525.Az

Atatürkün kitabxana müdirinin oğlu: “Gəncədə ən çox mənim çıxışımı alqışladılar”


 

Atatürkün kitabxana müdirinin oğlu: “Gəncədə ən çox mənim çıxışımı alqışladılar” <b style="color:red"></b> 12 il Çankaya iqamətgahındakı kitabxananın müdiri olmuş Nuri Ulusunun oğlu, Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti, tədqiqatçı-yazar Mustafa Kamal Ulusunun müsahibəsi
 
- Atatürklə bağlı kitabınızın təqdimatı gur keçir. Bu kitabı nə vaxt yazdınız? Azərbaycan oxucusu üçün ətraflı məlumat verməyinizi xahiş edirəm.
 
- “Atatürkün yanı başında” adlı xatirələr kitabımı ilk dəfə 2008-ci ildə nəşr etdirdim. “Doğan” nəşriyyat ilə 5 illik sazişim 2013-cü ildə bitdi. Orada kitabım 16 dəfə çap edildi. Daha sonra çap haqqını aldım, kitabın üzərində 2,5 il işlədim, xeyli yeni sənəd və foto əldə etdim. İndi kitabın redaktoru Aslıhan xanımla işləyirik. Əlinizdə tutduğunuz bu kitab o qədər zəhmətdən sonra çıxdı, ondan sonra 3 dəfə də çap edildi, ümumilikdə kitabım 20 dəfə çap edilib. Bu nəşr də bitmək üzrədir, 21-ci  nəşri çapa hazırlayırıq.
 
- Kitabı yenə Doğan nəşriyyatından çıxaracaqsınız, yoxsa?
 

- Yox, özüm çap etdirəcəyəm. “Yazar evi” nəşriyyatımı qurmuşam, həm öz kitablarımı, həm də başqa kitabları çap edirəm. Bundan sonra mənim bir neçə kitabım çıxacaq. Onlardan biri Atatürkə aid olacaq, hətta adını indidən deyə bilərəm: “İki Mustafa Kamal vardı”. Futbol həyatıma aid başqa bir kitabımı  çapa hazırlayıram, mən 34-cü dönəmdə Türkiyə Futbol Federasiyasının prezidenti olmuşam, o kitabımın adı “Özal, futbol və mən” olacaq. Bu kitabda bu günə qədər Atatürkün heç kim tərəfindən bilinməyən xüsusiyyətlərini yazmışam. Daha doğrusu, mükəmməl bir insan olan Atatürkü xalqa tanıtmağa çalışmışam. Köşə yazarımız Hıncal Uluç bu kitab barədə yarım səhifə məqalə yazdı, adı da çox xoşuma gəldi: ”Gerçək Atatürkü tanımaq istərdinizmi?” Bu kitabda Atatürkün həyatının ən xırda təfərrüatları var. Burada geniş məlumat vermək istəmirəm, oxucular kitabı alıb oxusunlar. (Gülür.) Atam Nuri Ulusu 12 il boyunca Atatürkə ən yaxın olan adamlardan biriydi.
 
- Atanızın Çankaya iqamətgahında vəzifəsi nə idi?
 
- Atam Çankayadakı kitabxananın müdiri və Atatürkün köməkçisinin müavini idi. Atatürkün bütün səyahətlərində atam onun yanında olub. Səbəbi bu idi ki, Atatürk hara getsə, oxumaq üçün özü ilə xeyli kitab aparırdı. Atatürk hərbi manevrləri izləmək üçün ölkənin harasına getsə, atam da onunla gedib. Kitabda Atatürkün son nəfəsini verəndə belə atamın onun yanında olduğunu göstərən fotonu görəcəksiniz. Kitabın ilk nəşrlərində o foto yoxdur, sonradan bir kolleksiyaçı mənə verdi, pulunu da almadı. Hətta atamda da o foto olmayıb. Bizdə çox foto vardı, atam onların çoxunu jurnalistlərə verdi, ancaq heç kim geri qaytarmadı. Bunu üzülərək deyirəm. Mən Atatürkün vəfatından 2 il sonra dünyaya gəlmişəm. Atam danışardı ki, hüznlü günlərin birində Atatürk atama deyib ki, Nuri, oğlum, nə xoşbəxtsən ki, ailən var, 2 qızın var. Ancaq bilirəm ki, oğlunun da olmasını istəyirsən, Allah qismət etsə, onun adını Mustafa Kamal  qoyacağam, ömrüm vəfa etməsə, sən oğlunun adını Mustafa Kamal qoyarsan. Mənim babam 1919-cu ilə Mustafa Kamalı İstanbuldan Samsuna aparan gəminin kapitanlarından biri olub, 3 gecə onunla eyni kamerada olub. Soyadı qanunu qəbul ediləndə Atatürk atama deyib ki, Hacı Tofiq necədir? Hacı soyadını nə qoydu? Atam deyib ki, hələ soyadı götürməyib, gözləyir. Atatürk deyib ki, babanın o vaxtkı qəhrəmanlığına görə sizə Ulusu soyadı düşür.
 
