525.Az

Rusiyadan vətəndaşı Dilqəm Əsgərova qarşı ədalətsiz mövqe


 

"AZƏRBAYCAN MƏSƏLƏNİ RƏSMİ ŞƏKİLDƏ QALDIRSA, HƏMİN BƏYANATI VERƏN MƏMURU MÜTLƏQ CƏZALANDIRACAQLAR"

Rusiyadan vətəndaşı Dilqəm Əsgərova qarşı ədalətsiz mövqe<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi (XİN) KİV-in bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb.

APA-nın Rusiya XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin "Lapşinin ətrafında yaranan vəziyyət fonunda dəfələrlə bildirilib ki, Rusiya XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir. Bu səbəbdən bilmək istərdik ki, Rusiya XİN qondarma "DQR" məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görür?" sualına cavabında bildirib ki, onlar Azərbaycan KİV-in Rusiya vətəndaşlarına qarşı qayğısından çox məmnundurlar: "Rusiya XİN davamlı olaraq, milliyyətindən asılı olmayaraq, bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib".

Sorğuda qeyd olunub ki, münaqişəyə görə Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur: "Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o, Lapşin kimi həmin tövsiyəyə əməl etməyib".

Kojinin adından yayılmış cavabda, həmçinin vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.

Məlumatda "bu hadisədə müəmmalı amillərin mövcud olduğu" qeyd edilib, "rəsmi Bakının Rusiya vətəndaşının münaqişə zonasına səfər etməsindən xəbərdar olub-olmadığı" ilə bağlı məlumatsızlıq ifadə olunub: "Hər halda, onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq".

Kojinin "Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini" də qeyd edib.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, bu, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində baş verən hadisələrə göstərdiyi ənənəvi münasibətdir: "Bu yanaşma tərzi Rusiyanın öz vətəndaşlarına milli mənsubiyyətlərinə görə fərq qoyduğunu nümayiş etdirir. Bu da heç şübhəsiz, Rusiyanın ilk növbədə özünün elan etdiyi prinsiplərə və vətəndaşlarının konstitusion hüquqlarına zidd olan anlayış, yanaşmadır. Əslində, Rusiya öz vətəndaşını açıq şəkildə müdafiə etməli idi. Rəsmi Moskva işğalçı Ermənistana və separatçı rejimə təzyiq göstərib öz vətəndaşının azad olunmasına nail olmalı idi".

E.Mirzəbəyli hesab edir ki, indiki şəraitdə Dilqəm Əsgərovla Şahbaz Quliyevin işğal altında olan Azərbaycan ərazilərində saxlanılmasının heç bir hüquqi əsası yoxdur: "Bu faktiki olaraq həmin şəxslərin girov saxlanıldığını sübut edir. Çünki onlar haqqında qərar qəbul edən separatçı rejimin qondarma "məhkəməsi" və bu qurama "məhkəməyə" səlahiyyət verən qurum özü beynəlxalq hüquq tərəfindən tanınmayıb. Nəinki Rusiya, hətta Ermənistan bu qondarma qurumu tanımır. Ona görə də, bu, faktiki olaraq ikiqat cinayət anlamına gəlir. Digər tərəfdən, həmin şəxslər Azərbaycan torpaqlarını ziyarət edib və Azərbaycan torpaqlarında girov götürülüblər. Belə olan halda bu davranış dolayı yolla Rusiyanın işğala haqq qazandırması anlamına gəlir. Təbii ki, bu, Moskvanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həyata keçirdiyi vasitəçilik missiyasını şübhə altına alır".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, bəyanatı verən Artyom Kojin çox səviyyəsiz adamdır: "Açığı, həmin şəxsin Rusiya dövlətinə elə də böyük hörməti yoxdur. Kojin Dilqəm Əsgərovu ittiham edir ki, o Rusiya vətəndaşı olsa da, həmin dövlətin təlimatlarına qulaq asmayıb və Dağlıq Qarabağa gedib. Sual yaranır ki, Kojin niyə Dilqəm Əsgərovu Aleksandr Lapşinlə müqayisə edir? Konstantin Zaturin Rusiya dövlət dumasının deputatıdır. O, Dağlıq Qarabağa yolu su yoluna çevirib. Bəs niyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi onun adını çəkmir? Xarici İşlər Nazirliyinin bəyanatından belə çıxır ki, Rusiyanın qanunlarını Zaturin ələ salır. Əgər Rusiya dövlət dumasının deputatı təmsil etdiyi dövlətin qanunlarını hesaba almırsa, bu dövlət nə vəziyyətdədir?! Digər tərəfdən, Rusiya mətbuatının ən aparıcı simalarından biri olan Vladimir Solovyov etiraf edir ki, dəfələrlə Dağlıq Qarabağda olub. O, Rusiya dövlətinin qanunlarına məhəl qoymur, Rusiya Xarici İşlər Nazirliyinin təlimatlarına əməl etmir, amma eyni zamanda, Rusiya dövlətinin sevimlisidir. Sadəcə, bu bəyanatı verən məmur özü səviyyəsiz adamdır. O, vəziyyəti yaxşı bilmədən, sadəcə ortalığa Azərbaycanın adı gəldiyi üçün tələm-tələsik sorğuya cavab yazıb".

