525.Az

Elşad Abdullayev Azərbaycana qarşı


 

ABU-nun KEÇMİŞ REKTORU AZƏRBAYCANA QARŞI OLAN GÜCLƏRLƏ BİRLƏŞƏRƏK ÖLKƏMİZƏ QARŞI İŞ APARIR

Elşad Abdullayev Azərbaycana qarşı<b style="color:red"></b>

Məlum olduğu kimi, 6 aprel tarixində İsveçrənin Bazel şəhərində Avropada yaşayan azərbaycanlıların iştirakı ilə “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatının təsis konfransı keçirildi. “Təzadlar” qəzetinin yazdığına görə, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin rəhbərlik etdiyi və maliyyələşdirdiyi yeni qurum Avropadan Azərbaycana qarşı yeni basqılara start verib. Qəzet keçmiş ABU rektorunun birbaşa rəhbərlik etdiyi prosesin başında separatçılar və fərarilərin durduğunu qeyd edir.

Konfransda Avropanın 7 ölkəsindən 85 nümayəndə iştirak etdiyi, eyni zamanda Rusiya, Kanada və Ukraynadan iştirakçıların skype vasitəsilə konfransın qatıldığı qeyd edilir. Bakıdan isə keçmiş dövlət katibi, ALP-nin sabiq sədri Lalə Şövkət Hacıyevanın və bəzi digər siyasi, ictimai təşkilatların təmsilçiləri konfrans iştirakçılarını telefonla canlı bağlantıda təbrik etdiyi bildirilir. Qəzetin yazdığına görə, yeni qurulan təşkilatın təsisçiləri Azərbaycanda insan haqları, demokratik təsisatların inkişaf etdirilməsi kimi ideyaları müdafiə etdiklərini bildiriblər.

Əslində, bu qurumda kimlərin təmsil olunduğu diqqətçəkici məqamlardandır.

1993-cü ildə OMON, yəni Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) kimi tanınmış hərbi birlikdə işləmiş və Zəngilan uğrunda ermənilərə qarşı döyüş əməliyyatlarında fərarilik etmiş Qabil Rzayev yeni qurumda təmsil olunur. Onun bu əməli o zaman komandiri olmuş mərhum DİN müavini Rövşən Cavadovun kəskin qəzəbinə səbəb olmuşdu. O zaman Q.Rzayev dərhal həbs olunaraq R.Cavadovun yanına gətirilmişdi. Q.Rzayev döyüş yoldaşını səngərdə tək qoyub qaçdığını və buna görə güllələnəcəyini dərk etdiyi üçün komandirinin ayaqlarına düşərək göz yaşları içində onun bağışlanılmasını yalvarmışdı. Məhz R.Cavadovun etibar etdiyi yaxın ətrafı onun bu dəfə əfv olunmasını rica edərək buna nail olurlar.

Yeni qurumda olanlardan birinin də Ataxan Əbilov adlı bir şəxsin olduğu bildirilir. O, bu dövrdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəllim işləməklə yanaşı, gizli şəkildə “Talış Muğan Respublikası”nın konstitusiyasını yazıb. Məhz onun hazırlamış olduğu bu sənəd əsasında Azərbaycanın cənub bölgələrində böyük bir təbliğat şəbəkəsi də qurulmuşdu: “Bizlər talış xalqı olaraq öz dövlətimizi qurmalıyıq və Qarabağ uğrunda döyüşlərə qatılmağımızın heç bir mənası yoxdur, qoy türklər öz torpaqları uğrunda mübarizə aparsınlar. Çünki talışlar və ermənilər eyni kökə, yəni ari irqinə məxsusdurlar”. 

Avropada mühacir ömrünü yaşayan bu iki şəxs bir araya gələrək “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatını yaratması və bütün bunlar azmış kimi, özləri kimilərini də yeni təşkilata cəlb etmələri müxtəlif qaranlıq məqamlardan xəbər verir. Azərbaycanla bağlı fəaliyyətləri şübhəli olan bir sıra şəxslərin burada cəmlənməsi bu məqamı daha da qabardır.

İllər boyu korrupsiya yuvası olmuş ABU rektoru Elşad Abdullayev, Coşqun Feyzullazadə, Surxan Lətifov, Elnur Məcidli, Rəşad Qurbanov, Canmirzə Mirzəyev, Telman Kazımov, Fərhad Axundovun və bu qəbildən olan digər şəxslərin həmin qurumda təmsil olunduğunu nəzərə aldıqda hər şey aydın olur.

