525.Az

Türk Şurası Müasir İpək yolu ortaq tur paketi təqdim edildi


 

Türk Şurası Müasir İpək yolu ortaq tur paketi təqdim edildi<b style="color:red"></b>

Dünən Türkdilli Ölkələrlə İşbirliyi Şurası (Türk Şurası) tərəfindən hazırlanan Müasir İpək Yolu Ortaq Tur Paketi Layihəsinin Azərbaycan üzrə təqdimat mərasimi keçirilib.

Mərasimdə layihəyə daxil olan Türk Şurasına üzv ölkələr - Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyənin təmsilçiləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Türk Şurasının koordinatoru Pelin Musabay turizmin ölkələrarası inkişafdakı rolundan, Müasir İpək yolu ortaq tur paketinin türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlverişli şərait yaradacağından söz açıb.

Layihə çərçivəsində Gəncə, Şəki, Qobustan, Bakı kimi böyük şəhərləri gəzdiklərini deyən P.Musabay Azərbaycanın sürətli inkişafından məmnun qaldıqlarını qeyd edib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda Turizm sektorunun müdiri Seymur Həsənov İpək yolunun əsrlər boyunca xalqlar arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını, bundan sonra bu vacib missiyanı Müasir İpək yolu ortaq tur paketinin öz üzərinə götürdüyünü deyib. "Bakı Shopping Festivalı", "IV İslam Həmrəylik Oyunları"ndan söz açan S.Həsənov Bakının böyük bir turizm mərkəzinə çevrildiyini də vurğulayıb.

Daha sonra Türkiyədən, Qırğızıstandan, Qazaxıstandan ölkəmizə qonaq gəlmiş nümayəndələr də Layihənin əhəmiyyətindən danışıblar. Azərbaycana səfərlərindən böyük məmnunluq duyduqlarını deyən qonaqlar bu layihə vasitəsilə öz ölkələri ilə Azərbaycanın mədəni, iqtisadi əlaqələrinin daha da genişlənəcəyinə inandıqlarını qeyd ediblər.

Şahanə MÜŞFİQ 

 





28.04.2017    çap et  çap et