- Atatürk vəfat edən kimi Dolmabahçe sarayındakı türk bayrağını prezident aparatının baş katibi Hasan Rıza Soyakın təlimatıyla atanız yarıya endirib, fotosunu görürük. Atatürkün vəfatından sonra atanız Çankayadakı işinə davam etdimi?
 
- Atam daima üzülərək deyərdi ki, Atatürk vəfat edən kimi iqamətgahdakı bütün əməkdaşlar işdən çıxarıldı. Bir nəfəri də saxlamayıblar.
 
- Bunun əmrini İsmət paşa vermişdi?
 
- Bəli, İsmət paşa vermişdi. Atamı Ankara Polis İdarəsinin Kollecinə işə göndəriblər, oranın kitabxanasında işləyib. 1940-cı ilə qədər atam orada işləyib, həmin il mən anadan olmuşam, atamı İstanbula işləməyə göndəriblər. 1954-cü ilə qədər İstanbul baş polis idarəsində işlədi, sonra pensiyaya çıxdı. Bostancıda baqqal dükanı açdı, 10 il birgə işlədik. Sonra mən öz işimi qurdum, atamla uzun müddət birgə yaşadıq. 1976-cı ildə TRT atamdan geniş müsahibə aldı, oradan bəzi hissələri götürərək hazırladığımız videonu sizə verirəm. Atam 29 oktyabr və ya 10 noyabrda ölməyi arzu edirdi, 29 oktyabr 1979-da vəfat etdi. May ayında çox ağır xəstəliyə düçar oldu, ancaq 29 oktyabra qədər müqavimət göstərdi, 29 oktyabrda gecə tarixi soruşdu və həyata gözlərini yumdu. Atam həyatda ikən onun xatirələrini birlikdə yazdıq.
 
- Atatürkün baş yavəri Kılıç Alinin oğlu Altemur abi deyərdi ki, hər il 10 noyabrda atam qara kostyumunu geyər, axşama qədər düşüncələrə dalıb heç kimlə bir kəlmə də kəsməzdi. Atatürkün ölüm günündə atanız nə edərdi?
 
- Çox gözəl sualdır, təşəkkür edirəm. Atam 29 oktyabrda  və 10 noyabrda qətiyyən radionu açmazdı. Ağlayardı, 10 noyabrda daima gözündən yaş axardı. Bir neçə dəfə Anıtkabirə getdik. Ondan əvvəl Atatürkün meyitinin Etnoqrafiya Muzeyində olmasına atam çox üzülərdi. Çünki Atatürk də o binanı bəyənmirmiş. Daha sonra Anıtkabir tikildi, oraya ziyarətə gedəndə atam köhnə arkadaşlarını da görərdi. Dolmabahçe sarayına çox gedərdi...
 
- 1933-cü ildəki nitqində Atatürk demişdi ki, bu gün Sovet İttifaqı dostumuz, müttəfiqmizdir, ancaq sabah nə olacağı bəlli deyil. Bütün imperiyalar kimi, biz  də sovetlərin dağılmasına hazır olmalı və oradakı soydaşlarımızla yaxın əlaqələr qurmalıyıq. Bayaq Azərbaycana gedib, çıxış etdiyinizi dediniz. Nə vaxt olmuşdu?
 
- Dediyiniz kimi, o vaxt Atatürk böyük ustalıqla Rusiya ilə münasibətlərini yaxşı saxlamışdı. Allah razı olsun, Azərbaycan dövləti mərhum Əliyevin təlimatıyla beynəlxalq Atatürk konfransları keçirir. Gəncədəki konfransa məni də dəvət etmişdilər, dünyanın hər yerindən mühüm mütəxəssislər gəlmişdi. Çox gözəl keçdi. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, ən çox alqışı mənim çıxışım aldı. 500 nəfər ayağa qalxaraq Harbiye marşını, 10-cu yıl marşını birlikdə oxudu. Gəncə şəhərindən çox gözəl duyğularla ayrıldıq. İnşallah, 2 il sonrakı konfransa dəvət etsələr, yenə sevə-sevə gedəcəyik.
 
- Atatürk 23 aprel gününü uşaqlara hədiyyə verib, onlar burda bayram edirlər. Atatürkçü Koç ailəsinin Sənaye Muzeyində sizin kitab imzalamağınızın da simvolik önəmi var. Bu barədə nə demək istərdiniz?
 

- Kitabın ilk nəşrinin təqdimatı da burada olmuşdu, imza üçün kitab qalmamışdı. Rahmi abiylə mənim çox dərin səmimiyyətim var. Həm Atatürkçü, həm də hərarətli “Beşiktaş” azarkeşi olduğuna görə. (Gülür.) Rahmi abimiz “Beşiktaş” klubuna hələ də çox dəstək verməyə davam edir. Rahmi abimin qurduğu Sənaye Muzeyinin müdiri Ertuğrul bəy və müavini Ali bəy çox dəyərli insanlardır. Uşaqların bu gün burada keçirdiyi bayram onlar üçün unudulmazdır. Bu gün sizi də burada görmək məni çox məmnun etdi. Agentliyiniz vasitəsilə Azərbaycandakı bütün qardaş-bacılarıma salam və sevgi göndərirəm.

APA
 





27.04.2017    çap et  çap et