M.Əhmədoğlu hesab edir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi məsələni rəsmi şəkildə qaldırsa,  həmin bəyanatı verən məmuru mütləq cəzalandıracaqlar: "Çünki Artyom Kojin Rusiyanın dövlətçilik prizmasından çox ziyanlı danışıb".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda ikili yanaşma var: "Bəyantda yer alan bəzi məqamlar heyrət doğurur. Bildirilir ki, guya Dilqəmlə Şahbazın minalanmış ərazidən keçməsində Azərbaycan dövlətinin rolu var. Həmçinin, bəyanatda Aleksandr Lapşin Rusiya vətəndaşı kimi qeyd edilir, Dilqəm Əsgərovla bağlı isə qeyd olunur ki, guya pasportu Azərbaycan tərəfi sonradan ona təqdim edib. Bu cür məsələləri qabartmaq real söhbətdən yayınmaq məqsədi daşıyır".

A.Nağıyev bildirib ki, eyni zamanda, Dilqəm Əsgərov Aleksandr Lapşinin müqayisəsində müəyyən bir məqam var ki, guya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında ölkə vətəndaşlarının Dağlıq Qarabağa səfər etməmələri ilə bağlı xüsusi təlimatlar var: "Yəni, məsələ ondan ibarətdir ki, burada ikili standart var. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin xarici işlər naziri məsələyə laqeyd münasibət bəsləyir. Bunun bircə adı var: Ermənistan Rusiyanın vassalıdır. Hiss olunur ki, onlar Dağlıq Qarabağ münaqişəsində status-kvonu dolayı yolla saxlanılmasında mühüm rol oynayırlar".

Milli Məclisin deputatı Sahib Alıyev də hesab edir ki, girovlarla bağlı ikili yanaşmanın kökündə Qarabağ münaqişəsinin özünə yanaşmadakı ikili standart siyasəti dayanır. O, "Azvision"a bildirib ki, Aleksandr Lapşin və Dilqəm Əsgərova yanaşma bu ikili standartın fərdlər üzərində növbəti təsdiqidir: "Əgər Dağlıq Qarabağ məsələsinə ədalətli yanaşma olsaydı, münaqişənin həllində beynəlxalq hüquq əsas götürülsəydi, nə Dilqəm Əsgərov bu yolla dədə-baba torpağına getmək məcburiyyətində qalardı, nə də öz torpağında girov götürülərdi".

S.Alıyev vurğulayıb ki, Dilqəm Əsgərovun bu vəziyyətinə görə Rusiya ikitərəfli məsuliyyət daşıyır: "Birincisi, ATƏT-in Minsk qrupunun həmsədr və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məsuliyyət daşıyır ki, bu münaqişə indiyə qədər öz həllini tapmayıb. Qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının ilk qətnaməsi də Kəlbəcərin işğalı ilə bağlı idi. Bu qətnamə yerinə yetirilmirsə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, həmsədr dövlət kimi Rusiya buna seyirçi qalırsa, bu çox şeydən xəbər verir. Təbii ki, bu, həmin ölkənin vətəndaşı olan Dilqəm Əsgərova yanaşmada da müşahidə olunur. Separatçıların yanında olan, erməni separatizmini və terrorizmini dəstəkləyənə açıq dəstək nümayiş etdirilir. Açıq şəkildə qayğısına qalınır. Hətta açıq şəkildə diplomatik təpkilərə əl atılır. Ancaq Dilqəm Əsgərova gəldikdə, təəssüf ki, biz bunu görmürük. Bu, ikili standartlardan qayaqlanır".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ceyhun ABASOV

 





26.04.2017    çap et  çap et