərlərinin müdafiə etmək iqtidarında deyil, əksinə, onları pozmağa hazırdır. Nəhayət, təşkilatda bu gün dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və bu kimi fikirlərin yerinə konfrontasiya, xüsusi yanaşma və qeyri-obyektivlik gündəmə gəlir. Ona görə də, bu sessiyanı ümumi şəkildə xarakterizə etsək, iki mühüm xüsusiyyətini qeyd etməliyəm. Birincisi, bütün bu baş verənlərə baxmayaraq, Azərbaycan nümayəndə heyəti öz işini davam etdirir, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərimiz, qaçqın və məcburi köçkünlər məsələlərini daima gündəmdə saxlayır. İkincisi isə burada uzun illər cücərən, formalaşan, özünü hər yerdə büruzə verən ikili standartlar yanaşması artıq partladı. Dialoq tərəfdarlarını işdən çıxartmaq və vəzifədən məhrum etmək, onlara qarşı sanksiyalar tətbiq etməklə yanaşı, ölkələrə qarşı nifrət hissi, qəbuledilməz yanaşmalar gündəmə gəldi. Ümumi şəkildə isə əsas nəticə budur ki, bu təşkilatın gələcəyi sual altındadır".

Milli Məclisin deputatı Bəxtiyar Əliyev də hesab edir  ki, AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və demokratik dəyərlərə tamamilə ziddir.  "Trend"in məlumatına görə, deputat bildirib ki, qərar Türkiyənin aparıcı rolunu azaltmaq məqsədi daşıyır: "Türkiyə son 15 ildə çox böyük inkişafa nail olub. Avropa bu cür siyasi təzyiq vasitələrindən istifadə etməklə Türkiyənin həm Avropada, həm də şərqdə aparıcı rolunu kiçiltməyə çalışır. Eyni təzyiqlər Azərbaycana və digər müsəlman ölkələrinə qarşı da edilir".

B.Əliyev qeyd edib ki, AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir: "Bu cür təzyiq vasitəsilə öz şərtlərini qəbul etdirməyə çalışırlar. Bununla Avropa Şurası özü öz prinsiplərini sual altına qoymuş olur".

Qeyd edək ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Ceyhun ABASOV

 





26.04.2017    çap et  çap et