525.Az

Avropanın iki ölkəsinin səfiri Gəncədə


 

AVSTRİYA VƏ BELÇİKANIN SƏNAYE VƏ KƏND TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİ İLƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNDİRİLƏCƏK

Avropanın iki ölkəsinin səfiri Gəncədə <b style="color:red"></b>

Gəncəyə işgüzar səfərə gələn Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex şəhər rəhbərliyi ilə görüşüb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Nizami yurdu Gəncədə görməkdən məmnun olduğunu bildirib. Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Səfir xüsusi vurğulayıb ki, Avstriya-Azərbaycan iki tərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Səfir bildirib ki, Gəncəyə səfərinin bir neçə məqsədi var və bunlardan ən başlıcası Gəncə şəhərində Avstriyanın fəxri konsulluğunun açılmasıdır. O qeyd edib ki, fəxri konsulluğun yaradılması təmsil etdiyi ölkə üçün çox önəmli olardı: əlaqələrin asanlaşdırılmasında, möhkəmlənməsi və genişlənməsində, Azərbaycanda yaşayan avstriyalıların müxtəlif problemlərinin həlli işində konsulluğun yaradılması faydalıdır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin xüsusi önəmini qeyd edən Aksel Vex bildirib ki, Avstriyanın Xarici İşlər Nazirliyi tərəfindən də fəxri konsulluğun yaradılması məsələsi gündəmdədir.

Səfir bildirib ki, Gəncə şəhərinə səfərinin digər məqsədi isə iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyri neft sektorunun inkişafı ilə bağlı tapşırıq və göstərişinə uyğun olaraq, Avstriya höküməti Gəncədə aqrar sahənin inkişafına maraq göstərdiyini və bu yöndə ölkəsi tərəfindən kompleks tədbirlərin nəzərdə tutulduğunu bildirən  səfir vurğulayıb ki,  konkret işlər kimi, Gəncə şəhərinin aqrar təsərrüfatlarına cins mal-qaranın gətirilməsi, yemlənməsi və saxlanması, ət kəsimi sahəsində əməkdaşlıq mümkündür.

Sənaye sahəsindəki əlaqələrə də toxunan Avstriya səfiri qeyd edib ki, Gəncədə yerləşən  DET-AL Alümuminum zavodu ilə tanışlıq, birgə gələcək əməkdaşlığı gözdən keçirmək  və bu sahədə təcrübə mübadiləsinin aparılması səfərin məqsədinə daxildir.

Aksel Vex həmçinin, Gəncə  ilə Vyananın şəhərsalma sahəsində əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər ərazisində böyük Aqroparkın inşa olunması haqqında da qonağa məlumat verib. O bildirib ki, kompleksdə 5 min baş heyvanın saxlanması üçün lazımi şərait yaradılır; burada kərə yağın, süd və süd məhsüullarının istehsalı məqsədi ilə kombinatın tikintisi də nəzərdə tutulub.

Elmar Vəliyev həmçinin, Gəncə şəhərində kiçik həcimli təyyarələrin təmiri olunması ilə bağlı Avstriya höküməti ilə razılıq əldə olunmasını da xatırladıb.Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib.

Gəncə şəhər rəhbəri Belçika Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri  Bert Skufsu da qəbul edib. Qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında məlumat verilib. Səfirə Gəncədəki  Avtomobil , Alüminium, Şərab zavodları, tikinti materialları istehsalı və digər sahələr üzrə çalışan və inşa edilən müəssisələr haqda məlumat verən Elmar Vəliyev Belçika ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı fonunda iki ölkənin istehsalçı və mütəxəssislərinin əlaqələrinin perspektivli olduğunu vurğulayıb.

Belçika Krallığının Azərbaycandakı səfiri Bert Skufs qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Səfir xüsusi vurğulayıb ki, Belçika-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Zakir MURADOV
Gəncə

 





27.04.2017    çap et  çap et