525.Az

Tütünlə mübarizəyə dair qanunvericiliyin gücləndirilməsi ilə bağlı tədbir


 

Tütünlə mübarizəyə dair qanunvericiliyin gücləndirilməsi ilə bağlı tədbir <b style="color:red"></b>

"İctimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan müvafiq qanun layihəsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Bu, əslində daim diqqət mərkəzində olan məsələdir. Çünki birbaşa insanların sağlamlığı ilə bağlı məsələdir".
 
Bunu vitse-spiker Bahar Muradova dünən Milli Məclisdə (MM) "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" mövzusunda parlamentin 5 komitəsinin birgə təşkil etdiyi dəyirmi masada çıxışı zamanı deyib.O, deyib ki, məsələnin aktuallığı və əhəmiyyətliliyi tədbirdə müvafiq dövlət qurumlarının və onların təmsilçilərinin də iştirakını zəruri və vacib etdi.

B. Muradovanın sözlərinə görə, bu baxımdan, dəyirmi masaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və sairə təmsilçiləri dəvət olunublar.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışı zamanı bildirib ki, tütündən istifadənin məhdudlaşdırılması ilə birinci oxunuşda qəbul olunan qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub.

Komitə sədri sulu qəlyanlarla bağlı məsələnin də layihədə öz əksini tapdığını bildirib: "Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır".

MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, əgər ötən əsrin 60-cı illərində ABŞ-da siqaret çəkənlərin sayı ölkə əhalisinin 52 faizini təşkil edirdisə, 2010-cu ildə bu göstərici 21 faizə enib. Eyni zamanda, Yaponiyada, digər inkişaf etmiş ölkələrdə də 60-cı illərlə müqayisədə 2010-cu ildə və sonrakı illərdə siqaret çəkənlərin faizində əhəmiyyətli azalma müşahidə olunub. Onun sözlərinə görə, bu azalma da əsasən siqaret çəkənlərin yerlərinin məhdudlaşdırılması nəticəsində mümkün olub. Komitə sədri deyib ki, dünyada tütünlə mübarizəyə qarşı hazırlanan qanunlarda birdən-birə sərt tədbirlər nəzərdə tutulmur: "Birdən-birə ciddi sərtləşdirilmiş tədbirlər həyata keçirməyin nəticəsinin olacağına inanmıram. Biz nə qədər qadağalar qoysaq da, tütündən istifadə etmənin qarşısını tam ala bilməyəcəyik. Burada siqaretin keyfiyyəti məsələsi ortaya çıxır. Dünyada siqaret istehsal edən ölkələr buna qarşı mübarizəyə aparmağa başlayanda öz məhsullarını digər ölkələrə göndərirlər. Ölkəyə gətirilən siqaretlərin keyfiyyəti də müzakirə mövzusu olmalıdır". 

MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, restoranlarda tütünçəkmə üçün açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər. M.Quliyevin sözlərinə görə, sahibkarlar belə yerlər yarada bilərlər. O, deyib ki, sahibkarların buna gücü çata bilər: "Ancaq kənd yerlərində qapalı yer necə yaradılsın? Buna oradakı insanların imkanı çatmaz. İş yerlərində isə siqaret çəkilməsi üçün qapalı yer yaratmağa nə ehtiyac var? Siqaret çəkmək üçün çölə çıxmaq olmaz? Biz bu məsələdə özümüzə problem yaradırıq və bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərin ayrılması məsələsi ilə bağlı bir daha fikirləşmək lazımdır".

"Tütün məmulatlarının (siqaretin) nümayişinin qadağan olunması ilə bağlı qəbul olunacaq qanun geriyə də şamil ediləcək". Bunu MM-in Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev  bildirib. O qeyd edib ki, bu, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin ikinci oxunuşunda edilən dəyişiklikdə əskini tapıb: "Birinci oxunuşda bunu yalnız qanun qəbul edildikdən sonra çəkiləcək video materiallarda (kino, proqram, veriliş və s.) nəzərdə tutmuşduq. Lakin sonradan edilən irad və təklifləri nəzərə alaraq, Türkiyə modelindən istifadə etməyə qərar verdik. Qanun qəbul edildikdən sonra qadağa geriyə də şamil olunacaq. Bu vaxtadək çəkilən bütün video materiallar efirə verilən zaman siqaretin nümayişi qadağan ediləcək".

Kamil HƏMZƏOĞLU

 





28.04.2017    çap et  çap et