525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda daha bir görüş


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda daha bir görüş<b style="color:red"></b>

Dünən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda fondun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müasir İpək yolu layihəsi ilə əlaqədar Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə G.Əfəndiyeva Türk Şurasının nümayəndələri və media təmsilçilərindən ibarət heyətə Fondun məqsədləri, onun Türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib.

O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin hayata keçirilməsindən bəhs edib, bu layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.

Türk Dünyası Qazetəcilər Federasiyasının başqanı Dəmir Menderes, Avrasiya Qazet, Radio və Televiziya Yayıncılar Dərnəyinin başqanı İsmail Kahraman və digərləri öz növbələrində rəhbərlik etdikləri qurumların fəaliyyəti və layihələri haqqında məlumat verib, gələcəkdə Fond ilə əməkdaşlıq etmək niyyətini bildiriblər.

Görüş zamanı əməkdaşlıq çərçivəsində türk dünyası ilə bağlı layihələrin, eyni zamanda tarixi İpək Yolunun canlandırılmasına dair müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilmiş, ətraflı fikir mübadiləsi aparılıb.

 





28.04.2017    çap et  çap et