525.Az

Autizmli Uşaqların Xor və Ritm Konserti


 

Autizmli Uşaqların Xor və Ritm Konserti <b style="color:red"></b>

"Birgə və Sağlam" ictimayi birliyi, Natiq Ritm Qrupu, Paşa Bank, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi və “Lider Qadınlar" İctimai birliyinin təşkilatçılığı ilə aprel ayının 30-da saat 13:00-da Milli Muğam Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə xor və ritm konserti baş tutacaq.

"Autizm– Fərqli və Bizdən Biri" adlanan konsertdə Azərbaycanda ilk dəfə səhnəyə autizmli uşaqların xor və ritm qrupu çıxacaq.

Hər zaman böyük qayğıya ehtiyacı olan bu uşaqları səhnəyə əməkdar artist Natiq Şirinov hazırlayıb. Konserti "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin uşaqları nümayiş etdirəcək. Eyni zamanda səhnəni ölkəmizin autizmli uşaqları ilə birgə Türkiyənin İzmir şəhərinin İZOT – İzmir Otizm Orkestrasının autizm sindromlu uşaqları paylaşacaq. "Paşa Bank"ın dəstəyi ilə baş tutan tədbir həm də maarifləndirici xarakter daşıyır. Konsertin aparıcılığını bəstəkar - müğənni Murad Arif edəcək.

Qeyd edək ki, aprel ayı Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqlara "Autizm nədir?" sualı ətrafında müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası baxımından da tədbir mühüm əhəmiyyət kəsb edir. Maraqlı proqramla təqdim olunacaq konsertə əməkdar artist Tünzalə Ağayeva və "O səs Azərbaycan" komandası, bir sıra sənətçilər dəstək olacaqlar. Tünzalə Ağayeva musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısı - autizm himnini ifa edəcəklər.

 





27.04.2017    çap et  çap et