525.Az

Putin türkiyəli həmkarını Soçiyə dəvət edib


 

"KREML SAHİBİ ANKARANI RUSİYA-İRAN İTTİFAQINA YAXINLAŞDIRMAQ İSTƏYİR"

Putin türkiyəli həmkarını Soçiyə dəvət edib<b style="color:red"></b>

"Avropa ölkələri bir ağızdan deyirlər ki, Türkiyə ilə əməkdaşlıqda maraqlıdırlar. Ancaq onların bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri istiləşdirmək fikirləri yoxdur. Bu o deməkdir ki, Ərdoğan prezident olduğu müddətdə bir çox Avropa ölkəsinə rəsmi səfərə dəvət edilməyəcək. Bəs bunun əvəzində nə baş verir?"

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ərdoğanın may ayı ərzində səfər edəcəyi ölkələrin trayektoriyasına fikir verək: "Rusiya, Hindistan və Çin. Bu seçim ona gətirib çıxarır ki, Ankara tədricən Avropadan uzaqlaşır. Bundan hər iki tərəf uduzur".

E.Şahinoğlu qeyd edib ki, Ərdoğanı gələn həftə Rusiyada gözləyirlər: "Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Soçiyə dəvət edib. Ərdoğan səfər öncəsi Putinə xoş sürpriz edib. Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddətdi 60 gündən 90 günə qədər uzadılıb. Ancaq eyni jesti Putin etməyi düşünmür. Təyyarə olayından sonra Rusiya Türkiyə vətəndaşlarına qarşı viza tətbiq edir və Ərdoğanın üzrxahlığı da hələ ki, işə yaramayıb".

Kreml sahibinin Türkiyənin bəzi kənd təssərrüfatı məhsullarına qoyduğu embarqonu da hələ qaldırmadığını deyən politoloqun fikrincə, mümkündür ki, Putin də jest edərək Türkiyə pomidorlarını Rusiyaya buraxsın: "Putin Ərdoğanla nəyi müzakirə edəcək? Heç şübhəsiz, əsas mövzu Suriya olacaq. Bundan başqa, Putin Türkiyəni Rusiya-İran ittifaqına yaxınlaşdırmaq istəyir. Elə Ərdoğanın özü də Rusiya-İran-Türkiyə üçlüyü içərisində dialoqun genişlənməsinin tərəfdarıdır. Növbəti üçlü görüşün Tehranda həyata keçirilməsi planlaşdırılır. Ancaq bu İranda prezident seçkisindən erkən baş verməyəcək".

Ceyhun ABASOV

 





26.04.2017    çap et  çap et