525.Az

Bakıda Azərbaycan-İtaliya Dialoq Forumu


 

Bakıda Azərbaycan-İtaliya Dialoq Forumu <b style="color:red"></b> ADA Universiyetində İtaliya-Azərbaycan Dialoq Forumu keçirilib.
 
APA-nın məlumatına görə, iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbirdə universitetin tələbə-professor heyəti, iki ölkənin ali təhsil ocaqlarının nümayəndələri, millət vəkilləri iştirak edib.
 
Azərbaycanda diplomatik fəaliyyəti zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyən İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillo nəzərə çatdırıb ki, iki ölkə və xalq arasında münasibətlər qədim köklərə malikdir. İtaliyalı səyyahların müxtəlif dövrlərdə Azərbaycana səfərləri nəticəsində Avropada Azərbaycan barədə təəssürat yaratdıqlarını söyləyən səfir, bununla belə, hazırda Avropada Azərbaycana mənfi münasibət sərgiləyən dairələrin olduğunu da söyləyib. O, son 25 il ərzində azərbaycanlı gənclərin Avropa düşüncəli insanlara çevrildiyini, bunun vətəndaş cəmiyyətinin təkmilləşməsində önəmli rol oynayacağını vurğulayıb.
 
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olduğunu, Cənub Qafqaz ölkələri arasında ilk səfirliyini məhz Azərbaycanda açdığını diqqətə çatdırıb. İtaliyanın Azərbaycanın xarici siyasətində mühüm yer tutduğunu bildirən millət vəkili İtaliyanın Avropada Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edib. O, birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyada realllaşdırdığı mədəniyyət tədbirlərinin bu ölkədə Azərbaycanın daha yaxş tanınmasına kömək etdiyi deyib. İtaliyanın TAP layihəsində əsas sərmayəçilərdən biri olduğunu xatırladan A. Kərimlinin sözlərinə görə, İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövgeyini dəstəkləyir: "2009-2010-cu illərdə İtaliya Senatı və parlamentin aşağı palatası Cənubi Qafqazda vəziyyətlə əlaqədar qətnamə gəbul edib. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb. 2012-ci ildə Xocalı soyqırımı ilə bağlı qətnamə müzakirə olunmalı idi. İtaliyadakı siyasi böhran o zaman bunu etməyə imkan vermədi. Ümid edirəm ki, İtaliya parlamenti Xocalı soyqırımının tanınmasında öz sözünü hələ deyəcək".
 
İtaliya Senatının Xarici əlaqələr komitəsinin sabiq sədri Fiorello Provera bu il diplomatik münasibətlərin 25 illiyi ilə yanaşı, iki ölkə arasında dostluğun da ildönümünün qeyd olunduğunu deyib. Onun qənaətinə görə, Avropa siyasətçilərinin bir qismi Azərbaycanın uğurlarına paxıllıq edir: "İstər Avropa Parlamentində, istər digər qurumlarda Azərbaycanın nailiyyətlərinə göz yumurlar, paxılıq edirlər. Onlar Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına maneçilik törədirlər. Azərbaycanın maraqlarını dəstəkləyən lobbi yaradılmalıdır".
 
Daha sonra tədbir iki panelin işi ilə davam edib. İlk paneldə Azərbaycan və İtaliya ali təhsil müəssisələrinin nümayəndələri iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Paneldə italiyalı oxuculara Azərbaycanın tarixi, mədəniyyəti, etnoqrafiyasını kəşf etməyə yardımçı olacaq Katolika Universitetinin tədqiqatçısı Karlo Frappinin "Azerbaigian. Crocevia del Caucaso" , həmçinin Zaur Əhmədzadənin "La mia İtalia" kitablarının təqdimatı keçirilib. "Əli və Nino" əsərinin müəllifi Məhəmməd Əsəd bəyin yaradıcılığını tədqiq edən italiyalı alim Romolo Erkolino tədbir iştirakçılarına azərbaycanlı yazıçıdan bəhs edən "Essad bey, un azerbaigiano a Positano" kitabı barədə danışıb.
 
İqtisadiyyat paneli zamanı isə Azərbaycan və İtaliya şirkətlərinin nümayəndələri iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə danışıb.
 





27.04.2017    çap et  çap et