525.Az

Müsəlman dövlətlərinə qarşı ikili standartlar siyasətinin növbəti dalğası


 

"AZƏRBAYCAN AVROPA TƏSİSATLARININ ÖLKƏMİZƏ VƏ QARDAŞ TÜRKİYƏYƏ QARŞI ƏDALƏTSİZ MÖVQEYİNİ, MÜSƏLMAN DÖVLƏTLƏRİNİ HƏDƏFƏ ALMAQ SƏYLƏRİNİ HEÇ VAXT QƏBUL ETMƏYƏCƏK"

Müsəlman dövlətlərinə qarşı ikili standartlar siyasətinin növbəti dalğası<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat ətrafında müzakirələr aparılıb.

Türkiyədəki Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin qərəzli şəkildə hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu. Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də çıxış edərək qərarın qərəzli, AŞPA-nın təsisçilərindən biri olan Türkiyəyə qarşı ədalətsiz yanaşma olduğunu qeyd edərək, öz etirazlarını bildiriblər. Lakin qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib.

Həm Türkiyə, həm də Azərbaycanın siyasi dairələrində böyük narazılıqla qarşılanan qərar ümumilikdə, Qərb-xristian dünyasının Türk-müsəlman aləminə qarşı bəslədiyi kin, nifrət və qərəzi özündə ehtiva edir. Təcrübə sübut edir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Azərbaycanla əlaqədar də baş verən oxşar hadisələr, qərəzli yanaşma tərzi AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Əks halda, qurum Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaz, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyinə dəstək olar, problemin qısa vaxt ərzində həlli üçün rəsmi İrəvana təzyiq edərdi.

Bunun əksinə olaraq, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib.

Eyni zamanda, Türkiyəyə qarşı nümayiş etdirilən mövqe, qardaş ölkədə baş verən referenduma mane olmaq cəhdləri, daxili və xarici təhdidlər, beynəlxalq terrorla mübarizədə Ankaranı kürəyindən bıçaqlayıb PKK-ya dəstək olmaqla Qərb ittifaqı əsl niyyətini, siyasi ambissiyalarını ortaya qoyub. Bu mənada, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?! Ona görə də, Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.

Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir.  O, "milli.az"a bildirib ki, zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar əslində, imperializmin maraqlarına xidmət edir: "Mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu tip qurumlara cəlb edilir və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq üçün, yəni dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır".

H.Babaoğlu hesab edir ki, bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir: "Əgər konkret ifadə etməyə çalışsaq, Avropa Birliyinin bütün struktur vahidləri, o cümlədən, AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlara, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir. Yaxın Şərqdə başlatdığı idarə olunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışır. Bu hibrid müharibə növü Qərb İmperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Bu müharibə idarə olunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri il qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir. Ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna  çevirməyə hesablanmışdı. Ancaq Türk xalqı Qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir".

Politoloq qeyd edib ki, belə şantajlara zaman-zaman Azərbaycan da məruz qalıb: "Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan çox azərbaycanlının hüquqlarının bərpasını gözardı etmək idi. Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamafob fəlsəfə ilə  idarə olunur və müsəlman Şərqində apardıqları müharibə də onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə sonlanmasına isə başlıca maneə Türkiyədir. Bax, məsələnin kökündə bu dayanır".

Deputatın qənaətincə, Qərb imperializminin hücumları bundan sonra da davam edəcək: "Çox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və çox ayıq olmalıyıq. Yeni birliklər inşa etməliyik. Türk Parlament Assambleyası, Türk Şurası kimi təşkilatlanmalarımızı gücləndirməli və birgə addımlar atmağı bacarmalıyıq. Bunu dəstəkləyən güclü iqtisadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə Qərb imperializminin müharibə maşını  bundan sonra da bir çox xalqların milli dövlətlərini əllərindən almaqda davam edəcək".

Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə hesab edir ki, AŞPA-nın Türkiyə ilə bağlı qərarı bu ölkəyə qarşı aparılan kampaniyanın növbəti mərhələsidir. O, "Trend"ə bildirib ki,  1963-cü ildən Türkiyənin müraciətinə baxmayaraq, ölkə Avropa Birliyinə qəbul edilmir: "Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsini Avropa dəstəkləmir. Ötən il Almaniya parlamenti uydurma "erməni soyqırımı"nı tanıyaraq, Türkiyəyə qarşı böyük bir haqsızlıq etdi. Bir müddət əvvəl türkiyəli nazirlərin Avropaya buraxılmaması, aprelin 25-də isə AŞPA-nın Türkiyəni post-monitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması Avropa Şurasının özünün öz nizamnaməsini ciddi surətdə pozması deməkdir".