Belə bir qurumun yaradılmasında Avropanın bir sıra insan haqları təşkilatları, eləcə də burada dəbdə olan Yaşıllar Hərəkatı, Transnasional Radikal Partiyası, Avropa Liberal İttifaqı və digər siyasi qurumlar da yedək gücü kimi dəstək verdiklərini bildiriblər. Belə bir qurumun  yaradılması Azərbaycanın siyasi çevrələrində bir qədər ehtiyatlı qarşılanıb. Çünki Müsavat, ADP, AXCP, KXCP kimi partiyaların liderləri yeni qurumun başında duranların kimlər olduqlarını bildikləri üçün hələlik susmağa üstünlük veriblər.

Maraqlıdır ki, sözdə Azərbaycanda sosial-iqtisadi problemlər, əsgər ölümləri, vətəndaşların mülkiyyət hüquqlarının pozulması, hakimiyyət-müxalifət münasibətləri, Dağlıq Qarabağ konflikti və digər problemlərə önəm verdiyini elan edən yeni qurumu təmsil edənlər faktiki olaraq, Azərbaycanda strateji maraqları olan dövlətlərin “MAŞA”sı rolunda çıxış etməyə başlayıblar. Belə ki, “deyerler.org”, “faktxeber.com”, “sizinyol.com”, “araznews.com”, “contact.az”, “islaminsesi.az”,  “edaletsizliklemubarize.wordpress.com”, “xeber44.com”, “smtpaz.ipower.com”, “haqq-adalet.com”, “gundamxəbər.com” və digər informasiya resurslarının bu quruma dəstək verməsinin arxasında İrana məxsus şəbəkələrin də durması bir həqiqət olaraq ortadadır. Beləliklə, Avropada son illər güclənməkdə olan anti-türk şəbəkələrə İran, Rusiya və digər dövlətlərə məxsus xüsusi stukturlar da dolayı yolla yeni quruma dəstək verməyə başlayıb.

Deməli “Milli Birlik Şurası” adı altında vaxtilə Azərbaycandan mühacirət etmiş və Avropada sığınacaq tapmış insanlar bu dəfə Qərbin üzərindən Azərbaycana qarşı mübarizə aparmağa başlayıblar. Bu qurumun sədri vəzifəsinə seçilmiş Qabil Rzayevin, onun birinci müavini “hüquq elmləri doktoru” Elşad Abdullayevin, qurumun məclisinin sədri Ataxan Əbilovun təyin olunması xüsusilə ciddi məsələ kimi başa düşülməlidir. Ataxan Əbilov həm də Hollandiyada sığınacaq almış, separatçı “TMR”-in “prezidenti” Əlikram Hümbətovun baş məsləhətçisidir. Məhz Ataxan Əbilovun vasitəsilə Moskvadakı “talış separatçıları” beynəlxalq insan haqları təşkilatları ilə koordinasiya formasında fəaliyyət göstərirlər. Fəaliyyəti qapadılmış ABU-nun  rektoru olmuş E.Abdullayevin keçmiş fərarilər və separatçılarla bir araya gəlməsi xüsusilə diqqət çəkən məqamlardan biri hesab olunur. Elşad Abdullayev bir tərəfdən Azərbaycanda hüquqlarının pozulması, onun daim təzyiqlər altında olması, hakimiyyət yetkililərinə hər bir işi ilə bağlı rüşvət verməyə məcbur edilməsi faktlarını açıqlasa da, digər yandan həmin vəsaitləri hansı yolla qazandığını da açıqlamalı olduğu halda, bütün bunları susqunluqla qarşılayır. Halbuki, onun Moskva, Dubay və digər antitürk mərkəzli şəbəkələrlə ABU adı altında iqtisadi və maliyyə əlaqələrinə aydınlıq gətirilməlidir.

Qəzetin yazdığına görə, o, bütün bunları təhsil siyasəti adı altında apardığını, beləliklə, ölkədə insan alveri tipli daha dərin qatlarda gizlənmiş hədəfləri siyasiləşdirməklə, MTN-də mayor rütbəsində olmuş qardaşı Mahir Abdullayevin “itkin” düşməsi, millət vəkili seçilməsi üçün hakimiyyətin yuxarı dairələrinə rüşvət verməyə təhrik edilməsi faktorunu qabartmaqla başlıca strateji hədəflərini də beləcə gizlətməyə çalışır.

