525.Az

AŞPA anti-müsəlman qüvvələrin təsiri altındadır


 

"TÜRKİYƏYƏ QARŞI AYRI-SEÇKİLİYİN ƏSAS SƏBƏBİ SON İLLƏR AVROPADA BAŞ QALDIRAN İSLAMAFOBİYADIR"

AŞPA anti-müsəlman qüvvələrin təsiri altındadır<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin monitorinq mərhələsinə qaytarılması haqqında qərarı qurumun obyektiv fəaliyyət aparmadığını, Qərbin islamafob qüvvələrinin təsiri altında hərəkət etdiyini sübut edir.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də çıxış edərək qərarın qərəzli, AŞPA-nın təsisçilərindən biri olan Türkiyəyə qarşı ədalətsiz yanaşma olduğunu qeyd edərək, öz etirazlarını bildiriblər. Lakin qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib.

Rəsmi Ankara Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını qətiyyətlə pisləyib. Ankara bu ədalətsiz qərarı siyasiləşdirilmiş adlandırıb. Türkiyə Xarici İşləri Nazirliyi həmçinin, bu qərarın yanlış olduğunu qeyd edib.

Azərbaycanın siyasi dairələrində də böyük narazılıqla qarşılanan qərar ümumilikdə Qərbin müsəlman aləminə qarşı bəslədiyi kin, nifrət və qərəzin əyani təzahürüdür. Təcrübə sübut edir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Azərbaycanla əlaqədar baş verən oxşar hadisələr də AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Əks halda, qurum Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaz, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyinə dəstək olar, problemin qısa vaxt ərzində həlli üçün rəsmi İrəvana təzyiq edərdi.

Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Eyni zamanda, Türkiyəyə qarşı nümayiş etdirilən mövqe, qardaş ölkədə baş verən referenduma mane olmaq cəhdləri, daxili və xarici təhdidlər, beynəlxalq terrorla mübarizədə Ankaranı kürəyindən bıçaqlayıb PKK-ya dəstək olmaqla Qərb ittifaqı əsl niyyətini, siyasi ambissiyalarını ortaya qoyub. Bu mənada, islamafobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?! Ona görə də, Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.

Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Rasim Musabəyov qeyd edib ki, Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. O, AZƏRTAC-a bildirib ki, Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır: "Lakin bu gün hadisələr başqa məcrada cərəyan edir. AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub".

Türkiyənin respublika kimi 100 illiyini qeyd etməyə hazırlaşdığını diqqətə çatdıran politoloq deyib ki, ötən müddətdə böyük çətinliklərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub: "Kiminsə kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır".

R.Musabəyov bildirib ki, AŞPA-nın bu qərarı təşkilatda islamafobiya meyllərinin qalib gəldiyindən, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığından xəbər verir: "Bu qurumun monitorinqlərinin müəyyən dairələrin mənafeyinə xidmət etdiyi, müstəqil dövlətlərə təzyiq vasitəsi olduğu artıq heç kəs üçün sirr deyil".

Xaçmazdakı Heydər Əliyev adına İdeoloji Mərkəzin rəhbəri Cavad Mehmanovun fikrincə isə Türkiyəyə qarşı ayrı-seçkilik son illər Avropada baş qaldıran islamafobiyadan qaynaqlanır: "Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı məni təəccübləndirmədi. Bu, gözlənilən idi. Çünki AŞPA uzun illərdir qardaş Türkiyəni qaralayaraq, onun Avropaya yolunu kəsməklə məşğuldur. Türkiyə 54 il əvvəl Avropa İttifaqına üzvlük üçün müraciət edib. Amma hələ də onu yaxına buraxmırlar. Halbuki, Avropa İttifaqında elə dövlətlər var ki, həm inkişaf səviyyəsinə, həm də insan haqları və başqa demokratik amillərə görə, Türkiyədən çox-çox geridədir. Fikrimcə, Türkiyəyə qarşı ayrı-seçkiliyin əsas səbəbi son illər Avropada baş qaldıran islamafobiyadır. AŞPA-nın bu ədalətsiz qərarı təşkilatda islamafob meyllərin hakim mövqeyə çıxdığını bir daha göstərir".

C.Mehmanov AZƏRTAC-a bildirib ki, Avropa siyasi dairələrinin qərəzli addımı Türkiyəyə təzyiq məqsədi daşıyır: "Əslində, Avropa İttifaqının özünün gələcək taleyi sual altındadır. Böyük Britaniya Avropa İttifaqının perspektivsiz bir qurum olduğunu anlayaraq təşkilatdan çıxmaq qərarına gəldi. İndi Fransada da bu məsələ ciddi müzakirə olunur. Avropa İttifaqı bir qurum kimi effektivliyini, nüfuzunu itirməkdədir".

"Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, AŞPA-da ikili standartlar siyasəti özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bu siyasətin hədəfi olan ölkələrdən biri də Azərbaycandır. Götürək elə Dağlıq Qarabağ ətrafında cərəyan edən prosesləri. AŞPA üzvləri Azərbaycanın haqq səsini eşitmək istəmirlər. Avropa dairələrinin yürütdüyü siyasət təcavüzkar Ermənistana bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdür. Azərbaycan 16 ildir AŞPA-nın üzvüdür, ATƏT 20 ildən çoxdur ki, Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edir. Təəssüf ki, nə bu üzvlük, nə də vasitəçilik bizə zərrə qədər də fayda verməyib", - deyə o qeyd edib.

Tarixçinin fikrincə, Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməlidir. "Qərb, yoxsa region ölkələri, İslam dünyası və Şərq?" Cavad Mehmanov hesab edir ki, bu sualın aktuallığı getdikcə artır.

Deputat Elman Nəsirov da hesab edir ki, Avropa Şurası Parlament Assambleyasında Türkiyə ilə bağlı qərəzli qərar məqsədyönlü və planlı şəkildə qəbul edilib: "Məqsəd Türkiyəyə qarşı belə təzyiqləri həyata keçirməklə əslində özlərinin islamafob mahiyyətlərini ortaya qoymaq, müsəlman ölkələri ilə münasibətdə selektiv yanaşma nümayiş etdirərək bu ölkələrə dərs verməkdir".

E.Nəsirov AZƏRTAC-a bildirib ki, Türkiyə Avropa Şurasını yaradan dövlətlərdən biridir: "1949-cu ilin mayında bu təşkilatın qurucularından biri məhz Türkiyə olub. Bu qurumun əsas fəaliyyəti Avropada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bir missiyanı daşımaqdan ibarətdir. Həmin missiyanı müəyyən edən dövlətlərdən biri də Türkiyə olub, amma indi görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər. Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərar onu göstərir ki, Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində çox ciddi boşluqlar yaranıb.

Əslində AŞPA-nın antitürkiyə qərarı təkcə Türkiyənin hədəfə alınması demək deyil. Bu, eyni zamanda, Avropa Şurasının öz imicinin, nüfuzunun hədəfə alınması deməkdir. Bu, qurum daxilində islamafob, ksenafob qüvvələrin sağlam düşüncə qüvvələrini üstələməsinin göstəricisidir. Yəni bununla da AŞPA öz gələcəyini sual altına qoymuş oldu. Bu təşkilatın fəaliyyətində qanunların aliliyi prinsipi əsas prinsiplərdən biridir, amma təəssüf ki, o öz fəaliyyəti ilə qanunların aliliyinə nə qədər biganə qaldığını və bir çox hallarda onu pozduğunu özü nümayiş etdirdi. AŞPA tərkibində belə monitorinq prosedurlarının əsası 1993-cü ildə qoyulub. 1997-ci ildə isə belə monitorinqlərin aparılması ilə bağlı komissiya yaradılıb və monitorinq komitəsi adı altında sonradan fəaliyyət göstərməyə başlayıb. Türkiyəyə münasibətdə də 2004-cü ilə qədər bu monitorinq prosesləri həyata keçirilib. 13 il bundan öncə, yəni, 2004-cü ildən başlayaraq artıq Türkiyə postmonitorinq dövrünə keçib. İndiki halda yenidən Türkiyəyə qarşı bu ölkədə guya insan hüquqlarının pozulması, jurnalistlərin sıxışdırılması kimi cəfəng ittihamlar irəli sürmək bir məqsədə xidmət edir. Bu da ondan ibarətdir ki, həmin islamafob qüvvələr heç bir halda regionda Türkiyə kimi inkişaf etmiş, konkret hədəfləri olan bir müsəlman ölkəsini görmək istəmirlər. Bu, hər kəsə gün kimi aydındır".

Deputat deyib ki, eyni zamanda, çox qəribə bir prosesin də şahidi olduq: "Bu məsələ həm də onu göstərir ki, AŞPA-nın özünün gələcəyi bu gündən böyük sual altına düşüb. Biz iki gün əvvəl AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı həmin demokratiyadan uzaq, hüququn əleyhinə olan qüvvələrin davranışını gördük. Onlar ciddi-cəhdlə çalışdılar ki, AŞPA sədrinin fəaliyyətini dayandırsınlar. Bu da onu göstərdi ki, bu gün AŞPA-nın öz daxilində islahatlara ehtiyac var, əks halda, doğrudan da bu qurum ayrı-ayrı siyasi qüvvələrin digərlərinə təzyiq göstərməsi üçün bir alətə çevrilə bilər. Azərbaycan ictimaiyyəti də bu hadisələrdən çox narahat oldu. Əslində, bu bizim üçün yeni hadisə deyil. Azərbaycan da dəfələrlə AŞPA-nın qərəzli, ikili standartlardan çıxış edən davranışının şahidi olub. Xüsusilə də ölkəmiz çox mühüm beynəlxalq tədbirlərə evsahibliyi edərkən dəfələrlə AŞPA-nın belə qərəzli yanaşmaları ilə üzləşib".

Ceyhun ABASOV

 





28.04.2017    çap et  çap et