Deputat qeyd edib ki, Türkiyə sıradan bir ölkə deyil: "Türkiyə dünyanın və regionun nüfuzlu ölkələrindən biridir. Qardaş ölkə dünyanın stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verir. Türkiyə həm də Avropa Şurasının siyasi xəttini müəyyənləşdirən ölkələrdən biridir və bu ölkənin nümayəndəsi vaxtilə AŞPA-nın prezidenti olub. Türkiyənin müstəqil daxili və xarici siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Türkiyəni zəif, iradəsiz, ən əsası isə Qərb dairələrinin maraqlarına uyğun siyasət aparan bir dövlət kimi görmək istəyirlər".

A.Mirzəzadə əlavə edib ki, AŞPA-nın bu qərarı Avropa təşkilatlarının ikili standartlarından xəbər verir: "Ermənistanda seçkilər ciddi qanun pozuntuları ilə keçirilir, AŞPA bu məsələyə münasibət bildirmir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq qonşu Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayır, ancaq AŞPA Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoyur".

Deputat vurğulayıb ki, anti-türk kampaniyası çox əcaib bir xarakter alıb:

"Bu heç də Avropaya başucalığı gətirmir. Bu, Avropaya yeni düşüncə gətirilməsinin vacibliyini vurğulayır. Avropa özünün elan etdiyi və dünyaya nümunə göstərdiyi demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə qayıtmalıdır, ədalətsizliyi və ikili standartları fəaliyyətindən kənarlaşdırmalıdır".

Siyasi elmlər doktoru Elçin Əhmədov AZƏRTAC-a bildirib ki, AŞPA-nın qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı subyektivdir, qərəzli xarakter daşıyır: "Ümumiyyətlə, son vaxtlar bəzi dairələrin, xüsusilə Avropa təsisatlarının sifariş xarakterli sənədlər qəbul etməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən, Avropa Şurasında ikili standartların və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü göstərir. Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır. Müasir dövrdə beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, islamofobiya Qərbdə sanki həyat tərzinə çevrilməkdədir. Avropa ölkələrində İslam dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun bariz nümunəsidir. Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta fiziki zorakılıqlarla qarşılaşırlar. Bəs insan haqlarının qorunması istiqamətində "fəaliyyət göstərən" Avropa təşkilatları hara baxırlar? Əsas fəaliyyətlərini insan hüquq və azadlıqlarının qorunması üzərində quran bir sıra beynəlxalq təşkilatlar Qərb dövlətlərində baş verən hadisələrin üzərindən niyə sükutla keçirlər? Bunun əsas səbəbi həmin təşkilatların maliyyələşdirilməsinin elə Qərb dövlətləri tərəfindən həyata keçirilməsidir. Hazırda beynəlxalq ictimaiyyətə də bəllidir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Bu dövlətlərdə etnik və dini ayrı-seçkilik o həddə çatıb ki, qaradərili insanlar və müsəlmanlar ictimaiyyətin gözləri qarşısında məhv edilir. Amma bir qədər əvvəl Türkiyənin Rotterdamdakı konsulluğunun ətrafına toplaşmış dinc insanlara qarşı atlı və itli polislərdən istifadə edilməsi heyrət doğurmuşdu. Həmin hadisə vaxtı xəsarət alanlar oldu, üstəlik, 15 nəfər həbs edildi. Bəs onda Avropa Şurası hara baxırdı? Bütün bunlar Avropada demokratik dəyərlərin ancaq kağız üzərində olmasının əyani təsdiqidir".

E.Əhmədov qeyd edib ki, son illərdə Qərbdəki bəzi qurumların qondarma "erməni soyqırımı" haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, antiazərbaycan və antitürk meyillərin güclənməsinin açıq-aşkar təzahürüdür: "Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Müasir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünyada nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Şübhəsiz ki, Azərbaycanın hazırda dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması bu gün anti-müsəlman ovqatının hökm sürdüyü Avropada, Qərbdə bəzi qüvvələri heç də razı salmır. Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikilistandartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşir.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynadığını və böyük rəğbət qazandığını bildirən Prezident İlham Əliyev bizim haraya və necə inteqrasiya etməli olduğumuza diqqət çəkərək deyib: "...Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! Müsəlmanlara "stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik". Əlbəttə ki, qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu sənəd Avropa Şurasının birinci belə subyektiv, antiislam, antitürk mahiyyəti kəsb edən son qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür ədalətsiz qərarların şahidi olacağıq. Halbuki, həm Azərbaycan, həm də Türkiyə antiqərb mövqeyində deyil və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Amma təəssüf ki, son zamanlar Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə, Avropaya nə verəcəyini tarix özü göstərəcək".

Siyasi elmlər doktoru hesab edir ki, Türkiyə ilə bağlı məlum qərar AŞPA-da islamofob meyillərin gücləndiyini və müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir: "Amma Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman dövlətlərini hədəfə almaq səylərini heç vaxt qəbul etməyəcək".

Ceyhun ABASOV

 





27.04.2017    çap et  çap et