Məqalədə Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) önündə Avropada yaşayan mühacirlər bu ad altında bir sıra problemləri bəhanə edərək etiraz aksiyası keçirməyə başladığı qeyd edilərək, E.Abdullayevin maliyyələşdirdiyi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası”nın tərəfindən başladılan belə bir prosesdə öz keçmiş cinayət əməllərini gizlətməklə yeni statusda hərəkət etmək taktikasını seçən keçmiş fərarilər, separatçılar, şübhəli rüşvət dalğasının qurbanları yeni ampulada hətta, Azərbaycan dövlətinin siyasətinin aparıcı simasına çevrilmək istədiklərini belə gizlətmədikləri vurğulanır. Onlar Azərbaycandakı müxalifətə və KİV-lərə xoş gəlmək üçün bəzən demokrat cildində hərəkət etməyi belə unutmadıqlarını bildirirlər. Hətta bu qurumlarla əməkdaşlıq etmək, onların tələblərini dilə gətirərək Avropada “Azərbaycanda demokratiyaya dəstək və siyasi məhbuslara azadlıq” tələbi ilə aksiyalar keçirməklə bu yöndə istənilən şouları gündəmə gətirə biləcəklərini belə qeyd edirlər. Fransa, İsveçrə, Almaniya, Hollandiya, İsveç, Litva, Belçika, Norveç, Finlandiya, hətta Ukrayna, Rusiya və digər dövlətlərdən bu siyasətə dəstək verə biləcək vətəndaşların da iştirak edəcəyini bildirirlər. Strasburqda AŞPA-nın binası qarşısında keçirilən son aksiyada E.Abdullayev öncədən “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi” təşkilatının, separatçı “DQR” və “TMR”-in nümayəndələri ilə birlikdə olub. Qəzetin yazdığına görə, E.Abdullayevin əsas hədəfi “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” adı altında keçirilən aksiyalarda iştirak edənlərin sayının həddindən artıq çox olduğunu dünyaya göstərməkdən ibarətdir. Bu mənada gerçəkdən Azərbaycanı sevən və mühacirətdə yaşamaq məcburiyyətində olan vətəndaşlar həqiqətən də Q.Rzayevin, E.Abdullayevin və A.Əbilovun kim olduqlarını çox yaxşı dərk edirlər. Beləcə öz şəxsi problemlərinin fonunda E.Abdullayev Azərbaycana qarşı separatçı mövqedə olanları, onlara dəstək verənləri  və fərariləri maliyyələşdirməklə bu dəfə hansı mövqelərə qədər yüksəldiyini nümayiş etdirmək taktikasını seçiblər.

Yazıya görə, E.Abdullayev özünün maraqlarını təmin etmək üçün digər tərəfdaşları ilə birlikdə bu prosesdə iştirak etməyi hədəf seçib. Beləliklə, hakimiyyətdəki məmurlarla açıq səviyyədə döyüşə qatıldığını belə gizlətməyən E.Abdullayev hətta Berlində “Meydan TV” kanalının yaradılması təşəbbüsünü müdafiə edib. Bu TV kanal əslində Elşad Abdullayevin intiqam tribunasına çevriləcək. Hətta bu TV kanalda Q.Rzayev, A.Əbilov, T.Kazımov, F.Axundov, E.Məcidli, C.Feyzullazadə, S.Lətifov kimi siyasi mənşəyi şübhəli olanlar belə, xüsusi proqram layihələri hazırlamağa başlayıblarr. Qəzetin yazdığına görə, “Meydan TV” layihəsi əsasında E.Abdullayev həm də Azərbaycanda TV kanalın şəbəkələrini yaratmağa başlayıb. Beləliklə, E.Abdullayev Azərbaycan cəmiyyətinin aktiv kəsiminin əsas diqqətinin onun TV kanalına yönəldilməsi taktikasını seçib.

Azərbaycanda insan haqları, hüquq və azadlıqların qorunmasını bəhanə edərək E.Abdullayevin özü üçün reabilitasiya statusunu əldə etmək üçün daha irimiqyaslı hücumları hədəfə aldığı bildirilərək, separatçı qüvvələrin də bu prosesdən istifadə etməyi hədəflədiyi qeyd edilir. Əslində Avropadakı “Azərbaycandan Deportasiya Olunmuş Erməni Vətəndaşlar Birliyi”, “TMR” və “DQR”-in Avropa üzrə nümayəndəlikləri də Azərbaycanda siyasi azadlıqların, milli azlıqların hüquqlarının tanınması, hətta onlara konstitusiyada olduğundan da yüksək səviyyədə hüquqların verilməsi kimi şərtlər daxilində E.Abdullayevə dəstək verdiklərini bəyan etmələri çox şeydən xəbər verir. Bütün bunlar isə şəxsi intriqa və iddialarının əsirinə çevrilən E.Abdullayev indi də anti-Azərbaycan siyasətində yer almağa başladığı əfsus doğurur.

AQİL

 





03.05.2013    çap et  çap et